Həsən Həsənov: Albaniya Atropatenadan ayrılaraq yaranan dövlətdir

Görkəmli azərbaycanlı dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov həyatının bir neçə ilini tariximizin ən qədim dövrünün genişmiqyaslı tədqiqinə həsr edib.
1news.az oxucularına Həsən Həsənovun Atropatena və Qafqaz Albaniyasının mənşəyinə dair apardığı araşdırmalara həsr olunmuş müsahibəsini təqdim edir.
- Hörmətli Həsən müəllim, bu yaxınlarda Qafqaz Albaniyası haqqında çıxışlarınızda bir neçə dəfə vurğuladınız ki, Atropatena və Albaniya dövlətlərinin yaranma tarixinə münasibət sovet ideologiyasından qalan çox ziyanlı mirasdır və qədim tariximizin dərkində çətinliklər yaradır. Bu müraciətiniz nədən qaynaqlanır?
- Əslində, mən ilk dəfə 2017-ci ildə Moskvanın “Veçe” nəşriyyatının “Dünya tarixi” seriyasından, Vrotslav Universitetinin professoru V. Navatkanın redaktorluğu ilə nəşr olunan “Makedoniyalı İskəndər və Atropat” monoqrafiyamda, daha sonra isə 2025-ci ildə “Azərbaycanın Tarixi-Coğrafi Atlası” adlı çoxcildli əsərimdə və AMEA nəşrlərində Atropatenanın yaranma tarixi ilə bağlı mövcud səhvin təkzibi ilə birlikdə öz konsepsiyamı təqdim etmişəm.
“Atlas” AMEA Tarix İnstitutunun Elmi Şurasında mənim iştirakımla müzakirə olunaraq nəşrə tövsiyə edilib. Əlavə olaraq, BDU-nun Tarix fakültəsinin Elmi Şurası da bu əsərin müzakirəsini keçirib və onu “Əlavə dərs vəsaiti” kimi təsdiq edib.
2024-cü ilin may ayında birdən-birə Tarix İnstitutunun mövqeyində dəyişiklik yarandı və mənim AMEA Rəyasət Heyətinin zalında bir daha məruzə etməyim tələb olundu. Məruzə ətrafında məhdud müzakirə keçirildi. Heç bir rəsmi sənəd qəbul edilmədən bildirildi ki, Tarix İnstitutunun öz konsepsiyası olduğundan yeni konsepsiyaya ehtiyac yoxdur. Nəticədə iki nüfuzlu Elmi Şuranın qəbul etdiyi qərarlar havada qaldı. Qeyd etdiyim yeniliklər dərsliklərdə də əks olunmadı.
- Siz tarixşünaslığımızda konkret nəyi təkzib etmisiniz?
- Sovet ideologiyasının səhv mirasını təkzib edərək tam əminliklə bildirirəm ki, İskəndərin imperiyası dağılarkən Atropatena adlı dövlət yaranmayıb. Bu konsepsiyanın tərəfdarları Strabona istinad edirlər. Amma bəla ondadır ki, Strabon Atropatın yeni dövlət yaratdığını iddia etməyib. Sovet ideologiyasına xas konsepsiyanın tərəfdarları eyni zamanda hesab edirlər ki, guya Atropatena dövlətinin adı Atropatın adı ilə bağlıdır. Amma yenə bəla ondadır ki, Strabon bunu da demir. Strabon ancaq Atropatın mövcud ölkənin müstəqilliyini bərpa etməsindən danışıb. Strabon dediklərini bir çox tədqiqatçlar təhrif edirlər.
- Atropatın bərpa etdiyi ölkə hansı ölkənin varisi idi?
- Atropatın müstəqilliyini bərpa etdiyi ölkə onun ulu babalarının Assuriya imperiyasının süqutu zamanı yaratdıqları ilkin Atropatenadır. Ammian Marsellin və Suriya Xronikası məhz bu Atropatenadan bəhs etmişlər.
- Bəs sizin konsepsiyanızda Atropatena dövlətinin nə vaxt yarandığı deyilir?
- V əsr Roma tarixçisi Ammian Marsellinin və “Karхı şəhərinin tarixi” adlı VI əsr Suriya Xronikasının məlumatına görə, Atropatena Assuriya imperiyası dağılarkən yaranıb. Miхi yazılı мənbələr bildirirlər ki, bu, e.ə. 612-ci ildə Nineviyanın dağılması zamanı baş verib.
- Siz mövqeyinizin doğruluğuna belə əminsiniz? Əminliyiniz nəyə əsaslanır?
- Əminliyim dünya elmində qəbul olunan verifikasiya adlı çox vacib prinsipə əsaslanır. Verifikasiya hər hansı məlumatın başqa mənbələrlə təsdiqlənməsi, yaxud dəstəklənməsi prinsipidir. Strabonun mülahizəsi heç bir başqa mənbə tərəfindən dəstəklənmir, yəni verifikasiya olunmur. Ammian Marsellinlə Suriya Xronikasının mövqeyi isə antik dövrün böyük tarixçisi Polibi, habelə Roma tarixçisi Kvint Kursiy Ruf tərəfindən verifikasiya olunur. Yəni əsaslandığım konsepsiyanı, özünüz də gördüyünüz kimi, ən azı dörd möhtəşəm müəllif doğru sayır və dəstəkləyir.
- Çıxışlarınızda Atropatena ilə yanaşı Albaniyanın da yaranma tarixinin yanlış olduğunu bildirirsiniz.
- Səhv ondan ibarətdir ki, mövcud tarixşünaslığımızda Atropatena və Albaniya dövlətlərinin hər ikisinin də e.ə. IV əsrdə yarandıqları iddia olunur.
- Onların eyni vaxtda yaranması Sizi niyə narahat edir?
- Bu o deməkdir ki, Atropatena və Albaniya bir-biri ilə heç bir bağlılığı və asılılığı olmayan, sadəcə iki fərqli etnos tərəfindən eyni vaxtda yaradılmış iki fərqli dövlətlərdir. Belə yanaşma nəticəsində Albaniya Atropatenaya yadlaşır.
Məhz belə yanaşma nəticəsində bilindiyi kimi Albaniyanın tarixinə, torpağına, irsinə kənardan yiyə çıxanlar hələ də qalmaqdadırlar. Yəni belə çıxır ki, qədim dövrdə Atropatena və Albaniya bir-biri ilə heç bir əlaqəsi olmayan dövlətlər kimi mövcud olmuşdular.
- Bəs sizin fikrinizcə, Albaniya dövlət kimi nə zaman yaranıb?
- Əvvəla, dünya tarixşünaslığında Albaniyanın e.ə. IV əsrdə yaranmasına aid heç bir məlumat yoxdur. Bir daha vurğulayıram ki, Albaniyanın e.ə. IV əsrdə yaranması ilə bağlı heç bir mənbəyə təsadüf edilmir.
Amma bunun əksinə olaraq, Albaniyanın e.ə. I əsrdə mövcudluğu ilə bağlı mötəbər məlumat var. Roma tarixçisi Plutarx yazır ki, e.ə. 70-ci illərdə Lukulla qarşı aparılan müharibə üçün Tiqran Xəzər sahili bölgələrindən — xüsusilə albanlardan və onların qonşuları iberlərdən, eləcə də Araz çayı hövzəsində yaşayan və heç bir hökmdarın hakimiyyəti altında olmayan çoxsaylı xalqlardan qüvvələr toplamışdı; həmin qruplar hədiyyələr müqabilində qoşulmuşdular.
Burada biz albanların Tiqranın ordusuna fərdi qaydada cəlb edildiyini görürük. Onlar “Araz çayı hövzəsində” yaşayan və “heç bir hökmdarın hakimiyyəti altında olmayan”, həmçinin “hədiyyə müqabilində” Tiqrana xidmət edən digər çoxsaylı qruplarla birlikdə təsvir olunurlar. E.ə. I əsrin əvvəlində albanlar üçün reallıq məhz belə idi və burada hər hansı dövlətdən söhbət getmir.
Roma tarixçisi Kassiy Dion isə Pompeyin bölgəyə e.ə. 66-cı ilə təsadüf edən yürüşü haqqında tamamilə fərqli məlumat verir: “Kür çayının qarşı sahilində yaşayan albanların hökmdarı Oroys romalılara qarşı yürüşə çıxdı. Bunu qismən dostu Kiçik Tiqrana yaxşılıq etmək istəyi ilə, amma əsasən romalıların Albaniyaya hücum təhlükəsindən ehtiyatlandığı üçün edirdi...”
Beləliklə, biz iki vəziyyətdə olan Albaniyanı görürük. Lukulla qarşı heç bir hökmdarın hakimiyyətinə tabe olmayan albanlar, Pompeyə qarşı isə öz çarlarının hakimiyyəti altında çıxış edən albanlar. Həm də bu zaman məqsədləri sadəcə kiməsə qulluq etmək yox, “romalıların Albaniyaya hücumunun” qarşısını almaq yəni öz dövlətlərini qorumaq.
Bu mötəbər mənbələr Albaniyanın dövlət olaraq məhz e.ə. 66-cı ildə yarandığı fikrini qəbul etməyə əsas verirlər.
- Albaniya və Atropatenanın fərqli dövrdə yaranmaları tariximizə nə verir?
- Sualınız vəziyyətin yalnız bir tərəfini əks etdirir. Əsas məsələ bu iki dövlət arasında nə kimi bağlılığın olmasıdır. Biz məhz bunu aydınlaşdırmalıyıq.
Atropatenanın hansı ərazidə yarandığını alman alimi Volfram Naqel tədqiq və təsvir edib. Həmçinin qədim mənbələr Assuriyanın müttəfiqləri Manna və Urartu torpaqlarının da Atropatenanın tərkibində olduğunu bildirirlər.
Tarix elmimizin başqa bir səhvi isə tarixi Atropatena-Azərbaycan dedikdə məhz Urmiya gölünün ətrafını ehtiva edən ərazini nəzərdə tutmasıdır.
- Sizin konsepsiyanıza görə Albaniya və Atropatenanın tarixi əlaqəsi nədən ibarətdir?
- Atropatena yarananda albanların yaşadığı ərazi də Atropatenanın ərazisi idi. Və e.ə. 612-ci ildən e.ə. 66-cı ilə qədər onlar vahid dövlətin tərkib hissəsi idilər.
Atropatenalılar və Albanlar eyni gökə mənsub xalqalr idilər. Yəni Albaniya dövləti Atropatenaya yad deyil, Atropatenadan ayrılmış dövlətdir, Albaniyanın xalqı da Atropatena xalqının bir hissəsidir.
- Qafqaz Albaniyasının ərazisini müasir Azərbaycan Respublikası ilə eyniləşdirən xarici alimlər varmı?
- Bu barədə ilk dəfə XVI əsrin ortalarında italyanlı Paolo Giovio özünün "Historiarum sui temporis libri XLV" əsərində qeyd etmişdir: "...Şirvan adlanan meşələrlə dolu kələ-kötür bir ölkə. Bu ölkə qədim Midiya və Albanların sərhədləri daxilində, Bakı dənizindən uzaqda yerləşir..." Eyni mövqeni 20-ci əsr müəllifləri də deyirlər: Britaniya alimləri V. Minorski: "Müasir Sovet Azərbaycan Respublikasının ərazisi təxminən qədim Qafqaz Albaniyasına uyğundur" (V. Minorski - Caucasica IV-ə baxın) və C. E. Bosvort: "İslamdan əvvəlki dövrdə Arran Qafqaz Albaniyası əyalətinin əsasını təşkil edirdi... və ümumilikdə müasir Azərbaycan SSR-ə uyğun gəlirdi" (C. E. Bosvort, "ARRĀN", Ensiklopediya İranika).
- Bəs siz bu məsələlərə yenidən baxmaq haqqında çağırış edəndə sözünüzü kimə ünvanlayırsınız?
- Azərbaycan tarixinin yeni versiyasını yazmaq zərurəti çoxdan mövcuddur. AMEA-nın Tarix İnstitutu bunu həyata keçirməyi öz inhisarına alıb. Yəni prosesi öz əlində cəmləşdirib və məndə olan məlumata görə kənardan alimləri bu işə yaxın buraxmır. Bilmirəm, bu, AMEA-nın qərarıdır, yoxsa İnstitutun öz qərarıdır, amma kənardan heç bir alim cəlb olunmayıb. Bəlkə də var, amma mənim xəbərim yoxdur.
- Son sözünüz nədir?
- Məncə, müstəqillik dövrünün tələblərinə əsaslanaraq tarix elmimizdə hələ də mövcud olan sovet varisliyi ilə vidalaşmalıyıq. Bunun üçün Azərbaycan tarixşünaslığının yeniləşmiş konsepsiyası varsa, geniş müzakirə olunmalıdır, yoxdursa, tərtib olunmalıdır. Vaciblik nöqteyi-nəzərindən konsepsiyanın ana xəttini Atropatena və Albaniya dövlətlərinin yaranma dövrü və tarixi şəraiti, etnik tərkibi və sərhədləri təşkil etməlidir. Yeni tarix kitabımızın yaranması korporativ xarakter daşıya bilməz. İnanıram ki, bu işə Azərbaycan tarix elminin bütün güclü qüvvələri toplanacaq.








