Hüseyn Müftüoğlu: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun nəhəng ticarət zonasına çevriləcək | 1news.az | Xəbərlər
Siyasət

Hüseyn Müftüoğlu: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun nəhəng ticarət zonasına çevriləcək

11:33 - 15 / 12 / 2016
Hüseyn Müftüoğlu: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun nəhəng ticarət zonasına çevriləcək

“Xəzərin Azərbaycan sahillərində salınan azad ticarət və xüsusi iqtisadi zona təkcə Azərbaycan üçün deyil, Türkiyə iqtisadiyyatı üçün də böyük faydalar verəcək”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu deyib.

Hazırda Türkiyənin sözügedən layihədə yaxından iştirak edən ölkələrdən biri olduğunu deyən XİN rəsmisinin sözlərinə görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxın illərdə Dubayda olduğu kimi regionun nəhəng azad ticarət zonasına çevriləcək:

“Son illər Azərbaycanda müasir və qlobal infrastruktur layihələri həyata keçirilir. Bu layihələrdən bəzilərində Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Yaxın vaxtlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi də Azərbaycan ilə Türkiyə qardaşlığının birgə işidir. Bu baxımdan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrini daha da artıracaq. Digər tərəfdən isə bu beynəlxalq layihə Türkiyənin Orta Asiya və Rusiya bazarına çıxışı üçün sərfəli imkanlar yaradır. Təbii ki, Türkiyə bu cür layihələrə hər zaman dəstək verəcək”.

Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olduğunu deyən H.Müftüoğlu qeyd edib ki, Azərbaycanda gedən inkişaf qardaş ölkə olaraq, Türkiyəni hər zaman sevindirir:

“Biz Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi hesab edirik. Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və nəhəng layihələr onu deməyə əsas verir ki, paytaxt Bakı yaxın gələcəkdə dünyanın ən müasir şəhərləri ilə rəqabət aparacaq”.

Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində salınan azad ticarət zonası tipli xüsusi iqtisadi zona 2017-ci ildən etibarən tam fəaliyyətə başlaya bilər. Bakı limanındakı sözügedən iqtisadi zonanın yaxın gələcəkdə Dubay, Honkonq, Şanxay və Sinqapur kimi dünyanın nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcəyi nəzərdə tutulub. Bu istiqamətdə lazımı addımlar atılması üçün Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam da imzalanıb. Bu sərəncam Bakı Limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsasını qoyub, bu işə təkan verib.

1news.az

 

Paylaş:
1804

Son xəbərlər

Bütün xəbərlər