Aİ üçün tarixi sınaq: inteqrasiya ilə parçalanma arasında – Newtimes.az
Dünyada geosiyasi vəziyyətin ağır olduğu məlumdur. Avropa İttifaqında (Aİ) isə konkret siyasi proseslər meydana çoxlu suallar çıxarır. Belə təəssürat yaranır ki, bu təşkilat daxilində bütövlükdə Qərb sivilizasiyasının taleyini dəyişə biləcək proseslər getməkdədir.
Bunlara misal olaraq Avstriyada keçirilən prezident seçkisini və İtaliyada təşkil olunmuş referendumu göstərə bilərik. İtaliyada inteqrasiya əleyhdarları qalib gəlib. Onların lideri sayılan C.Qrillonun partiyası faktiki olaraq baş naziri istefaya göndərməyə nail olub. Bu, Aİ üçün ciddi nəticə hesab edilir. Avstriyada isə antiqlobal əhval-ruhiyyəli, islamofob N.Hofer yalnız üçüncü turda prezidentlik yarışını uduzub. Onun sona qədər gərgin mübarizə aparması onu təsdiq edir ki, Avstriyada avroskeptiklərin mövqeyi möhkəmlənməkdədir. Bütün bunlar Aİ-nin siyasi gələcəyinə necə təsir göstərə bilər?
Skeptiklərin uğurları: Avropada siyasi əhval-ruhiyyə dəyişir
Amerikada Donald Trampın siyasi qələbəsindən sonra ekspertlər bütövlükdə Qərbdə proseslərin hansı istiqamətdə gedə biləcəyini proqnozlaşdırmağa çalışırdılar. Bir sıra mütəxəssis hesab edir ki, Avropa İttifaqına daxil olan ölkələrdə də qloballaşmaya, Avro-Atlantik məkanda inteqrasiyaya, Aİ-nin yeni birlik səviyyəsinə yüksəlməsinə qarşı olan siyasətçilərin öz dövlətlərində reytinqləri sürətlə artır. Həmin ölkələr sırasında Avstriya, İtaliya, Hollandiya, Fransa, Almaniya, Böyük Britaniya və digərlərinin adı çəkilir. Avstriyada ifrat sağçı Norbert Hofer daha radikal düşüncəlidir. Azadlıq Partiyasının lideri olan N.Hoferin əsas şüarı "öncə Avstriya"dır. O, Avropa İttifaqına qarşıdır. Miqrantları qəbul etmir, Avstriyada İslamı görmək fikrində deyil.
Prezident seçkisində N.Hofer kiçik fərqlə üçüncü turda "yaşıl" Aleksandr Van der Bellenə uduzub. İlk turda N.Hofer 36% səslə ikinci tura çıxmışdı. İkinci mərhələdə onunla A.Van der Bellen arasındakı fərq cəmi 0,6% olub. Verilən etiraz ərizəsindən sonra üçüncü tur keçirilib və bu zaman N.Hofer 7%-lik fərqlə geridə qalıb. Ancaq ekspertlər "Hofer niyə uduzdu?" sualına belə cavab verirlər: "Çünki ona qarşı bütün qüvvələr birləşib və Azadlıq partiyasının miqrantlarla bağlı fikirlərini iqtidar real olaraq tətbiq edib" (bax: Италия становится еще одной европейской проблемой / "Взгляд", 5 dekabr 2016).
Deməli, faktiki olaraq Avstriyada avroskeptik, islamofob və antimiqrantçı bir siyasi lider böyük nüfuz sahibidir. Son seçkidə onun ciddi mübarizə aparması müvəqqəti "yüngüllük" deməkdir. Bundan sonrakı mərhələdə nəticənin necə olacağını kimsə dəqiq proqnozlaşdıra bilmir. İtaliyadakı referendum həmin aspektdə çox maraq doğurur. Çünki bu ölkədə də inteqrasiya tərəfdarları ilə milli təcridçilər arasında gərgin mübarizə gedir. İkincilərin sırasında ilk adı çəkilən komik siyasətçi Cüzeppe Qrillodur.
Bəli, İtaliyada məzhəkəçi C.Qrillonun 2009-cu ildə yaratdığı etirazçı "Beş ulduz" hərəkatının populyarlığı getdikcə daha da artır. Onu antimüsəlman mövqeli komik siyasətçi olaraq tanıyırlar. Hətta London merinin müsəlman seçilməsini belə ciddi tənqid edir. O, nə vaxtsa, bu müsəlmanın Londonun mərkəzi meydanında özünü partladaraq şəhid olacağından bəhs edir.
Bunu ekspertlər C.Qrillonun "müsəlmanlara etibar edilməz" mövqeyində olması kimi qiymətləndirirlər. C.Qrillo həm də xeyli dərəcədə avroskeptikdir. O, Avropada inteqrasiyanı qəbul etmir. Bunlara baxmayaraq, məzhəkəçi siyasətçinin reytinqi ölkədə sürətlə artmaqdadır. 2013-cü ildə "Beş ulduz" İtaliya parlamentinə seçkidə uğur qazandı, 2014-cü ildə isə Avropa Parlamentinə seçkilərdə nailiyyət əldə etdi. Bu, ekspertləri çox təəccübləndirdi (bax: Андрей Кортунов. Итоги итальянского референдума: головная боль Рима или Брюсселя? / РСМД, 5 dekabr 2016).
Onu vurğulayaq ki, İtaliyada referendum keçirilməsinə baş nazir Matteo Rensi təşəbbüs göstərmişdi. O, 3 ilə yaxındır ki, bu vəzifədə çalışırdı. İtaliya üçün bu, normal müddətdir. M.Rensinin irəli sürdüyü konstitusiya dəyişiklikləri avrointerqasiyanı daha da dərinləşdirməyə xidmət edirdi. M.Rensi referendumdan əvvəl demişdi ki, uduzsa, istefa verəcək, çünki bu, cəmiyyətin onun siyasi xəttini müdafiə etməməsi anlamına gəlir. İtalyanlar M.Rensinin islahatlarının əleyhinə səs verdilər. Onu cəmi 40% vətəndaş dəstəkləyib. Ekspertlərin rəyinə görə, baş naziri məhz C.Qrillonun partiyası istefaya göndərib. Deməli, İtaliyada bu gün növbədənkənar seçki keçirilsə, "Beş ulduz" qalib gələcək. Bunu hiss edən C.Qrillo öz Tvitter səhifəsində yazıb ki, "bir həftəyə yeni seçki qanunvericiliyi qəbul edilməlidir" (bax: Поражение Ренци может ударить по единству Евросоюза / "Независимая газета", 5 dekabr 2016).
İki ssenaridən biri: "köhnə qitə" çətin seçim qarşısında
Avropa İttifaqı üçün kifayət qədər ciddi siqnaldır. Bəzi siyasətçilər Matteo Rensinin Devid Kameronun taleyini təkrarladığını qeyd edirlər. Bununla "Brexit"dən "Italexit"in ola biləcəyinə işarə verirlər. Maraqlıdır ki, Avropanın bir sıra siyasi liderləri baş verənləri yalnız İtaliyanın daxili işi adlandırıblar (bax: Маттео Ренци проиграл референдум: что дальше? / "ИноСМИ.RU", 5 dekabr 2016).
Hər bir halda İtaliyada avrointeqrasiyanın əleyhdarları qalib gəliblər. Brüssel bu prosesin təşkilatın digər üzvlərinə də təsir edəcəyindən möhkəm narahatdır. Özü də nəzərə alaq ki, Aİ-nin əksər dövlətlərində seçkilər olmalıdır. Bütün bunlar Aİ-nin siyasi taleyi ilə bağlı hansı proqnozları verməyə imkan yaradır? Hər şeydən əvvəl, artıq həmin geosiyasi məkanda proseslərin dönməz hal aldığını vurğulamaq lazımdır. Konkret desək, Böyük Britaniya, Almaniya və Fransa kimi böyük dövlətlərin də daxil olduğu Avropa cəmiyyətlərində ciddi siyasi dəyişikliklər özünü göstərir. Almaniyanın kansleri Angela Merkel son günlər açıq bildirib ki, ölkə NATO və Rusiya ilə əlaqələrə yenidən nəzər salmalıdır. Səbəb kimi isə son zamanlar müşahidə edilən geosiyasi prosesləri göstərib. Bu o deməkdir ki, Almaniyanın xarici siyasətində gözlənilməz dəyişikliklər ola bilər.
Böyük Britaniyada avrointeqrasiya əleyhdarı, Birləşmiş Krallıq Müstəqil Partiyasının lideri Nigel Faracın reytinqinin yüksəlməsi narahatlıqla izlənir, Fransada isə hamının yaxşı tanıdığı Marin Le Pen uğurlar qazanır. Bunlara Almaniyada fəaliyyət göstərən islamofob və avroskeptik Frauke Petrini də əlavə etsək, Aİ-dəki ümumi mənzərə bir qədər də aydın olar. Deməli, Aİ-nin siyasi taleyində birləşmək deyil, parçalanmaq, müxtəlif qruplara bölünmək tendensiyası getdikcə vüsət alır. Bunun davam etməsi halında təşkilatda ciddi funksional və struktur problemlərinin meydana çıxması gözləniləndir.
Artıq İtaliyada C.Qrillo kimi siyasətçilər qələbəyə yaxın olduqlarını hiss edirlər. Onlar cəmi bir neçə il əvvəl parlamentdə hansısa yerə ümid edirdilərsə, indi ölkəyə rəhbərlik etmək və siyasi sistemi dəyişməyə can atırlar. Əslində, bu məqam çox düşündürücü bir faktı gündəmə gətirir. Belə çıxır ki, son illər Aİ-ni bürüyən böhran vəziyyəti təşkilata üzv olan ölkələrdə siyasi abı-havanı və əhalinin əhval-ruhiyyəsini dəyişməkdədir. Seçici birmənalı olaraq Avropanın ənənəvi siyasi elitasını dəstəkləmir. Yəni söhbət hansısa konkret şəxsdən getmir, Qərb siyasi konsepsiya böhranını yaşayır. Orada sağ, yaxud sol təmayüllü siyasətçinin deyil, mövcud sistemi dəyişə bilən qüvvənin hakimiyyətə gəlməsinə yol açılıb.
Etiraf etmək gərəkdir ki, bu məqam son dərəcə əhəmiyyətli yeniləşmələrə aparıb çıxara bilər. Burada Aİ-nin taleyi aspektində iki ssenaridən birinin reallaşması mümkündür. Birincisi, Aİ-də milli təcridçilik, özünəqapanma, antiqloballaşma və antiinteqrasiya meylləri daha da güclənərək, təşkilatı ya son dərəcə zəiflədər, ya da tamamilə məhv edər.
İkincisi, yaranmış mürəkkəb və ziddiyyətli vəziyyət Aİ-də yeni səviyyədə birliyə, inteqrasiyaya və sıçrayışlı inkişafa yol aça bilər. Bu ssenarilərdən hansının daha real olduğunu öncədən demək çətindir. Çünki proseslər hələ durulmayıb, siyasi qüvvələr arasında mübarizə davam edir. Digər tərəfdən isə dünyanın başqa böyük geosiyasi gücləri bir-birinə təsir etməkdədirlər. Aİ də bundan yan keçə bilmir. O halda Aİ özünü müdafiə məqsədi ilə konkret addım ata, məsələn, öz ordusunu yarada, xarici təhlükə ətrafında əhalisini birləşdirə bilər. Bu variantda avroskeptiklərin şansları xeyli azalmış olar.
Beləliklə, Avropa İttifaqı faktiki olaraq yol ayrıcındadır. Burada bir-birinə zidd olan siyasi proseslər gedir. Eyni zamanda, Aİ ilə ABŞ, Rusiya və Çin kimi böyük dövlətlər arasında qarşılıqlı münasibətlərin hansı istiqamətdə inkişaf edə biləcəyi məsələsi aktuallaşıb. Həmin qüvvələrdən heç biri maraqlarını Aİ-yə güzəştə getmək fikrində deyil. Bu isə təşkilatın xarici siyasət sahəsində də ağır günlər keçirə biləcəyi anlamına gəlir. Sözün həqiqi mənasında Avropa üçün son 200 ildə əsl tarixi sınaq mərhələsi başlayıb.
Newtimes.az