Nəriman Axundzadə: "Ərzurumspor"da daha çox forma şansı qazanacağıma inanıram"

Azərbaycan millisinin və Türkiyə təmsilçisi "Ərzurumspor"un futbolçusu Nəriman Axundzadə Superliqa klubunda daha çox şans qazanacağına inanır.
1news.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 22 yaşlı hücumçu bildirib.
O, komandasının heyətində meydana az çıxmasından danışıb:
"Açığı, oyunumla bağlı çox danışmaq istəmirəm. Cari mövsümün sonuna qədər "Ərzurumspor"la müqaviləm var. Burada hər şey mənim üçün yaxşıdır. Zamanla komandada şans qazanacağam. Çünki məşqçilər mütəmadi olaraq mənimlə maraqlanırlar. Yəni heyətə düşəcəyimə inanıram. Fikrimi Türkiyəyə yönəltmişəm ki, komandama xeyir verim".
N.Axundzadə müqavilə ilə məxsus olduğu ABŞ-nin "Kolambus Kryu" komandasına qayıdıb-qayıtmayacağının hələlik bəlli olmadığını söyləyib:
"Doğrusu, "Kolambus Kryu"ya qayıdıb-qayıtmayacağım bilinmir. Hazırda 1 illik icarədəyəm. Hər şeyi zaman göstərəcək".
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevralında "Qarabağ"dan ABŞ-nin "Kolambus Kryu" klubuna transfer olunub. O, avqustda "Ərzurumspor"a icarəyə verilib.









