Muzey Mərkəzində gənc rəssam Tamilla Həsənovanın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi keçiriləcək – FOTO
16 - 20 dekabr tarixlərində Muzey Mərkəzinin İncəsənət Qalereyasında gənc rəssam Tamilla Həsənovanın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi keçiriləcək.
Tədbir ərəfəsində Tamilla bizimlə rəsm əsərləri və yaradıcılıq haqqında fikirləri ilə bölüşdü.
- Bu mənim ilk solo sərgimdir. Bir rəssam kimi Azərbaycanda özümü ifadə etmək, ölkənin sənət aləminə qoşulmaq, auditoriyanın işlərimi necə qəbul etdiyini görmək, onların necə və nəyi xoşladıqlarını və xoşlamadıqlarını, işlərimin onlarda nə cür hislər və emosiyalar yaratdığını bilmək istəyirəm. Hər bir halda ayrı-ayrı rəsmlərə nəzər saldıqda bu baş vermir, lakin əgər sərgi təşkil edilirsə, bu barədə müəyyən fikirlər, istiqamət yaranır ki, bunun nəticəsində tamaşaçı bir rəsmdən digərinə keçir və bu, öz-özlüyündə maraqlıdır. Bu səbəbdən, tamaşaçıların həm müsbət, həm də mənfi təəssüratları maraqlıdır.
Müxtəlif fikirləri dinləmək istəyirəm. Əks halda heç bir inkişafdan söhbət gedə bilməz.
İstərdim ki, insanlar mənim rəsmlərimi öz evlərinin divarlarından assın və rəsmlər onlara sevinc duyğuları bəxş etsin.
- Rəsmlərin təbiət ilə ahəngi haqqında nə deyə bilərsiniz?
- Təbiəti dəlicəsinə sevirəm. O məni qüvvətləndirir, heyran edir və ilhamlandırır. Bu gözəlliyin heç olmasa hər hansı bir hissəsini təsvir etmək istəyirəm.
- Bu cür gözəl əsərlərin yaranmasının bədii prosesi necə baş verir, obrazlar haradan götürülür?
- Adətən ideyalarım uzun müddət ərzində formalaşmır, bu daha çox bir anda baş verən qığılcım nəticəsində yaranır. Qığılcımı tutmağa və təsvir etməyə çalışır, məntiqi düşüncə isə artıq proses zamanı cəlb olunur və nəticədə daha maraqlı və daha yaxşı fikirlər meydana gəlir və onu təkmilləşdirməyə çalışma imkanları mövcud olur. Bu səbəbdən, yerinə yetirdiyim proses aşağıdakılardan ibarətdir: ilk olaraq impuls yaranır, daha sonra ideya formalaşır və nəticədə proses özü həyata keçirilir. Öz bacarıqlarım vasitəsi ilə təcrübələr aparır və nəticədən məmnun oluram.
Doğrusunu desəm, ilk cəhddə olmasa da, onu görürəm və bu, məni sevindirir. Anlayıram ki, öhdəsindən gəldiyim bu və ya digər işlər mənim peşəkar bacarıqlarım çərçivəsində mümkün olur. Natürmortlara gəldikdə isə, maraqlı predmetlərin yaradılması prosesi və işıqla oynamaq üçün böyük imkanlar mənim üçün maraqlıdır. O, özlüyündə müəyyən məna kəsb edir və təbiətin bir hissəsini təşkil edir. Hər zaman natürmortda təbiətin hər hansı bir hissəsini təsvir etmək istəyirəm.
Narın, heyvanın plastikasını təsvir etmək, fakturasını nümayiş etdirmək, formasını vurğulamaq xoş bir haldır.
Ümumiyyətlə, mənim üçün rəngin plastik imkanları çox əhəmiyyətlidir. Bu istiqamətdə aparılan axtarışlar və təcrübələr məndə xüsusi maraq doğurur.
- Uzun illər Moskva şəhərində yaşamısınız. Lakin əsərlərinizdə şərq dəsti-xətti, Azərbaycan koloriti hiss olunur. Bu detalları izləyiciyə çatdırmaq çətin olmur sizə?
- Mənim üçün Azərbaycan koloriti parlaqlıq, detallar, rəngin və mühitin şirinliyi və ya hər hansı ətir deməkdir.
Onlar məndə azərbaycanlılıq ruhunu yaradır və hiss edirəm ki, təsvir etdiyim istiqamətlər dəyişməyə başlayır. Moskvada yaşadığım zaman, fərqli şəkildə təsvir fikirlərinə malik idim, indi isə parlaq şəkildə çalışır və mühitin təsirinin olduğunu duyuram.
Qeyd edək ki, Tamilla Həsənovanın işləri müxtəlif janrlarda təqdim olunur, peyzaj və portretlər, milli natürmortlar və ifadəli abstraksiyalarla əvəz olunur. Portretlər tez-tez görmələr halında yaranan xatirələri özündə təcəssüm etdirir və bu elə bir andır ki, onları görə bilmək, öz qavramında qeyd etmək və rəsm əsərinə çevirmək əsl gözəllikdir. Portret üzərində işləyərkən rəssam öz qarşısında ruhun bütün dəyişkənliyini kağıza köçürmək məqsədi qoyur. O, bizim gündəlik həyatımızda cəmiyyətə ötürdüyümüz əhval-ruhiyyəni , obrazı çatdırmağa səy göstərərək insanın rəngarəng, işıqlı və səciyyəvi xususiyyətlərini vurğulayaraq təsvir edir.
Lakin bunun əksinə olaraq, peyzajlar kosmik təbiətin əksini bizə göstərir. Real landşaftla yetkin insanın düşüncələri ilə vəhdəti də “Əbədiyyət cəvahiratı axtarışında” , “Təbiət ahəngi” və s. işlərin məzmununu təşkil edir.
Rəssamın çoxyönümlüyüyü özünü hər şeydə büruzə verir: sənətindən, janrların müxtəlifliyindən tutmuş, müxtəlif profilli ali təhsilə qədər.Tamilla Həsənova Moskvada art biznes və antikvariat İnstitutunu, sənətşünaslıq və əntiq əşyalarının atribusiya əsasları fakultəsini bitirib. Surikov adına Moskva Dövlət İncəsənət İnstitunda oxuyub, həmçinin Plexanov adına Rusiya İqtisadiyyat Universitetini bitirib və cilalanmış almazların qiymətləndirilməsi üzrə ekspert diplomu əldə etmişdir.
Rəssam hər hansı sehrli və görünməyən məişət baxışından, həyat bucağından, ani detaldan və ya ani həmsöhbətin baxışının diqqətsizliyindən ruhlanır. Ruhlandırıcı peyzaj və heyrətləndirici portretlər bu yolla yaranır.
Tamilla Həsənova yaratdığı işlərlə insanların həyatına gözəllik, sevinc və harmoniya gətirəcəyinə ümid edir. Axı müasir incəsənət tolerantlıq, fikir müxtəlifliyinə səbrli yanaşma kimi xüsusiyyətlərin yaranmasına səbəb olur. Müasir incəsənət hər zaman belə deyir: müxtəlif insanlar, müxtəlif fikirlər deməkdir.
Nəzərinizə çatdıraq ki, sərgi 16 – 20 dekabr tarixlərində Muzey Mərkəzinin İncəsənət qalereyasında keçiriləcək.
Sərginin təntənəli açılış mərasimi 16 dekabr saat 19:00-da olacaq. Giriş dəvətnamə ilədir.
Sərginin iş saatları 17 – 20 dekabr tarixlərində saat 10:00-dan 18:00-dək olacaq.
Ünvan: Bakı şəh., Neftçilər pr. 49, Muzey Mərkəzi,
Tel.: +994 12 4935883, 4937287
e-mail: [email protected]
Reklam hüququnda