Mübariz Əhmədoğlu: Rusiya, Qərb və İranın təsirlərinin Ermənistan üzərində çarpaz kəsişməsi dövrü başladı
Rusiya hal-hazırda İran üçün favorit dövlətə çevrilib. İrana qarşı xaricdən olan ən böyük təzyiq ABŞ tərəfindəndir. D.Tramp İranı terrorçu dövlət adlandırdı və onun İranı hədələməsinə cavab olaraq İran tərəfi ballistik raketlərin sınağını keçirdi. ABŞ İrana xəbərdarlıq etdi və raket sınağını BMT TŞ qətnamələrinə zidd olduğunu bildirdi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiya, ABŞ və İranın Ermənistana təsiri ilə bağlı xəbəri şərh edərkən bildirib:
D.Tramp İrana qarşı atdığı addımlar barədə əvvəlcədən anons etməyəcəyini bildirdi; ABŞ İrana qarşı gözlənilmədən hərbi əməliyyatlara başlaya bilər. ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşündə də əsas müzakirə mövzusu ABŞ-ın bu regionda keçirdiyi hərbi əməliyyatlara Rusiyanın müdaxilə etməsinin arzuolunmazlığını onun diqqətinə çatdırmaq idi. İran vəziyyəti başa düşür, həm hərbi təlimlər keçirməklə həm də Rusiya ilə münasibətləri yaxşılaşdırmaqla ABŞ-a cavab verir.
RF Xİ naziri Münhen Təhlükəsizlik Konfransında İranın Xİ naziri C.Zəriflə bağlı qapı arxasında görüş keçirdi. Trampın hədələrinə görə İran yenidən Rusiyaya sığınır. Amma İranın formalaşmış siyasi praktikasında Rusiyaya rəqib kimi, yuxarıdan aşağı baxmaq hələ də davam edir. İranda Avropa və Rusiya nazirlərinə tam fərqli münasibət var. Avropanın ən kiçik dövlətindən gələn nazirlər İranda prezident səviyyəsində qəbul olunur. Rusiyanın baş nazirin müavini D.Roqozinin yaxınlarda İrana səfəri təxirə salındı. Müxtəlif səbəblər göstərilsə də səfər proqramı aşağılayıcı formada hazırlanmışdı. Rusiyanın Baş Nazirinin müavini İranda heç bir nüfuzu olmayan ştatdan kənar vitse-prezidentlə görüşməli idi.
İran Rusiya ilə iqtisadi əlaqələrinə yeni məzmun və dinamizm verib. Buşer AES-in ikinci növbəsinin tikintisi üçün İran Rusiyaya 185 milyon avro avans verdi. Lavrovun fikrincə, İran heç vaxt terrorçuluğu dəstəkləməyib.
RF enerji naziri A.Novak İranda səfərdə oldu. İran 12 ədəd Suxoy Superjet-100 təyyarəsi almaqla bağlı danışıqlara başladı.
Rusiya İranın cənubunda “Sirik” istilik elektrik stansiyası tikəcəkdir. Ümumi məbləğ 1,4 milyard dollardır. Stansiyanın tikintisində istifadə olunan material, avadanlıq və texnologiyaların 70 faizi Rusiya məhsulu olacaqdır.
A.Novak RF-Gürcüstan-Ermənistan-İran elektrik enerjisi koridorunun texniki əsaslandırmasını müzakirə etdi. İran tərəfi Novakın səfəri zamanı Rusiya qazının Azərbaycan Respublikası vasitəsilə İrana svop əməliyyatlarının müzakirəsindən imtina etdi. Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərin üçtərəfli forumu zamanı razılaşdırılan məsələlərdən biri də bu idi: Rusiya İranın Fars körfəzində sıxılmış qaz zavodu tikərək İran qazından xammal kimi istifadə etməklə dünya bazarına satış məqsədi ilə öz məhsulu kimi çıxarır. Əvəzində RF həmin miqdarda qazı Azərbaycan Respublikası ərazisi vasitəsilə İranın şimal regionlarına nəql edir. Nəticədə İranın şimal regionun qazla təminatındakı problemlər aradan qaldırılır. İranın şimal regionunda yaşayanların azərbaycanlı olduğunu nəzərə alaraq bundan imtina etdi. İran yenidən Rusiyaya öz hava məkanından istifadəyə icazə verə biləcəyini bəyan etdi.
Rusiya, Qərb və İranın təsirlərinin Ermənistan üzərində çarpaz kəsişməsi dövrü başladı.
Ermənistan rəhbərliyinin yeni siyasi aktivliyi belə vəziyyət yaratdı. Ermənistan Rusiya ilə əlaqələrinə yeni dinamizmlə yanaşı paralel olaraq İran və Qərblə də münasibətlərində yeni dinamizm yarada bilib. Hər üç tərəfin Ermənistana münasibəti Ermənistanın deyil, özlərinin maraqlarının daha çox təmin üzərində qurulub:
Rusiya Ermənistanla gediş-gəlişin daxili pasportla həyata keçirilməsinə nail ola bildi. Bununla da Rusiya Ermənistanın daxili regionlarına bərabərləşdi. Ermənistanın təhlükəsizlik və hərblə bağlı Rusiyanın qarşısında qaldırdığı məsələ ona baha başa gəlir. Abxaziya və Cənubi Osetiyanı dövlət hesab etmədən Ermənistan yeganə BMT üzvüdür ki, Rusiya vətəndaşları onun ərazisinə daxili pasportla vizasız girə bilirlər. Rusiya Ermənistanı öz daxili subyektinə çevirmək üçün lazım olan digər addımları da atacaq. Əvvəllər Rusiya Ermənistanın hərbisini özününküləşdirməklə bağlı kifayət qədər ciddi addımlar atmışdı. Enerji sahəsində də bu özünü göstərir. “Armrosqazprom”un “Qazprom Armeniya”ya çevrilməsi bu qəbildəndir. AİB vətəndaşlığı ideyasına Belarus və Qazxıstandan fərqli olaraq Ermənistan müqavimət göstərə bilməyəcək. Bəzi siyasətçilərin Ermənistanın Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun keçirilməsi ideyasını yada salaq.
ABŞ və Aİ –nin Ermənistanı özününküləşdirəcəklərinə ciddi inamları var. Bu inamın mənbələri Ermənistan rəhbərliyi və cəmiyyətidir. ABŞ və Aİ sadəcə davranış taktikası baxımından fərqlənirlər. ABŞ-dakı erməni təşkilatları Trampla əlaqələri yaxşılaşdırmaq üçün rəsmi Yerevanın ABŞ-a doğru real konkret addım atmasını zəruri hesab edirlər. Onların fikrincə, rəsmi Yerevan Tramp administrasiyasını ritorika ilə aldada bilməyəcək. Aİ ABŞ-a nisbətən Ermənistana daha çox inanır. Ermənistanın sərhəd regionlarında kifayət qədər riskli iqtisadi layihələri reallaşdırmaq üçün qrantlar ayırmışdı. Aİ-nin daha böyük inamı Ermənistandakı parlament seçkilərinin demokratik keçirilməsinədir. Bu məqsədlə Aİ seçki prosesinin videokameralarla monitorinqi üçün 7 milyon avro ayırdı. Bu real dəyərdən artıq məbləğdir.
Aİ ilə də əlaqələrin intensivləşməsinin son mərhələsinin təşəbbüskarı Ermənistandır. 2015-ci ildən başlayaraq Aİ ilə assosiativ müqavilənin imzalanması danışıqlarını Ermənistan zaman-zaman yubada bilib. İndi Ermənistan Aİ ilə assosiativ müqavilənin imzalanmasına razılıq verdi və S.Sərkisyan Brüsseldə olarkən bu məsələ qətiləşdi. Ermənistanla Aİ arasında sazişin imzalanması Rusiyanın marağında deyil. Rusiyaya yumşaq təzyiq rolunda Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyan çıxış etdi. O, Ermənistanla Aİ arasında assosiativ müqavilənin imzalanmasına xeyir-dua verdi və bu müqavilənin AİB üzvü olan Ermənistanın AİB-lə əlaqələrinə zidd olmadığını bildirdi. Ermənistanın Aİ ilə əlaqələrinin təməlində o zaman Ermənistanın baş naziri işləmiş T.Sərkisyan dayanır. İndi AİK-in sədri, o zamankı baş nazir T.Sərkisyan Aİ ilə apardığı danışıqlar zamanı hətta Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını bir neçə dəfə müzakirə etmişdi.
Ermənistan indi özünü İran-AİB münasibətlərində deyil, İran-Aİ münasibətlərində körpü kimi təqdim edir. Bəzi Aİ siyasətçiləri o cümlədən Aİ üzv dövlətlərinin verdiyi bəyanatlar bu yönümlüdür. İsveçrənin Ermənistandakı səfiri Lukas Qasser Ermənistan-İran münasibətlərinə üstün münasibət bildirdi. İsveçrənin Ermənistanda xüsusilə bu mövzuda aktivləşməsi diqqət çəkir.
Ermənistanın Qərblə əlaqələri Rusiyada qıcıq yaradırsa, bu əlaqələr İran üçün vacibdir. İran Ermənistana qarşı siyasətini dəyişdirir. Bu Ermənistanın daxilində öz mövqeyini gücləndirir. Ermənistanın daxilində məhz özünə məxsus qəssabxana tikintisinə nail olduqdan sonra sərhəddə yerləşən Aqarak və Mehri şəhərlərini öz ərazisindən nəql etdiyi qazla təmin etməyə başladı. Bu iki şəhərin qazlaşdırılması prosesi də İranın maliyyəsi əsasında reallaşdırıldı. İran Ermənistana antiAzərbaycan prizmasından dəstək verməklə yanaşı eyni zamanda məhz bu kontekstdən antierməni addımlara da başlayıb.
Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-İran hökumətlər arası komissiyasının həmsədri Ş.Mustafayev İranda olarkən “Xudafərin” və “Qız qalası” su qovşaqlarının tikintisinin vəziyyəti ilə yerində tanış ola bildi. Bu Azərbaycan rəsmi nümayəndə heyətinin erməni işğalı altında olan ərazilərə İranın təşkilatçılığı ilə etdiyi ilk səfər idi. Mehri-Nordüz sərhəd ticarəti ilə bağlı İran prezidentinin dekabr ayında Ermənistana səfəri zamanı imzalanmış bu müqavilənin ratifikasiyasından cəmi bir həftə keçmiş İran Ermənistanın əleyhinə olan bu addımı atdı. Bu İranın Ermənistan üzrə siyasətində özünü daha rahat hiss etməsinin göstəricisidir. İran Ermənistana qarşı “qamçı-qoğal” siyasətini reallaşdırmağa başlayıb.
Gürcüstan regionda üçtərəfli deyil, 2 ikitərəfli əməkdaşlığın tərəfdarıdır.
Ermənistanın baş naziri K.Karapetyan Gürcüstanda təntənəli qəbuldan və əldə olunmuş razılaşmalardan hədsiz razılığını və səfərin belə uğurla keçəcəyini gözləmədiyini bildirdi. Bütün məsələlərin, o cümlədən Yuxarı Lars marşrutunun alternativi məsələsinin onun baş nazir K.Kvirikaşvili ilə görüşündə həllini tapdığını bildirdi. Ermənistan-Gürcüstan arasında son yaxınlaşması və Yuxarı Lars marşrutunun alternativi barədə bəzi ümumiləşdirmələri təqdim edirik:
Tbilisi Türkiyə və Azərbaycandan narazıdır. Türkiyə prezidenti R.T.Ərdoğanın verdiyi bəzi bəyanatlar rəsmi Tbilisi tərəfindən Gürcüstanın ərazi bütövlüyünə təhdid kimi qəbul edilir. Türkiyəni özünə qarşı təhlükə kimi görən Gürcüstan Rusiya ilə yaxınlaşma kursunu götürüb. Bunun üçün Gürcüstan və Rusiya arasında kommunikasiyaların açılmasını vacib faktor kimi ortalığa qoyur. Rusiya isə indi əks mövqedədir. Gürcüstanın Abxaziya və Osetiya vasitəsilə kommunikasiya açması təklifini əvvəlcə bu subyektlərlə razılaşdırmağı təklif edir. Bu barədə RF XİN mətbuat xidmətinin rəhbəri M.Zaxarovanın “Cənubi Osetiya XİN-nin” bəyanatına verdiyi cavanda aydın göstərilir.
Cənubi Osetiya və ya Abxaziya adından verilən belə bəyanatların mahiyyəti bəllidir. Vaxtilə Rusiya hətta prezident V.Putin gürcü-abxaz dəmir yolunun açılmasını xahiş etsə də, Gürcüstan tərəfi bunu rədd etdi. İndi Gürcüstan tərəfi kommunikasiyaların açılmasını özü təklif edir. Amma Rusiya maneçilik törədir. Q.Kvirikaşvilinin tələm-tələsik K.Karapetyanın Gürcüstana dəvət etməsində əsas məqsədi Ermənistanı Gürcüstanla Rusiya arasında kommunikasiyaların açılması prosesinə qoşmaqdır. Çünki Gürcüstanla Rusiya arasında belə kommunikasiyaların açılması Ermənistan üçün həyati əhəmiyyətlidir. Ermənistanın baş naziri K.Karapetyan kommunikasiyaların açılması məsələsinin tam razılaşdırdığını sevinclə bildirdi, amma detalların hələ açıqlanmayacağını bəyan etdi.
ABŞ-ın vitse-prezidenti C.Pens Münhendə Gürcüstanın baş naziri Q.Kvirikaşvili ilə görüşdü. Bu görüşdən bir neçə həftə öncə Gürcüstanın Xİ naziri M.Canelidze Vaşinqtona səfər etmişdi. Gürcü rəsmiləri Cənubi Qafqazda regional əməkdaşlığın ABŞ üçün prioritet olduğunu başa düşüblər. Amma klassik anlamdakı üçtərəfli əməkdaşlıq Gürcüstanın maraqlarına uyğun deyil. Əgər Azərbaycan və Ermənistan əməkdaşlıq etməyə başlayacaqlarsa, bunu Gürcüstan özü üçün təhlükəli hesab edir. Çünki gürcülərin fikrincə, ədavət olmasına baxmayaraq ermənilər və azərbaycanlılar mental baxımdan bir-birinə yaxındırlar. Üçtərəfli regional əməkdaşlıq formatında erməni və azərbaycanlıların əməkdaşlığı gürcülərlə olan əməkdaşlığa nisbətən daha prioritet olacaqdır. Ona görə gürcülər öz variantlarını ortalığa qoyurlar.
Gürcülər Azərbaycan-Ermənistan-Gürcüstan əməkdaşlığına “yox”, Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan əməkdaşlığına isə “hə” deyirlər. Ona görə gürcülər erməniləri yanlarına çağıraraq onlara regional korporasiya adlı şirnikləşdirici təklif verdilər. Bu təklifin reallaşmasının məntiqi nəticəsi kimi Rusiya ilə Gürcüstan, beləliklə Rusiya ilə Ermənistan arasında kommunikasiyalar açılmış olur.
Ermənistan baş nazirinin Yuxarı Larsın alternativi məsələsinin həll olunduğunu əminliklə bildirməsi Gürcüstanın ictimai-siyasi mühitində ajiotaj yaratdı. Baş nazirin müavini K.Kaladze iki ölkənin baş nazirlərinin Tbilisidə görüşü zamanı Abxaziya dəmir yolunun açılmasının müzakirə olunmadığını bildirdi. Bir müddət keçmiş Gürcüstan hökuməti Daryal dağ dərəsində 1200 metr uzunluğunda tunelin tikilməsi üçün tender elan etməklə bağlı qərar qəbul etdi. Gürcüstan hökumətinin Daryal tunelinin tikilməsi barədə qərarı ictimaiyyəti çaşdırmaq üçün nəzərdə tutula bilər. Daryal tunelinin tikintisi Yuxarı Larsın alternativi deyil. Çünki Daryal tuneli Yuxarı Larsın fəaliyyətini asanlaşdıra bilər. Bu tunel qar uçqunlarından kənar yol deməkdir. Amma Daryal tuneli və ya Dağıstan yolu təkcə texniki deyil, həm də gürcü prizmasından təhlükəsizliklə bağlı problem yarada bilər. Rusiyanın digər regionları Gürcüstanla yeni yolların tikilməsin də ciddi maraqlıdır. Gürcüstanın rəsmiləri əvvəllər belə variantı özləri üçün təhlükə hesab edirdilər.
Hadisələrin belə inkişafı Ermənistan baş naziri və Nəqliyyat naziri əvvəlki bəyanatlarını təkzib etdilər. Alternativ variant dedikdə Abxaziya dəmiryolunun və Cənubi Osetiyadan avtomobil yolunun nəzərdə tutulmadığını bildirdilər.
Tarixin maraqlı istehzası var. Ermənistan baş nazirinin Gürcüstana səfəri fevralın sonuncu on günlüyünə düşmüşdü. 1921-ci ildə sovet Rusiyası məhz ermənilərin əli ilə Gürcüstanda iğtişaş yaradıb qoşunlarını yeritmişdi.
1news.az