Azərbaycan – İsrail münasibətləri: qarşılıqlı maraqlar və etibarlı tərəfdaşlıq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan – İsrail münasibətləri: qarşılıqlı maraqlar və etibarlı tərəfdaşlıq

17:55 - 13 / 12 / 2016
Azərbaycan – İsrail münasibətləri: qarşılıqlı maraqlar və etibarlı tərəfdaşlıq

Azərbaycan İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. Bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.

Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında  və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır.

Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb.

İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki,  dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları  qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərirlər.

Azərbaycan-İsrail əməkdaşlığının  yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü  münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda  çoxminli yəhudi icması, Israildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır.

Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər.

Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də  model ola bilər.

Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır.

1news.az

Paylaş:
8300

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər