Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının iclası keçirilir – FOTO
15-18 dekabr tarixlərində Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilir.
1news.az-ın məlumatına görə, bu məqsədlə “Hilton” otelində gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, PA ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov, millət vəkilləri, Böyük İpək Yolu BGİ-nin İdarə Heyətinin üzvləri, 25-dən çox ölkədən gəlmiş gənclər təşkilatlarının nümayəndələri, ölkəmizdə akkreditasiya olmuş səfirliklərin iştirakı ilə konfrans keçirilib.
Əvvəlcə təşkilatın fəaliyyətini əks etdirən film nümayiş edilib.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov İttifaqın əsas məqsədinin “Böyük İpək Yolu” üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hazırda İttifaqa 33 ölkədən üzv təşkilat daxildir. Bu tədbirin multikulturalizm ilinə təsadüf etdiyini və mədəniyyətlərarası dialoq mövzularında müzakirələrin olacağını diqqətə çatdırıb.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkədə mövcud olan gənclər siyasəti, Azərbaycan gəncliyi Dövlət Proqramı, 300-dən artıq gənclər təşkilatının fəaliyyəti, nazirliyin təşkilatlara göstərdiyi dəstək barədə məlumat verib. Daha sonra nazir 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə Avropa və Asiya dövlət başçılarının birinci zirvə görüşünə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini qonaqların diqqətinə catdırıb.
İttifaqın gördüyü işlər haqqında məlumat verən təşkilatın baş katibi Aytən Əliyeva 2012-2016-ci illərdə İttifaqın 25-dən (Gənc şairələrin beynəlxalq forumu, “Bərabər iştirak üçün birgə qatıl” adlı beynəlxalq seminar, Gənc sahibkarlar forumu, “Böyük İpək Yolu” gənclər düşərgəsi və s.) artıq beynəlxalq və yerli səviyyəli tədbir keçirdiyini və bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurduqlarını diqqətə çatdırıb. Eyni zamanda İttifaq üzvləri Bakı, Astana, İstanbul, Budapeşt və Saloniki şəhərlərində İdarə heyətlərinin iclaslarının keçirilməsi haqqında da məlumat verib.
Çıxış edən qonaqlar Böyük İpək Yolunun xalqların iqtisadi, mədəni, siyasi inkişafında, diplomatik əlaqələrin qurulmasında əvəzedilməz rol oynadığı vurğulanıb. Qeyd edilib ki, “Böyük İpək Yolu” müasir dövr üçün regional və beynəlxalq iqtisadi, siyasi münasibətlərin genişlənməsinə, ticarət və əməkdaşlıq əlaqələrinin qurulmasına, mədəniyyətlər və sivilizasiyalararası dialoqun yaranmasına və inkişafına böyük töhfə vermiş təşkilatdır.
Qeyd edək ki, iclasda Azərbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan, Mərakeş, Türkiyə, Yunanıstan, Gürcüstan, Litva, İraq, Gürcüstan, Qırğızıstan, Pakistan, Rusiya, Türkiyə, Tunis, Ukrayna, Latviya, İran, Albaniya, İsraildən, ümumilikdə İpək yolu üzərində yerləşən 25 ölkənin gəncləri iştirak ediblər.
1news.az