Piter Teyz: Azərbaycanın işğal altındakı ərazilərinə getmək qanunsuzdur və bu, neqativ nəticələr doğurur | 1news.az | Xəbərlər
Siyasət

Piter Teyz: Azərbaycanın işğal altındakı ərazilərinə getmək qanunsuzdur və bu, neqativ nəticələr doğurur

17:28 - 10 / 02 / 2017
Piter Teyz: Azərbaycanın işğal altındakı ərazilərinə getmək qanunsuzdur və bu, neqativ nəticələr doğurur

ABŞ-ın beynəlxalq münasibətlər sahəsində eksperti Piter Teyz Aleksandr Lapşinin saxlanılması və ekstradisiyası ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycan qanunlarını davamlı olaraq pozan Aleksandr Lapşin Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Azərbaycana ekstradisiya edilib. Siz onun hərəkətlərinə və ekstradisiya olunmasına necə baxırsınız?

- Bildiyiniz kimi, Lapşin Azərbaycanın işğal altındakı ərazilərinə uzun illər ərzində davamlı olaraq gedirdi. Lakin beynəlxalq sərhədi Azərbaycanın razılığı olmadan keçmək istənilən halda qanun pozuntusudur. Lapşinin işi bu cür hərəkət edən digər şəxslərdən onunla fərqlənir ki, o, nəinki Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionuna gedib, həm də açıq-aşkar separatçılığa, dövlət sərhədini pozmağa çağırışlar edib. Hətta sosial şəbəkədəki səhifəsində Azərbaycanın onu “qara siyahıya” salmasını və hökumət orqanlarının onu saxlaya bilməməsini lağa qoyub. Üstəlik, Lapşin, görünür, Azərbaycan hakimiyyətini və xalqını daha çox hiddətləndirmək məqsədilə növbəti səfərləri üçün həm də maliyyə vəsaiti yığmağa (güman ki, erməni auditoriyasında) cəhd edib.

Bildiyimə görə, Lapşin dövlət əleyhinə ictimai çağırışlar və dövlət sərhədini qeyri-qanuni keçmək kimi cinayət əməllərinə görə beynəlxalq axtarışa verilmişdi. O, nəinki Azərbaycana giriş üçün hər hansı hüquqi sənəd olmadığı halda Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə sərhədi keçib, həm də Bakıya, görünür ki, saxta Ukrayna pasportu ilə gəlib və orada onun adı başqa cür yazılıb. Görünür, onun fikrincə, bu cür hərəkətlər, yəni işğal altında olan Qarabağa getməsi, adının “qara siyahıda” olduğu halda başqa adla Bakıya gəlməsi digər qanunpozanları da ruhlandırmalıdır. Tamamilə aydın olan səbəblərdən bu cür hərəkətlər istənilən dövlətdə müvafiq orqanlar tərəfindən məhkəmə təqibinə gətirib çıxarır.

- Bəzi tərəflər Lapşinin ekstradisiyası ilə bağlı narazılıqlarını bildiriblər. Bu cür mülahizələr nə dərəcədə əsaslıdır?

- Nə etmək olar, hər kəsin öz narahatlığını ifadə etmək hüququ var, lakin Lapşin işğal altındakı Qarabağa sərbəst şəkildə gedəndə və bununla da Azərbaycan qanunlarını pozanda həmin tərəflər narahat olduqlarını bildiriblərmi? Hər zaman Lapşindən öz təbliğatında alət kimi istifadə edən təcavüzkar Ermənistan tərəfindən 750 min etnik azərbaycanlının Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan qovulması faktını nəzərə alsaq, o, açıq şəkildə separatçılığa və Azərbaycan sərhədlərini pozmağa çağırışlar edəndə həmin tərəflər narahatlıqlarını bildiriblərmi? Fikrimcə, cinayətkar əməllərinə görə İnterpolun axtarışında olan Lapşinin Azərbaycana təhvil verilməsində Belarus tərəfi bütün beynəlxalq və ikitərəfli sazişlərə tam uyğun hərəkət edib. Güman edirəm ki, Rusiya da, İsrail də Lapşinin əməlləri ilə bağlı vəziyyətin ciddiliyini gözəl başa düşürlər. Onun hərəkətləri həbs və ekstradisiya üçün əsas verir.

- Azərbaycan tərəfindən Lapşinin işi ilə bağlı təcili tədbir görülməsi barədə nə deyə bilərsiniz?

- Lapşinin məsuliyyətə cəlb olunmasına dair Azərbaycanın fəaliyyəti və göstərdiyi qətiyyət yüksək qiymətə layiqdir. Azərbaycan onun qanunlarını nümayişkaranə şəkildə pozan və onu saxlamaq iqtidarında olmamasına görə bu ölkəyə istehza edən cinayətkarı nəinki saxladı, həm də adları “qara siyahıda” olan bütün şəxslərə, habelə işğal altındakı Dağlıq Qarabağa getmək istəyən potensial qanunpozanlara başa saldı ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək qeyri-qanunidir və bu hərəkətlər neqativ nəticələr doğurur.

Təqdirəlayiqdir ki, Azərbaycanın hakimiyyət orqanları Lapşinin qeyri-qanuni fəaliyyəti ilə bağlı ardıcıl tədbirlər görüblər. Onlar Lapşinin işi ilə bağlı məsələlərin digər ölkələrlə birgə həllində diplomatik səylərə görə də hörmətə layiqdirlər. Əslində hamını başqa ölkədən kiminsə Azərbaycanın işğal altındakı ərazisinə getməsi və ədalət mühakiməsindən qaçması deyil, Azərbaycan vətəndaşlarının öz torpaqlarına getmək imkanından məhrum olması narahat etməlidir. Azərbaycanın iki vətəndaşının doğma torpağına getməsi üstündə erməni rejiminin nəzarətində olan Xankəndində əsir götürülməsi ədalət mühakiməsinin olmamasının təsdiqidir. Məhz burada biz ədalətsizliyi görürük və məhz burada ədalət bərpa olunmalıdır.

AZƏRTAC

Paylaş:
787

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər