Himalay dağlarında qar uçqunu: 4 nəfər ölüb, 4 nəfər itkin düşüb

Hindistanın Uttarakhand ştatının Himalay dağları ərazisində baş verən qar uçqunu nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər isə itkin düşüb. İtkin düşən şəxslərin axtarış-xilasetmə işləri davam etdirilir.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Uttarakhand Fövqəladə Hallar İdarəsinin rəsmisi Şardul Qusasin açıqlamasında bildirib ki, indiyədək qar uçqunu nəticəsində həlak olan 4 nəfərin meyiti aşkarlanıb.
Onun sözlərinə görə, daha 4 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb və onların axtarışı istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, oktyabrın 27-də Himalay dağlarında yürüşə çıxan bir qrup şəxsdən xəbər alınmaması səbəbindən axtarışlara başlanılıb. Aparılan araşdırmalar nəticəsində qrupun qar uçqunu altında qaldığı müəyyən edilib.











