Benyamin Netanyahu “Xabad-Or-Avner” Təhsil Mərkəzində olub – FOTO
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Bakıdakı “Xabad-Or-Avner” Təhsil Mərkəzində olub.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baş nazir Benyamin Netanyahu mərkəzdə yaradılan şəraitlə tanış olub.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Baş nazirə məlumat verib ki, Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilib. 2007-ci il mayın 31-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilib. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak ediblər.
Ən müasir tələblər səviyyəsində inşa olunmuş 450 yerlik mərkəzdə 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion var. Etnomədəni komponentli bu mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır.
Sonra mərkəzdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş keçirilib.
İsrailin Azərbaycandakı səfiri Dan Stav görüşdə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Baş nazir Benyamin Netanyahu ilə 1997-ci ildə görüşü ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verib. Səfir əmin olduğunu bildirib ki, Baş nazir Benyamin Netanyahunun bu səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq. Diplomat vurğulayıb ki, Azərbaycan İsrail üçün vacib tərəfdaşdır. Bu dostluq və tərəfdaşlıq əlaqələri dərin köklərə əsaslanır. Azərbaycanda heç zaman antisemitizm halları müşahidə olunmayıb. Yəhudilər həmişə Azərbaycanda dostluq, qardaşlıq şəraitində yaşayıblar.
Nazir Mikayıl Cabbarov Azərbaycanda təhsil mərkəzlərində ivrit dilinin tədris olunmasının əhəmiyyətini qeyd edib. Bu tədris mərkəzinin və digər məktəblərin inşasında Heydər Əliyev Fondunun böyük rolunun olduğunu vurğulayan M.Cabbarov təhsil ocağında gənclərə tolerantlığın, başqa dinlərə, xalqlara hörmətin aşılanması baxımından “Xabad-Or-Avner” Mərkəzinin gözəl nümunə olduğunu deyib. Nazir vurğulayıb ki, Azərbaycan ilə İsrail arasında digər sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq inkişaf edir.
Azərbaycanın multikultural dəyərlərindən danışan nazir qeyd edib ki, Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsi bu sahəyə verilən önəmin bariz nümunəsidir.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev İsrailin Baş nazirinin Azərbaycana bu səfərinin tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan və İsrail arasında dostluq əlaqələrinin inkişaf etdiyini vurğulayıb.
M.Yevdayev Azərbaycandakı multikultural və tolerant mühit barədə danışıb, ölkəmizdə yəhudilərin əsrlərdir sülh şəraitində yaşamasının bunun bariz göstəricisi olduğunu qeyd edib.
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu tədbirdə çıxış edərək Azərbaycana səfərindən məmnunluğunu bildirib. Azərbaycanda yəhudi xalqına böyük sevgi olduğunu vurğulayan Baş nazir Heydər Əliyev Fondunun ölkəmizdə yəhudilərin təhsilinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. Baş nazir Benyamin Netanyahu Azərbaycan ilə İsrail arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq bu istiqamətdə əməkdaşlığın inkişaf etdiriləcəyini vurğulayıb. İsrailin Baş naziri mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib.
1news.az