Mübariz Əhmədoğlu: Qovulmuş azərbaycanlıların Ermənistana qayıtması rus dilinə statusun verilməsinə sanballı hüquqi əsas yarada bilər
Ermənistanda rus dilinə dövlət statusu verilməsi əhali arasında narazılıqla qarşılandı.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib:
“Rus dilinə dövlət statusu verilməsi ilə bağlı RF XİN rəsmisi E.Mitrofanovanın təklifi Ermənistanda süngü ilə qarşılandı. Həm rəsmilər, həm də siyasilər bunun mümkün olmadığını bildirdilər. Filoloq Lavrenti Mirzoyanın fikirləri çox xarakterikdir. “Rus dilinin daşıyıcıları bizdə çox azdır. Ermənistan bir dilli ölkədir. Əhalinin 98 %-i ermənilərdir. Qalan 2% yunanlar, ruslar, yezidlər və digərləridir”. Bu Ermənistan cəmiyyəti üçün ümumiləşdirilmiş mövqedir”.
Politoloqun sözlərinə görə, Ermənistanda rus dilinin yayılması ilə bağlı RF XİN rəsmisi E.Mitrofanovanın bəyanatına verilən kəskin neqativ reaksiya RF XİN-nin digər rəsmisi-mətbuat xidmətinin rəhbəri M.Zaxarovanı dilləndirdi. Bu bəyanatda heç bir inqilabçılığn olmadığın deyən M.Əhmədoğlu bildirib ki, rəsmi Moskva Ermənistanın ictimai-siyasi dairələrində bu bəyanat ətrafında yaranmış qızğın müzakirələrin səbəbini anlamır:
“L.Mirzoyanın bu ideyasına cavab olaraq Rusiya öz məqsədinə tarixi həqiqəti reallaşdırmaqla çata bilər. 1987-ci ilin sonlarınadək Ermənistan SSR-dən 300 min azərbaycanlı qovuldu. İndi belə azərbaycanlıların sayı təxminən yarım milyon hüdudlarında ola bilər. Ermənistan SSR-dən müxtəlif dövrlərdə qovulmuş azərbaycanlıların sayı 1 milyon nəfər hüdudlarındadır. Azərbaycanlılardan sonra Ermənistan SSR-dən rusların qovulması prosesi başladı. “Rus İvanı, çemodanını yığışdır” şüarı SSRİ-də ilk dəfə Ermənistanın Teatr meydanında SSRİ Ali Sovetinin 18 iyul 1988-ci il iclasından sonra səsləndi.
Ermənistan SSR-dən qovulmuş azərbaycanlıların Ermənistana qayıtması rus dili daşıyıcılarının sayını 20-30%-ə dək artıra bilər. Bu isə tarixi ədalətsizliyin aradan qaldırılması olmaqla yanaşı, həm də dilinə rəsmi dövlət statusu verilməsinə sanballı hüquqi əsas yarada bilər. Rusların Ermənistana qayıtması isə çox əla olardı”.
1news.az