İlham Əliyev Bolqarıstan və Moldovanın yeni seçilmiş prezidentlərini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş prezidenti Rumen Radevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Radev,
Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan və Bolqarıstan arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına töhfə verəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş prezidenti İqor Dodonı da təbrik edib:
“Hörmətli cənab Dodon,
Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişaf etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
1news.az