Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib – FOTO

09:58 - 24 / 02 / 2017
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib – FOTO

Fevralın 23-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr

2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublika sosial-iqtisadi inkişafının yeni dövrünü yaşayır. İqtisadiyyatın bütün sahələri kimi tikinti sektoru da sürətlə inkişaf etməkdədir. 2016-cı il ərzində 14 təhsil müəssisəsi, 4 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 29 mədəniyyət obyekti, 13 kənd mərkəzi, 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 17 inzibati bina inşa olunub, 61,5 kilometrdən artıq yeni avtomobil yolları salınıb, 3 körpü tikilib, 2 körpü isə yenidən qurulub.

Qeyd olunub ki, 2017-ci ildə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsindəki 2 nömrəli, İstiqlal küçəsindəki 79 nömrəli yaşayış binalarının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası binasının fasadının üzlənməsi, Qaraxanbəyli kəndində 414 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzi binalarının tikintisi, Şərur rayonunun Ələkli kəndində 216 şagird yerlik tam orta məktəb binasının, kənd musiqi məktəbi və kənd mərkəzi binalarının yenidən qurulması, xidmət mərkəzi binasının tikintisi, Ərəbyengicə kəndində 192 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının, Qarahəsənli kəndində kənd və xidmət mərkəzi binalarının tikintisi və 216 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, Babək rayonunun Payız kəndində 252 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzi binalarının tikintisi, Culfa rayonunun Dizə kəndində 216 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının tikintisi, Ordubad rayonunun Üstüpü kəndində 252 şagird yerlik tam orta məktəbin, kənd mərkəzi, xidmət mərkəzi və həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunda 48 mənzilli yaşayış binasının tikintisi və muxtar respublika üzrə 80,2 kilometrlik avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev deyib ki, qəbul olunmuş dövlət proqramları və həyata keçirilən sosial-iqtisadi islahatlar muxtar respublikada aqrar bölmənin inkişafında mühüm rol oynayıb. Əhalini ilboyu kənd təsərrüfatı məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar və sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi, tutumu 27 min ton olan uzunmüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 235 heyvandarlıq, 64 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq, 72 bağçılıq və üzümçülük təsərrüfatı fəaliyyət göstərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 1835 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 1506-sı lizinq yolu ilə sahibkarlara verilib. Əkinçilikdə, xüsusilə dənli bitkilərin məhsuldarlığının yüksəldilməsində ən əsas amillərdən biri keyfiyyətli toxum materialı ilə əkin aparılmasıdır.

Aqrar sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 100 min 768 ton dənli və dənli-paxlalı, 10 min 500 ton dən üçün qarğıdalı, 725 ton dən üçün günəbaxan, 83 min ton tərəvəz, 46 min ton kartof, 38 min ton bostan məhsulları, 52 min ton meyvə, 15 min 600 ton üzüm, 25766 ton ət, 81372 ton süd, 80,5 milyon ədəd yumurta, 1022 ton yun və 1403 ton bal istehsal olunub. Kənd təsərrüfatı sahəsinin dinamik inkişafı ixracın həcminə də müsbət təsir göstərib, nəticədə ötən il muxtar respublika üzrə 99 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunub. Görülmüş işlərin nəticəsidir ki, 2016-cı ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 429 milyon 448 min manat olub ki, bu da 2015-ci illə müqayisədə 6,1 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr barədə məruzə edib:

“Hörmətli deputatlar və sessiya iştirakçıları!

Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasına dönmədən əməl olunması nəticəsində ölkə, eləcə də muxtar respublika iqtisadiyyatında dinamik inkişaf meyilləri qorunub saxlanmışdır. Yerli xammal və ehtiyatlardan səmərəli istifadə etməklə istehsal müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, əhali gəlirlərinin artmasına səbəb olmuşdur. Blokada şəraitinin çətinliklərinə baxmayaraq Naxçıvan Muxtar Respublikasının ərazi, ərzaq və enerji təhlükəsizliyi təmin edilmiş, nəqliyyat-kommunikasiya sahəsi müasirləşdirilmiş, ekoloji vəziyyət sağlamlaşdırılmış, sosial infrastruktur layihələri həyata keçirilmişdir.

Aparılmış təhlillərdən aydın olur ki, sosial-iqtisadi sahədə muxtar respublikanın inkişafını daha da sürətləndirmək üçün imkanlar çoxdur. Lakin ötən dövrdə bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində aşkar olunmuş çatışmazlıqlar göstərir ki, 2017-ci ildə nəzarət və tələbkarlıq daha da artırılmalıdır.

Cari ildə Maliyyə Nazirliyi büdcə vəsaitindən qənaətlə, səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına nəzarəti artırmalı, mal-material alınarkən izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə olunmalıdır.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydaların icrasını təmin etməlidirlər.

Bu gün dünyada gedən böhrandan qorunmağın ən yaxşı yolu yerli istehsalın inkişaf etdirilməsidir. Bu, bir tərəfdən idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən əhali məşğulluğuna əhəmiyyətli təsir göstərir. Daxili bazarın qorunması, ərzaq məhsullarına olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yerli xammala əsaslanan yeni istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdirilməlidir. Layihələr seçilərkən keyfiyyət amili diqqətdə saxlanılmalı, qabaqcıl texnologiya ilə işləyən müəssisələrə üstünlük verilməlidir. Nazirlik çalışıb ona nail olmalıdır ki, sahibkarlıq subyektlərinə verilmiş kreditlər təyinatı üzrə istifadə edilsin, istehsal müəssisələrində məhsulun keyfiyyətinə xələl gətirmədən onun maya dəyərinin aşağı salınması üçün mütərəqqi üsulların tətbiqinə diqqət artırılsın.

Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir.

İqtisadiyyat Nazirliyi muxtar respublikada istehsal olunan məhsulların xarici bazarlara çıxarılması və tanıdılması məqsədilə tədbirləri davam etdirməlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində istehsal müəssisələrində və bazarlarda keyfiyyət amilini qorumalıdır. Uşaq bağçaları, məktəblər, xəstəxanalar və digər qapalı müəssisələr keyfiyyətli yerli məhsullarla təmin edilməlidir.

Daxili bazarın kənar təsirlərdən qorunması və tənzimlənməsi də vacib məsələlərdəndir. Daxili işlər və gömrük orqanları muxtar respublikaya işlənmiş avadanlıq və yararsız malların gətirilməsinin qarşısını almalıdırlar. Nəzərə alınmalıdır ki, bunlar iqtisadi inkişafa zərər vurmaqla bərabər, insanların həyatı və sağlamlığı üçün də ciddi təhlükə yaradır.

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsas sahəsi kimi hər zaman diqqət mərkəzindədir. Tapşırıq verilmişdir ki, məhsuldarlığın artırılmasında rayonlaşmanın çox böyük əhəmiyyəti nəzərə alınaraq əkin atlasları tərtib olunsun və aidiyyəti üzrə yerlərə göndərilsin. Lakin araşdırmalar göstərir ki, yerlərdə məhsul istehsalçıları ilə maarifləndirmə tədbirlərinin zəif təşkili nəticəsində atlaslardan lazımi səviyyədə istifadə edilmir. Müasir əkin və suvarma metodlarının təbliği, aqrotexniki qaydalara əməl olunması, torpaqlardan təyinatı üzrə istifadəyə nəzarət sahəsində də çatışmazlıqlar mövcuddur. Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları əkilməyən boş torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasını təmin etməli, əkinçilikdə müasir aqrotexniki qaydaların tətbiqi, bitkiçilik məhsullarının yerli şəraitə uyğun əkilməsi, torpaqların münbitliyinin artırılması ilə bağlı maarifləndirmə tədbirlərini mövcud nümunələr əsasında təşkil etməlidirlər. Meyvəçilik, arıçılıq kimi tarixi ənənələrə malik sahələrdə istehsal həcminin artırılması üçün tətbiq olunmuş və özünü doğrultmuş mütərəqqi üsullardan istifadəyə də nail olunmalıdır.

Əkin sahələrində suvarmaya nəzarət gücləndirilməlidir. Müasir suvarma metodlarına üstünlük verilməməsinin nəticəsidir ki, Şərur rayonu üzrə 330, Babək rayonu üzrə 93, Culfa rayonu üzrə 66, Kəngərli rayonu üzrə 124, Sədərək rayonu üzrə 3 min 229, Naxçıvan şəhəri üzrə 280 hektar, ümumilikdə 4 min 122 hektar torpaq sahəsi şoranlaşmış, Şərur rayonu üzrə 3 min 198, Babək rayonu üzrə 714, Ordubad rayonu üzrə 36, Culfa rayonu üzrə 584, Kəngərli rayonu üzrə 1118, Sədərək rayonu üzrə 112, Naxçıvan şəhəri üzrə 420 hektar olmaqla, cəmi 6 min 182 hektar torpaq sahəsi isə çəmənləşməyə məruz qalmışdır. 2017-ci ildə şoranlaşmış və ya çəmənliyə çevrilmiş torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması üçün aid təşkilatlar tədbirlər planı hazırlamalı və həyata keçirilməsinə başlamalıdırlar.

Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi də su itkisinə yol verilməməsi üçün müasir suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində tədbirləri davam etdirməlidir. Həmçinin komitə tərəfindən şəhər, rayon mərkəzləri və ətraf kəndlərdə içməli su və kanalizasiya xətlərinin çəkilişinin icrası zamanı keyfiyyət amilinə xüsusi diqqət yetirilməlidir.

Bu gün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində yeni innovasiyaların tətbiqinə və müasir texnikalardan istifadəyə geniş yer verilir. Muxtar respublikada da əl əməyini yüngülləşdirmək və məhsuldarlığı artırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müasir kənd təsərrüfatı texnikalarının alınaraq gətirilməsi davam etdirilməlidir.

Heyvandarlığın inkişafına da diqqət artırılmalıdır. Dövlət Baytarlıq Xidməti xəstəliklərə qarşı peyvəndləmənin vaxtında aparılmasını təmin etməli, heyvanlara qulluq və saxlanılma şəraiti ilə bağlı əhali arasında maarifləndirmə işini gücləndirməlidir. Məhsuldarlığı artırmaq üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və süni mayalanma tədbirləri davam etdirilməlidir.

Torpaqlardan düzgün və təyinatı üzrə istifadəyə də diqqət artırılmalı, Daxili İşlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları torpaqların zəbt olunması hallarına qarşı tədbirləri gücləndirməlidirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kənd təsərrüfatı üçün yararlı olmayan ərazilərdə yaşıllıq zolaqlarının, eləcə də meyvə bağlarının salınmasını təşkil etməli, təbii ehtiyatlardan səmərəli istifadəyə nəzarəti artırmalıdır.

Verilən kreditlərin daha çox real sektora yönəldilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi konkret tədbirləri özündə əks etdirən təkliflər hazırlamalıdırlar. Kreditlərə olan tələbat və kreditin qaytarılma imkanları düzgün qiymətləndirilməli, həmin vəsaitdən təyinatı üzrə və səmərəli istifadəyə nəzarət olunmalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintidə keyfiyyət amilinə xüsusi diqqət yetirməli, layihələr təhlil edilməli, izafi xərclərin qarşısı alınmalıdır.

Son illər muxtar respublikada tikinti materiallarının istehsalı ilə məşğul olan bir sıra müəssisələr fəaliyyətə başlamışdır. Ona görə də tikinti təşkilatları inşaat materialları alarkən birinci növbədə yerli məhsullardan istifadəyə üstünlük verməlidirlər.

İstifadəçiləri fasiləsiz elektrik enerjisi və təbii qazla təchiz etmək, mövcud infrastrukturun dayanıqlığını təmin etmək məqsədilə Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi müvafiq tədbirlər görməlidir.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Dövlət Energetika Agentliyi yerli mütəxəssislərin hazırlanması tədbirlərini bundan sonra da diqqət mərkəzində saxlamalı, göstərilən xidmətlərin keyfiyyəti artırılmalıdır.

Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni və dərslərin fənn kabinələrində keçirilməsini təmin etməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi aparılan elmi tədqiqatların səmərəliliyinə və istehsalatda tətbiqinə çalışmalı, gənc elmi kadrların hazırlanması işinə diqqəti artırmalıdır.

Ali təhsil müəssisələri də gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi səviyyəsini yüksəltməlidirlər. Müvafiq ixtisaslar üzrə hazırlanan tədris və elmi-metodik vəsaitlərin səviyyəsi artırılmalı, ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə üstünlük verilməlidir.

Muxtar respublikanın bütün tibb müəssisələrində zəruri maddi-texniki baza yaradıldığı üçün Səhiyyə Nazirliyi tibbi heyətin ixtisasının artırılmasını davam etdirməli, səhiyyə xidmətinin səviyyəsini yüksəltməlidir.

Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlarda kadrların düzgün yerləşdirilməsini və mədəni xidmətin səviyyəsinin yaxşılaşdırılmasını təmin etməlidir.

Gənclər və İdman Nazirliyi muxtar respublikada olan idman qurğu və obyektlərindən, eyni zamanda, Olimpiya-İdman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına diqqəti artırmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qayğıya ehtiyacı olanların səmərəli məşğulluğu ilə bağlı tədbirləri davam etdirməli, peşə hazırlığını əmək bazarına uyğunlaşdırmalıdır.

Muxtar respublikada ətraf mühitin qorunması sahəsində tədbirlər davamlı xarakter almışdır. Lakin təəssüf ki, hələ də müxtəlif növ tullantıların ərazilərə atılması hallarına rast gəlinir. Yerli icra hakimiyyətləri abadlıq-təmizlik işlərinə diqqəti artırmalı, əkinəyararlı boş torpaq sahələrindən istifadə ilə bağlı tədbirlər görməlidirlər. Bundan başqa, vətəndaşların müraciətlərinin həlli, tikilənlərin qorunması, nizam-intizam diqqət mərkəzində olmalıdır.

Dövlət Statistika Komitəsi sosial-iqtisadi inkişafla bağlı görülmüş işlər və nəticələr haqqında tematik təhlili materiallar hazırlayaraq kütləvi informasiya vasitələrində dərc etdirməlidir.

Hüquq-mühafizə orqanları maarifləndirmə və profilaktika tədbirlərinə geniş yer verməli, ictimai asayişin və dövlət əmlakının qorunması üçün səylərini artırmalıdır.

Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığını daim artırmalı, ehtiyatlardan və resurslardan səmərəli istifadə olunmalıdır.

Muxtar respublikanın teleradio və qəzetlərində tarixi-mədəni irsimiz və milli dəyərlərimizlə bağlı maarifçilik işi gücləndirilməlidir.

Hörmətli sessiya iştirakçıları!

2017-ci ildə də qarşıdakı mühüm vəzifələrin icrasında sizə uğurlar arzulayır, çıxışımı ölkə rəhbəri cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır”.

Sağ olun”.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi haqqında çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2016-cı ildə bütün mənbələr hesabına 69 milyon manat proqnoza qarşı 73 milyon 605 min 636 manat vəsait daxil olub, tapşırıq 106,7 faiz icra olunub. 2016-cı ildə büdcə daxilolmalarının 86,5 faizi vergi orqanları, 9,6 faizi gömrük orqanları tərəfindən, 3,2 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,7 faizi isə digər daxilolmalar vasitəsilə təmin edilib. Büdcə gəlirlərinin icrası mərkəzləşdirilmiş büdcə üzrə 105,1 faiz, Naxçıvan şəhəri üzrə 110,4 faiz, Şərur rayonu üzrə 110 faiz, Babək rayonu üzrə 109,7 faiz, Ordubad rayonu üzrə 110 faiz, Culfa rayonu üzrə 109,4 faiz, Şahbuz rayonu üzrə 108,6 faiz, Kəngərli rayonu üzrə 109,4 faiz, Sədərək rayonu üzrə 110,5 faiz olub. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2016-cı ildə 351 milyon 350 min manat dürüst təyinata qarşı 350 milyon 703 min 498 manat və ya 99,8 faiz icra olunub. Maliyyə orqanları 2017-ci ilin dövlət büdcəsinin icrası istiqamətində də bütün tədbirlər vaxtında həyata keçirəcəkdir.

Sonra sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.

Ali Məclisin Sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcəkdir. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırıb.

AZƏRTAC

 

Paylaş:
1170

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər