Elmar Məmmədyarov Finlandiya Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Finlandiya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb.
1news.az-ın məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə toxunulub. P.Stenlund Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar nazir E.Məmmədyarova səmimi təbriklərini çatdırıb.
P.Stenlund tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək ifadə olunub.
Nazir E.Məmmədyarov münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verib. Münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb.
O, Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələrdən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirib.
Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
1news.az