Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü – FOTO
Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemlərinin həlli, onlara diqqət və qayğının göstərilməsi daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Gərgin iş rejiminə və dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət miqyasına baxmayaraq, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həlli ulu öndərin gündəlik qayğısına çevrilmişdi.
Məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın təcavüzkar siyasəti ifşa edildi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4 qətnaməsi qəbul edildi.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ünvanlanan tədbirlər bu gün ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir.
Dövlət başçısı 2004-2016-cı illərdə qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 31 dəfə, o cümlədən yeni salınmış yaşayış qəsəbələrin və məhəllələrinin böyük əksəriyyətinin açılışında şəxsən iştirak edib.
Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ölkəmiz MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir.
Prezident İlham Əliyev hələ 2003-cü il oktyabrın 15-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi.
Eyni zamanda ölkədə olan, istismar müddəti başa çatmış 16 fin tipli qəsəbə ləğv edilib, bununla da ölkə üzrə mövcud olan fin tipli qəsəbələrin ləğvi prosesi başa çatdırılıb və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülüblər.
Ötən müddətdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, ölkə Prezidenti tərəfindən 96 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 368 qərar və sərəncam, Milli Məclis isə 34 qanun qəbul edib.
2004-cü ildə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü idi. Proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi. Sonrakı illərdə proqrama əlavələr edildi və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbir həyata keçirildi.
Ümumiyyətlə, 2001-2016-cı illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 95 müasir qəsəbə salınıb, 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Yeni salınmış yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz xətti çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 21 ildə 6,2 milyard manat vəsait sərf edilib. Həmin vəsaitin 2,8 milyard manat büdcə vəsaiti, 2,0 milyardı Dövlət Neft Fondunun, 1,4 milyardı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artıb.
Qaçqın və məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi sahəsində də ciddi işlər görülüb. Belə ki, əməkqabiliyyətli 380 min məcburi köçkündən 161 min nəfəri daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb edilib.
2016-cı ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 750 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb.
Prezident İlham Əliyev bu il yanvarın 23-də imzaladığı yeni fərmanla bir daha qaçqın və məcburi köçkünlərə dövlətin diqqət və qayğısını ortaya qoymuş oldu. Həmin fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
Fevralın 14-də Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliyi təsdiq etməsi isə onun məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür.
Fərmana əsasən məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq.
Həmin kontingent 01.02.2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq.
Dəyişikliyə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq.
Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyən edəcək və 15 gün ərzində qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu fərmana yuğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün Prezidentə təqdim edəcək.
Dövlət başçısının fərmanına münasibət bildirən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, Prezident İlham Əliyevin dünən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərlə bağlı imzaladığı növbəti fərman bir daha göstərir ki, möhtərəm prezidentimiz bu məsələlərə necə həssaslıqla yanaşır. Sanki hər bir qaçqına fərdi qaydada yanaşıldığı göstərilir:
“Bu gün 90-cı illərin əvvəllərində olan problemlərə demək olar ki, rast gəlmək mümkün deyil. Bir milyondan çox qaçıqın və məcburi köçkünün böyük əksəriyyəti yeni qəsəbələrdə, şəhərciklərdə, müasir standartlara cavab verən gözəl mənzillərdə məskunlaşıblar. Regionlarda məskunlaşan şəxslərə isə hətta həyətyanı sahələr verilib, onların şəxsi təsərrüfatla məşğul olmaları üçün hər bir şərait yaradılıb. Bütün bunlar qaçqın və məcburi köçkünlərə dövlətin qayğısı və şəxsən Prezident İlham Əliyevin bu sahədə apardığı siyasətin nəticəsində mümkün olub.
Bununla belə qaçqınların bir hissəsi bu gün də pansionatlarda, yataqxanalarda, yarımçıq tikililərdə yaşayır. Bu isə möhtərəm Prezidentimizi hədsiz dərəcədə narahat edən bir məsələdir. Heç bir Azərbaycan vətəndaşı razı olmaz ki, onun soydaşı, qardaşı, qohumu belə bir şəraitdə yaşasın. Bu baxımdan dövlət başçısının son fərmanı çox mühüm bir fərmandır və inanıram ki, qısa bir zamanda bütün qaçqın və məcburi köçkünlər yeni, müasir mənzillərlə təmin olunacaqlar”.
Dövlət başçısının işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamını xatırladan M.İbrahimqızı Prezidentin imzaladığı son fərman və sərəncamların cəmiyyətdə böyük ruh yüksəkliyi, qələbə əhval-ruhiyyəsi yaratdığını vurğulayıb:
“Dövlət başçısının aprel döyüşləri zamanı Tərtərdə işğalçı ermənilər tərədindən dağıdılmış evlərin bərpası ilə bağlı göstəriş verməsi, az sonra hərbi şəhərciyin istifadəyə verilməsi, daha sonra isə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalaması bir daha onu göstərir ki, möhtərəm Prezidentimiz qələbənin necə yaxın olduğuna əmindir. Bu da xalqda böyük vətənpərvərlik ruhu yaratmaqla yanaşı, cəmiyyətdə qələbəyə inamı artırır”.
Babək Cahandarov
Mövzu ilə əlaqədar:
Deputat: Dövlət başçısının fərmanı məcburi köçkünlərə qayğının bariz nümunəsidir
Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı