“Yeni İpək Yolu”: Çinin uğurları və Ermənistanın təcrid olması fonunda – Newtimes.az
Bir sıra böyük dövlətlərin başı Yaxın Şərqdə müharibəyə qarışdığı bir zamanda rəsmi Pekin perspektivli "Yeni İpək Yolu" layihəsini inkişaf etdirməkdədir. Son illər Çinin həmin layihə çərçivəsində yatırdığı sərmayənin həcmi 1 trilyon ABŞ dollarını keçib. Sentyabrın 26-da Çinin Sian şəhərində təşkil edilən beynəlxalq seminarda çıxış edənlər həmin məqamı xüsusi vurğulayıblar.
Dünyanın müxtəlif ölkələrindən tədbirdə iştirak edən mütəxəssislər Pekinin strateji məqsədlərini də analiz ediblər. Hazırlanan yekun sənəddə bu strategiyanın bir neçə istiqaməti vurğulanıb. "Yeni İpək Yolu" ilə bağlı atılan addımlar dünya siyasətinə də təsir göstərir. Ölkələrin buna reaksiyası müxtəlifdir. Ermənistanın reaksiyasından aydın olur ki, rəsmi İrəvan hələ də reallığı dərk etmir. Bu layihəyə də öz qərəzli siyasi mövqeyindən qiymət verməyə çalışır ki, bu da ölkənin hələ uzun müddət təcrid vəziyyətində qalma ehtimalını göstərir. Bu kimi məqamların analizi oxucular üçün maraqlı ola bilər.
Pekinin trilyonları: qlobal iqtisadi-ticari şəbəkənin yaradılması yolunda
KİV-də Çinin "Yeni İpək Yolu" layihəsini tədricən reallaşdırdığı barədə məlumatlar verilir. Rəsmi Pekin bunun üçün kifayət qədər böyük həcmdə maliyyə xərcləyir. Bu il sentyabrın 26-da isə Çinin Sian (Qədim İpək Yolunun başlanğıcı – Newtimes.az) şəhərində "İpək Yolunun iqtisadi zolağı" adlı beynəlxalq seminar keçirilib. Tədbirdə 35 ölkədən 300-dən çox mütəxəssis iştirak edib. Çin Xalq Universitetinin rektoru Lyu Vey tədbirdəki çıxışı zamanı deyib ki, bu ilin iyun ayına qədər "İpək Yolu" boyunca olan 14 ölkə ilə azad ticarət zonasının yaradılması haqqında sazişlər imzalanıb (bax: Международный семинар, посвященный китайской инициативе, открылся в Сиане / "cctv.com", 26 oktyabr 2016).
Çin üzrə Amerika mütəxəssisi Robert Kun isə vurğulayıb: "Bu təşəbbüs çox yerindədir, o, dünyada sabitliyə yardım edəcək və bu, qeyri-bərabər inkişaf məsələsini həll edəcək. O, inkişaf etməkdə olan ölkələrin tərəqqisini sürətləndirəcək. Bu isə təkcə inkişaf etməkdə olan ölkələrə deyil, inkişaf etmişlərə də xeyir verəcək" (bax: əvvəlki mənbəyə). Deyilənlər konkret faktlara söykənir. Bu mənada seminarda Çinin xarici siyasətinin strateji istiqamətləri ilə əlaqədar hazırlanmış məruzə-hesabatda maraqlı, qlobal siyasətin dinamikası baxımından əhəmiyyətli məqamlar yer alıb.
Sənəddə ifadə olunur ki, "İpək Yolu"nun quruda məqsədi Avrasiya ərazisində yeni "körpü"nün inşa edilməsindən ibarətdir. Burada "körpü" dedikdə, rəmzi mənada Çinlə Avropa və Afrikanı birləşdirə biləcək nəqliyyat məkanının formalaşdırılması nəzərdə tutulur. Onun əsas funksiyası fasiləsiz olaraq səmərəli ticarət əlaqələrini təmin etməkdən ibarətdir. Bu, böyük bir coğrafi ərazidə çoxlu sayda dövlətin layihədə iştirakını təmin edə bilir. Deməli, layihənin strateji məqsədinin ana xəttini Çini dünya ilə əlaqələndirə biləcək "ticarət və iş dəhlizi"nin yaradılması təşkil edir. Bunun üçün Pekin konkret nəqliyyat proqramlarını da təklif edir.
Həmin keyfiyyətdə Çin-Monqolustan-Rusiya, Çin-Mərkəzi Asiya-Qərbi Asiya, Çin-Pakistan, Banqladeş-Çin-Hindistan-Myanma və Çin-Hind-Çin yarımadası marşrutlarının yaradılması nəzərdə tutulub. Su yollarında da böyük proqramlar həyata keçirilməlidir ki, iri dəniz limanlarını birləşdirmək mümkün olsun. Son nəticədə isə quru və su marşrutlarının uyğunlaşdırılması həyata keçirilməlidir. Bu layihələrin reallaşmasına inam vardır. Çünki 2013-2016-cı illər ərzində Çinin "İpək Yolu" marşrutu üzərində olan ölkələrlə ticarət dövriyyəsi 3,1 trilyon dolla çatıb. Həmin dövrdə Çin dövlət başçısı Si Szinpin 37 ölkəyə səfər edib. Bu müddətdə Pekin "İpək Yolu" layihəsində iştirak edən dövlətlərə 51,1 milyard dollar sərmayə qoyub. Çin kommersiya nazirinin müavini Fan Aysinin məlumatına görə isə, təkcə bu ilin ilk 8 ayı ərzində Pekin "İpək Yolu iqtisadi zolağı" və "21-ci əsr Dəniz İpək Yolu" boyunca yerləşən ölkələrə 600 milyard ABŞ dolları həcmində investisiya yatırıb (bax: Инициатива "Пояс и путь" начала приносить позитивные результаты / "news.cn", 27 sentyabr 2016).
Göründüyü kimi, dünyanın əksər böyük dövlətlərinin başı Yaxın Şərqdə və Ukraynada müharibəyə qarışdığı bir vaxtda Çin sistemli surətdə özünün qlobal iqtisadi və ticari şəbəkəsini qurur. Hər il bu sistem genişlənir. Pekin müxtəlif sahələrə trilyon dollarlarla sərmayələr qoyur. Bunun fonunda o, bir-birinin ardınca müxtəlif sahələr üzrə dünya liderliyinə yiyələnir. Təbii ki, bu proseslərin fonunda geosiyasi reallıqlar da Pekinin təsiri ilə yeniləşə bilər. İndi ekspertlər problemin məhz bu aspektinə diqqət yetirməyə çalışırlar. Şübhəsiz, onlar da müəyyən maraqları gözləməklə Çinin atdığı addımları qiymətləndirməyə çalışırlar. Eyni zamanda, hər kəsin qəbul etdiyi geosiyasi faktorlar da mövcuddur.
Dərk edilməyən sadə həqiqət: Ermənistan özünü məhvə aparır
Məsələ burasındadır ki, "Yeni İpək Yolu" layihəsinin marşrutu üzərində yerləşən dövlətlər sırasında Rusiya, İran, Almaniya, Türkiyə, Böyük Britaniya və s. kimi dünya siyasətinə ciddi təsiri olan ölkələr də vardır. Onların Çinin başçılıq etdiyi qlobal iqtisadi-ticari layihədə iştirakı avtomatik olaraq geosiyasi nəticələrə səbəb olur. Buna Vaşinqton mütləq reaksiya verməlidir. Nəticədə, ABŞ-Çin münasibətlərində müəyyən gərginliklər meydana gəlir. Başqa tərəfdən, bəzi regionlarda münaqişələr ucbatından dövlətlərarası münasibətlərdə problemlər vardır. Cənubi Qafqazda bu, özünü daha qabarıq şəkildə göstərir.
Ermənistanın təcavüzkar siyasəti nəticəsində burada uzun illərdir ki, regional əməkdaşlıq qarşısında əngəllər yaranıb. O cümlədən Ermənistan təcrid vəziyyətinə düşüb. Bu baxımdan bir sıra ekspertlər Azərbaycanın "Yeni İpək Yolu" layihəsində iştirakını birmənalı olaraq orada Ermənistanın olmayacağı kimi qiymətləndirməyə meyllidirlər. Belə yanaşmalardan birini ifadə edən ekspert yazısı "Regnum"da dərc edilib (bax: Саркис Цатурян. Иран, Азербайджан и Грузия открывают Китаю путь на Чёрное море / "regnum.ru", 26 oktyabr 2016).
Həmin məqalədə İran, Azərbaycan və Gürcüstanın Çinə yol açdığı fikri əsaslandırılır və bunun fonunda Ermənistanın kənarda qalması təəssüflə qeyd olunur. Üstəlik, məqalənin sonunda sual edilir: "Bəs Rusiya harada qaldı?" (bax: əvvəlki mənbəyə). Belə çıxır ki, ermənilər öz adətləri üzrə "Yeni İpək Yolu" layihəsinin geosiyasi təsirlərinə də süni maraqlar prizmasından yanaşırlar. Onlar anlamırlar ki, Ermənistanın təcrid olunmasının əsas səbəbi uzun illərdir həyata keçirdiyi təcavüzkar siyasətidir. Əgər rəsmi İrəvan zəbt etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilsə, onda onun regional və qlobal layihələrdə iştirakı da mümkün olar.
Çox qəribədir ki, Ermənistan rəhbərliyi bu sadə həqiqəti bilə-bilə ölkəni məhvə aparır. Konkret faktlar da göstərir ki, Ermənistanı heç bir beynəlxalq iqtisadi layihəyə yaxın buraxmırlar. Əgər rəsmi İrəvan Dağlıq Qarabağ məsələsində haqlı olsaydı, belə olmazdı. Bu o deməkdir ki, bütün dünya Ermənistanın təcavüzkar olduğunu bilir və nə qədər ki, o qonşu dövlətin ərazisinin bir hissəsini işğal altında saxlayacaq, heç bir iri layihədə iştirakı mümkün olmayacaq. Baxın, Çin qısa müddətdə 10-larla dövlətə milyardlarla sərmayə qoyur. O, hətta Suriyaya da yatırımlar edir. Lakin Ermənistana investisiya qoymur.
Burada çox adi məntiq var – yəni rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsində haqsız vəziyyətdədir. Belə aydın situasiyada böyük dövlətlərin təcavüzkarı ram etməməsi başqa düşündürücü məqamdır. İndiki halda erməni ekspertlərin qeyri-obyektiv surətdə "Yeni İpək Yolu" layihəsini analiz etməyə çalışması onu göstərir ki, rəsmi İrəvan bu proqramdan da kənarda qalmalı olacaq. Onun təcavüzkar siyasətini dəyişməkdən başqa çıxış yolu yoxdur. Təsəvvür edin, Çindən başlayaraq dünyanın ucqar qərb hissəsinə qədər 100-lərlə dövlət həmin layihədə iştirak edib, ondan bəhrələnəcək. Ancaq Ermənistan ağılsız və əsassız iddialarına görə, kənarda qalacaq. Uduzan başlıca olaraq erməni xalqı olacaq. Bu səbəbdən xalq da Sarkisyan hakimiyyətinə öz etirazını bildirməli və onu düz yola çəkməlidir.
"Yeni İpək Yolu" layihəsinin gələcəyinə gəldikdə isə, onun baş tutması ehtimalı yüksəkdir. Azərbaycan bu prosesdə aktiv iştirakçı kimi özünü təsdiq edib. Ölkəmiz həmin proqram çərçivəsində ciddi surətdə yer almaqdadır. Rəsmi Pekin də Bakının bu mövqeyini yüksək qiymətləndirir. Şübhə yoxdur ki, "Yeni İpək Yolu" reallaşdıqca, ondan faydalananlar sırasında Azərbaycanın xüsusi yeri olacaq. Bu, birbaşa rəsmi Bakının səmərəli xarici və enerji siyasətinin nəticəsidir.
Newtimes.az