Pakistan mətbuatı Metsamor AES-dən yazıb
Pakistanda nəşr edilən “Daily Legal Views” və “Election Times” qəzetlərində və bu qəzetlərin internet portalında Mərkəzi Asiya respublikaları və Azərbaycan üzrə ekspert Mahmud-ul Həsən Xanın “Ermənistanın atom proqramı: qlobal nəticəli regional təhlükəsizlik təhdidi” sərlövhəli məqaləsi dərc olunub.
1news.az-a Azərbaycanın Pakistandakı Səfirliyindən verilən xəbərə görə, müəllif məqalədə Ermənistanın vaxtı keçmiş və təhdidlərlə dolu atom enerjisi stansiyasının (AES) bir çox regional və beynəlxalq agentlik tərəfindən kəskin global nəticələrə malik regional təhlükəsizlik təhdidi kimi elan edildiyini, buna baxmayaraq, Ermənistanın Metsamordakı bu AES-in ikinci blokunun fəaliyyət müddətini daha da uzatdığını, hətta yeni AES-in tikintisi məsələsini gündəmə gətirdiyini bildirib.
Məqalədə qeyd olunub ki, 1970-ci ildə inşa edilən, 1988-ci ilin dağıdıcı Spitak zəlzələsindən sonra bağlanan və 1995-ci ildə yenidən işə salınan Metsamor AES-in fəaliyyətə başlamasına Beynəlxalq Atom Enerjisi Agentliyi, eləcə də ABŞ və digər Qərb ölkələri tərəfindən etiraz edilmişdir. ABŞ-da 407 meqavatlıq Metsamor AES-in dünyanın ən təhlükəlilərindən biri olduğu qənaətindədirlər. Buna səbəb isə onun seysmik zonada yerləşməsidir. 2015-ci ilin mayında Ermənistan Metsamor AES-in bağlanma tarixini 2016-cı ildən 2026-cı ilə uzatmaq barədə Rusiyanın RosAtom şirkəti ilə razılıq əldə etmişdir ki, bu, istənilən beynəlxalq nüvə təhlükəsizliyi standartları baxımından dünya və region üçün böyük risk təşkil edəcəkdir.
Məqalədə Avropa İttifaqının Metsamor AES-in bütün regiona təhlükə olduğunu vurğuladığı, 2013-cü ilin martında Avropa İttifaqının Ermənistan üzrə heyətinin başçısı T. Hristeanın “İttifaqın dəfələrlə Ermənistan hökumətinə müraciət edərək AES-in ən qısa müddətdə fəaliyyətini başa çatdırmağı tələb etdiyini” dediyi öz əksini tapmışdır.
Məqalədə oxucuların nəzərinə çatdırılmışdır ki, öz əhalisinin həyatını qorumaq istəyən region ölkələri-Azərbaycan, Türkiyə və Gürcüstan dəfələrlə Ermənistana təyziq edərək, bu vaxtı keçmiş AES-I dərhal bağlamağı tələb etsələr də, Ermənistan buna əhəmiyyət verməyərək beynəlxalq normaları pozmağa davam edir. Belə ki, beynəlxalq sübutlara görə, 8 ballıq zəlzələyə davamlılıq əsasında tikilmiş Metsamor AES 9 ballıq seysmik zonada yerləşir. 9 bal gücündə zəlzələ baş versə, Metsamor AES buna davam gətirməyəcəkdir. Yaponiyadakı Fukuşima AES-dəki qəzadan sonra, bütün dünyada atom enerjisinin təhlükəziliyi ilə bağlı həssaslığın artdığı bir zamanda, zəruri təhlükəzilik təchizatına malik olmayan Metsamor AES-i işlətməyə davam edən Ermənistanın bu hərəkətləri yaxından izlənməlidir. Digər bir məsələ isə, Metsamor AES-in daxili qoruyucu örtüyünün olmamasıdır ki, hər hansı qəza anında atom zərrəcikləri birbaşa atmosferə ötürüləcəkdir.
Ekspert onu da məlum edir ki, yaxın keçmişdə Avropa İttifaqı Metsamor AES-in bağlanması prosesi üçün Ermənistana 289 milyon dollar yardım təklif etsə də, Ermənistan bunu rədd etmişdir. Bolqarıstanda tikilən 4, Slovakiyada 2, ümumilikdə 6 eyni köhnə model AES, bu ölkələrin Avropa İttifaqına (Aİ) qəbul şərti kimi bağlanmışdır. Avropa İttifaqının “Ermənistanda Avropa Qonşuluq siyasətinin həyata keçirilməsi” barədə 2015-ci ilin martında nəşr edilən hesabatında Metsamor AES-in tez bir zamanda bağlanmasının Aİ üçün əsas hədəflərdən biri olduğu, AES-i müasir standartlara yüksəldə bilməyən Ermənistanın onu ən qısa müddətdə bağlamasının zəruriliyi, tikiləcək yeni AES-in müsir standartlara uyğun olmasının vacibliyi qeyd olunmuş, Ermənistanın Metsamor AES-i bağlamamaq qərarının region ölkələri üçün təhlükə təşkil etdiyi, AES-lə bağlı hər hansı faciənin bütün regionda insanların məhvinə səbəb olacağı vurğulanmışdır.
ABŞ-ın hökumət qurumları, həmçinin mütəxəssisləri də Metsamor AES-in vaxtı keçmiş və zəhərli radioaktiv maddələrə malik olduğunu bildirmiş, Çernobıl fəlakətindən ibrət götürülərək AES-də qoruyucu örtüyün daha öncə tikilməli olduğunu, lakin bunun edilmədiyini vurğulamışlar. Nəzərə alınmalıdır ki, Çernobıl qəzası zamanı yalnız Ukrayna deyil, yaxın və uzaq ölkələr Finlandiya, İsveç, Almaniya və digər ölkələr faciənin fəsadlarından qurtula bilməmişlər.
Məqalədə Azərbaycan hökumətinin uzun illərdir vaxtı keçmiş və təhlükəli Metsamor AES-in fəaliyyəti ilə bağlı beynəlxlaq platformalarda məsələ qaldırdığını, lakin Ermənistanın məsuliyətsiz mövqeyinin davam etdiyini, nəticədə Azərbaycanla yanaşı Türkiyənin, İranın, Gürcüstanın, Rusiyanın və digər ölkələrin Fukuşimanın taleyini yaşamayacına təminat verilmədiyi öz əksini tapmışdır.
Yazıda Ermənistanda baş verən daxili gərginliklər fonunda Metsamor AES-də törədiləcək hər hansı terror aktının dəhşətli humanitar fəlakətə səbəb ola biləcəyindən, həmçinin dəfələrlə nüvə materiallarını Ermənistandan Gürcüstana qaçaqmalçılıq yolu ilə keçirib satarkən həbs olunan Ermənistan vətəndaşlarına istinadla, Ermənistanın nüvə materiallarının yayılmasında iştirakından narahatlıq ifadə edilmişdir.
Məqalənin yekununda ekspert bu qənaətə gəlmişdir ki, Ermənistan özünün vaxtı keçmiş və olduqca təhlükəli Metsamor AES-inin fəaliyyətini davam etdirməklə, region ölkələrini təhdid və şantaj etmək məqsədi daşıyır. Əks təqdirdə, AES-in doğuracağı fəlakəti dəf etmək təcrübəsi və texniki imkanları olmayan Ermənistan bu qədər həyati təhlükəli, seysmik zonada yerləşən Metsamor AES-i yenidən işə salmazdı. Lakin, Ermənistanın bu AES-i region ölkələrinin milyonlarla vətəndaşı üçün həyati təhlükədir. Buna görə də, bütün ölkələr bunu qəbul etməli və Metsamor AES-in bağlanması üçün səylərini birləşdirməlidirlər.
1news.az