Avropa-Türkiyə münasibətləri: risklər artır, qeyri-müəyyənlik çoxalır – Newtimes.az
Türkiyənin terrorla mübarizəsi fonunda Qərb dövlətlərinin reaksiyası düşündürücü xarakter almaqdadır. Ənənəvi müttəfiq hesab olunan bir sıra Avropa ölkələri açıqca rəsmi Ankaranı ittiham edirlər. Onlar bir tərəfdən Ankaradan terror təşkilatlarına qarşı çox sərt mövqe tutmamasını tələb edir, digər tərəfdən isə HDP-li millət vəkillərinin müdafiəsinə qalxırlar.
Bu zaman Avropanın böyük dövlətləri həmin millət vəkillərinin Türkiyə məhkəməsinə getməkdən imtina etməsinə heç reaksiya vermirlər, Türkiyənin şəhər və qəsəbələrində törədilən terrorun kökünün kəsilməsi üçün bir addım belə atmırlar. Rəsmi Ankaranın isə bu hadisələrə reaksiyası çox sərtdir. Türkiyə rəhbərliyi qətiyyətlə bəyan edir ki, terrora qarşı sona qədər özü bildiyi kimi mübarizə aparacaq və hər bir millət vəkili də hüquq qarşısında məsuliyyət daşıyır. Kənardan edilən heç bir təzyiqə Türkiyə dövlət və millət olaraq boyun əyməyəcək. Bu bəyanatların fonunda regional və qlobal miqyasda geosiyasi mənzərənin dinamikası maraq doğurur. Bununla bağlı bir sıra tezis üzərində dayanmaq faydalı olardı.
Müttəfiqlik fəlsəfəsi: Qərbin dəyişkən mövqeyi
Ankaranın terrora qarşı sərt mübarizəsinə Qərb ölkələrinin reaksiyası bir qədər müəmmalı olub. Hər halda, Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinin bununla bağlı söylədiklərinə baxdıqda, bu qənaətə gəlmək olur. Xüsusilə Almaniya, Belçika və Lüksemburqdan Türkiyə hakimiyyətinin fəaliyyətindən kəskin narazılıq ifadə olunur. Rəsmi Berlin açıq bildirib ki, Ankara "qırmızı xətti" keçir. HDP (Xalqların Demokratik Partiyası) üzvü olan millət vəkillərinin həbsə atılması bu sırada daha çox etiraza səbəb olan hadisə kimi qiymətləndirilir.
Almaniya hökuməti sadəcə sözdə etiraz etmir. O, Türkiyədə haqqında həbs qərarı çıxarılan HDP və CHP-lilərin, FETÖ-çülərin hamısına siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edib. Bu sırada "Cumhuriyet" qəzetinin keçmiş rəhbərlərindən olan Can Dündara "yaşıl pasport" verilib və hətta Almaniya Prezidenti onu qəbul edib.
Almaniya hökumətinin üzvləri bir-birinin ardınca Ankaraya qarşı ittihamlar irəli sürməkdə davam edirlər. Onlar iqtisadi sanksiyalar, Aİ-dəki müzakirələr kontekstində belə kəskin ifadələr işlətməkdən çəkinmirlər. Belçika və Lüksemburq siyasi dairələri də analoji mövqedədirlər. Fransa və Böyük Britaniyanın mövqeyində də Türkiyəni qınama tonu mövcuddur.
Avropa bunlarla kifayətlənməyərək daha qabağa gedib. Aİ-yə üzv olan bəzi ölkələrin Türkiyədəki səfirləri HDP-nin qrup iclasına qatılıb, bununla da həmin partiyaya tam dəstək verdiklərini ifadə ediblər. Rəsmi Ankaranın isə bu olaya münasibəti çox sərt olub. Ədliyyə naziri Bəkir Bozdağ xarici diplomatların bu hərəkətini Türkiyə dövlətinə və onun məhkəməsinə "hörmətsizlik" kimi qiymətləndirib (bax: HDP grubuna katılan büyükelçilere Bekir Bozdağ'dan tepki / "Habertürk", 9 noyabr 2016).
Türkiyəli nazir daha açıq danışaraq, Avropa ölkələrinin bəzilərinin terrorçuların yanında yer aldığını deyib. Onun fikrincə, məsələnin daha qlobal geosiyasi çaları var – dünyada bir sıra dairələr Türkiyəyə qarşı gizli planlar qurublar və onu zəiflətmək, mümkün olsa, parçalamaq arzusundadırlar. B.Bozdağ bununla bağlı deyib: "Bu, beynəlxalq bir plandır... Türkiyəni sıxışdırmaq, çətinə salmaq üçün başladılan əməliyyatdır" (bax: əvvəlki mənbəyə). Onun qənaətinə görə, PKK, İŞİD və FETÖ qruplaşmaları həmin planın ayrı-ayrı fraqmentləridir. Onların hamısının məqsədi isə eynidir – Türkiyəni növbəti dəfə mürəkkəb vəziyyətə sürükləyib, onun inkişafına əngəl olmaq.
Bunlar indi Türkiyədə baş verənlərin daha geniş faktorlara bağlı olması nəticəsini çıxarmağa əsas verir. Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə dəfələrlə konkret fikir bildirib. Onun 16-cı MÜSİAD EXPO və 20-ci Beynəlxalq İŞ Forumu Konqresindəki nitqi də bu aspektdə kifayət qədər konkret tezislərlə zəngindir (bax: Cumhurbaşkanı'ndan Trump'ın seçim zaferiyle ilgili ilk açıklama! / "Habertürk", 9 noyabr 2016).
Ekspertlər həmin çıxışı Avropaya "meydandayıq, gəlin" ("hodri meydan") çağırışı kimi qiymətləndirirlər. Çünki Türkiyə rəhbəri faktiki olaraq açıq şəkildə özlərini müttəfiq kimi qələmə verən Avropa ölkələrinin Türkiyəyə düşmən mövqe tutduğunu ifadə edib (bax: əvvəlki mənbəyə). R.T.Ərdoğan Avropanın böyük dövlətlərinin rəhbərlərinin terrorçulara qucaq açdığını söyləyib. O, "onlara qarşı eyni hərəkəti Türkiyə etsəydi, reaksiyaları necə olardı?" sualını verir. Cavab olaraq da bildirir ki, avropalı siyasətçilər ikiüzlü, yəni ikili standartlar siyasəti aparır, özlərinə sərf edəndə terrordan danışır, başqa halda isə birbaşa terrorçulara dəstək verirlər.
Yeni geosiyasi əməkdaşlıq formatı: ikili standartlardan kənar model?
Türkiyə Prezidenti bu cür mövqe tutmağın arxasında çox ciddi geosiyasi məqsədlər olduğunu da açıqca bəyan edib. Onun fikrincə, Yaxın Şərqin geosiyasi mənzərəsinin yenidən formalaşdırılması prosesi gedir. Çünki 2023-cü ildə yüz il əvvəl Qərbin planına uyğun yaradılan geosiyasi mənzərəni hüquqi təsbit edən bir sıra müqavilələrin müddəti bitir. Yenidən analoji sazişlər imzalanmalıdır. Görünür, başda ABŞ olmaqla Qərb dövlətləri XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrdə də həmin regionda və bütövlükdə dünyada hegemonluğu saxlamaqda israrlıdır.
Bunun üçün də regionlardakı böyük dövlətlərin maraqlarının üstündən xətt çəkmək gərəkdir. Yaxın Şərqdə bunlar Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanıdır. Bütövlükdə Avrasiya məkanında isə Rusiya və Çin də daxil olmaqla daha çox sayda dövlətin maraqlarının təmin edilməsi önünə sədd çəkməyə çalışırlar. Bir sıra analitiklər dünyanın müxtəlif regionlarında müşahidə edilən ixtilafların əsl səbəbini Qərbin həmin planları ilə əlaqələndirirlər. Rəcəb Tayyib Ərdoğanın da açıq surətdə bu barədə fikir bildirməsi ciddi arqumentlərdən biridir.
Deməli, Yaxın Şərqdəki, o cümlədən Türkiyədəki terror hadisələrinə, yuxarıda vurğulanan qlobal geosiyasi proseslər prizmasından baxdıqda, daha mürəkkəb bir mənzərə göz önünə gəlir. Rəsmi Ankaranın apardığı mübarizənin yalnız Türkiyənin dövlət sərhədləri ilə məhdudlaşmadığını görmək mümkün olur. Bu aspektdə Rusiya rəhbərliyinin Ankaraya strateji tərəfdaşlıq təklif etməsi olduqca maraqlıdır. Onu vurğulayaq ki, Avropa ölkələrinin səfirləri HDP-nin qrup toplantısında iştirak edəndə Vladimir Putinin şəxsi nümayəndəsi Aleksandr Dugin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasına qatılmışdı. Avropalı siyasətçilər rəsmi Ankaranın əleyhinə olan mövqe tutarkən, A.Dugin əməkdaşlıq və dostluq haqqında söhbət açırdı. Ekspertlər bu olayları maraqlı hesab edir və regionun gələcək siyasi taleyinə ciddi təsiri ola biləcək proseslərin başlaması ehtimalının olduğunu vurğulayırlar.
Bunlarla yanaşı, rəsmi Ankara Avropadan qətiyyən çəkinmir. R.T.Ərdoğan bəyan edib ki, Avropa əlindən nə gəlirsə, etsin. Müzakirələri dayandırmaq istəyirsə, bu gündən dayandırsın. Hətta o, istehza ilə deyib ki, "niyə gecikirsiniz, dayandırın!" (bax: əvvəlki mənbəyə). Ekspertlərin fikirlərinə görə, bu cür qətiyyətli mövqenin arxasında Türkiyənin davamlı inkişafı durur. Bundan başqa, Ankara digər böyük güclərlə əməkdaşlıq etmək şansına malikdir. Bu qisimdə Rusiya ilə yanaşı, Çin, İran və Braziliyanı, Afrika ölkələrini də göstərmək olar. Faktiki olaraq Türkiyə dünyanın hər regionu ilə əməkdaşlıq etmək imkanına malik olduğunu nümayiş etdirir.
Yuxarıda vurğulanan məqamların işığında bizim üçün vacib olan bir incəliyi də unutmaq olmaz. Məsələ burasındadır ki, Azərbaycanın Qərbə inteqrasiyasından dəm vuran bir sıra dairələrə Prezident İlham Əliyevin ibrətverici iradı çox yerində olub. Ölkə başçısı islamofobiyaya düçar olmuş, insan haqlarını daim pozan, müsəlmanlara qarşı qərəzli mövqe tutan Avropaya inteqrasiyadan danışmağın yersiz olduğunu ifadə edib. Uzun illərdir ki, Ermənistanın təcavüzkarlığına min cür hiylə və bəhanə ilə dəstək verən Qərblə hansı ümidlə bir yerdə olmaq mümkündür? Dövlət başçısı onu da xüsusi qeyd edib ki, təbii ki, Aİ ilə əməkdaşlığı inkişaf etdirmək zəruridir. Lakin bu, hansısa siyasi və ya başqa asılılığa qətiyyən aparıb çıxarmamalıdır. Türkiyə və Rusiya nümunələri göz önündədir. Onlar kimi böyük dövlətlərə qarşı belə, dağıdıcı planlar qurur, müxtəlif xarakterli zərbələr vurmağa çalışırlar.
Beləliklə, Türkiyə-Avropa münasibətlərinin böhran həddinə yaxınlaşdığı qənaətinə gəlmək olar. Hadisələrin bundan sonrakı gedişini proqnozlaşdırmaq çox çətin olacaq. Çünki tərəflərdən heç biri mövqeyindən çəkilmək fikrində deyil. Əslində, Türkiyənin başqa yolu yoxdur. O, terrorun kökünü kəsməsə, sabitliyə nail ola bilməyəcək. Qalır, Qərbin terrora dəstək verməkdən imtina etməsi. Buna da nə Vaşinqton, nə də Brüsselin hazır olduğu görünmür. Mümkündür ki, Türkiyə-Rusiya müttəfiqliyi yeni səviyyəyə qalxsın və geosiyasi mübarizə daha kəskin xarakter alsın. Bunlar Cənubi Qafqazın da geosiyasi risk altında olduğu qənaətini yaradır. Region qeyri-müəyyənliyə doğru bir addım da yaxınlaşmış kimi görünür.
Newtimes.az