Mübariz Əhmədoğlu: Levon Ter-Petrosyanın açıqlamalarının deşifrəsi
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ tənzimlənməsi danışıqlarının cari mərhələsi haqda açıqlamaları Ermənistanda ciddi rezonans doğurub və maraqlı ekspert rəylərinə səbəb olub.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Levon Ter-Petrosyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı xəbəri şərh edərkən bildirib:
Səkkiz illik efir qadağasından sonra Ermənistanın “İctimai televiziyası” Dağlıq Qarabağ tənzimlənməsi haqda fikirlərini daxili auditoriyaya çatdırmaq üçün L.Ter-Petrosyana efir verdi. Onun müsahibəsindəki erməni heysiyyətinə toxuna bilən açıqlamalar da senzuraya məruz qalmadı. Bu iki hal prezident S.Sərkisyanın L.Ter-Petrosyanın Dağlıq Qarabağ tənzimlənməsi barədə fikirlərinin erməni ictimaiyyətinə çatdırılmasında maraqlı olduğunu göstərir. S.Sərkisyan bu addıma könüllü getməyib, onu vadar edən şərait mövcuddur.
L.Ter-Petrosyan Dağlıq Qarabağ tənzimlənməsinin cari mərhələsi barədə prezident S.Sərkisyan və Xİ naziri E.Nalbandyandan sonra üçüncü ən məlumatlı şəxsdir. Aparıcı Qərb ölkələrinin səfirləri, eləcə də xaricdən gələn yüksək çinli rəsmilər L.Ter-Petrosyanla mütəmadi görüşür, Dağlıq Qarabağ tənzimlənməsini müzakirə edirlər. Eləcə də ATƏT MQ həmsədrlərinin iş praktikasında qeyri-formal əlaqələr mövcuddur.
L.Ter-Petrosyan tənzimlənmədə Rusiyanın rolunu xüsusi qabardır; Yaxın Şərqdəki proseslərə Rusiya ciddi qatılıb. Rusiyanın qatılması uzunmüddətli prosesdir. Belə vəziyyətdə RF arxasında (Zaqafqaziyada) təhlükəli partlayış ocağının mövcudluğuna dözə bilməz. Biz də bu yanaşmanı düzgün hesab edirik və xeyli əvvəl bu mövzu ilə bağlı fikirlərimizi çatdırmışıq. Beləliklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqeyinin dəyişməsinin səbəbkarı Rusiyadır. Amma L.Ter-Petrosyan Rusiyanın adından daha çox ATƏT və BMT-nin adını hallandırır. BMT-nin adının əsas aktorlar sırasında erməni ictimaiyyətinə təqdimi ilk dəfə baş verir. Rəsmi Yerevan yalnız ATƏT MQ-nin vasitəçiliyini qəbul edir. Çünki ATƏT konsensusla qərar qəbul edir. Beləliklə Ermənistanın razılıq vermədiyi qərar qəbul edilməyəcəkdir. Amma indi BMT müstəvisi gündəliyə gətirilir və Rusiyanın vasitəçilik missiyasını Qərb ictimaiyyəti tərəfindən də razılıqla qarşılandığı bildirilir. Ermənistan ATƏT MQ-nin təqdim etdiyi tənzimlənmə planını qəbul etməzsə, Rusiya indi stolun üstündə olan variantı BMT TŞ-də təsdiq etdirəcəkdir. Bu isə Ermənistan üçün ağır fəsadlar yarada bilər.
Rusiya tərəflərdən hər hansı birinin ona qarşı düşmənçilik yarada biləcək həll variantına razılıq verə bilməz.
L.Ter-Petrosyanın əsas tezisləri və onların şərhi:
Beynəlxalq hüquqda “azad olunmuş”, “müqəddəs”, “tarixi” ərazilər adlı terminlər mövcud deyil. Beynəlxalq cəmiyyət bu əraziləri işğal olunmuş ərazilər adlandırır. Yeri gəlmişkən, Dağlıq Qarabağ ərazisinin də işğal olunmuş ərazi olduğu başa düşülür. Ermənilər “müqəddəs ərazi” terminini Dağlıq Qarabağ ərazisinə iqtibasən işlədirlər.
“Ermənistan beynəlxalq ailənin prinsiplərini qəbul edib. Dövlət sərhədlərinin güc yolu ilə dəyişdirilməməsi də Ermənistanın qəbul etdiyi prinsiplər içərisindədir” açıqlaması ilə L.Ter-Petrosyan prezident S.Sərkisyanın səhv etdiyini anladığını etiraf edib. Belə alınır ki, beynəlxalq ailə Dağlıq Qarabağ münaqişəsindəki vəziyyəti 1988-ci ildəki hala qaytarmaq istəyir.
“Dağlıq Qarabağın danışıqlarda birbaşa iştirakı rəsmən təsdiqlənməyib, amma həmsədrlər şifahi vəd veriblər. Dağlıq Qarabağın danışıqlar prosesinə nə vaxt qatılacağını mən bilirəm, amma indi demirəm” açıqlamasının da məzmunu aydındır; Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə danışıqlar prosesinə qatıla bilərlər. Qarabağ azərbaycanlıları və ermənilərinin təkbaşına danışıqlara qatılması mümkün deyil.
“Ermənistan əraziləri Azərbaycana deyil, BMT və ATƏT-ə qaytaracaq” açıqlaması isə ermənilərin Dağlıq Qarabağ münaqişəsində əsl məqsədlərini ortalığa qoyur. Ermənilər Dağlıq Qarabağda münaqişə yaratmaqla Dağlıq Qarabağı müstəqil və ya Ermənistanın tərkib hissəsi etməkdən daha çox, Azərbaycan xalqına zərbə vurmaq istəyirdilər.
Bu vaxtadək təxminən eyni məzmunlu 6 variant olub. Variantlar metodologiyaya görə bir-birindən fərqlənirlər. L.Ter-Petrosyanın ərazilərin Azərbaycana deyil, BMT-yə qaytarılmasına da praktiki həllinin başlanğıcının metodoloji həlli kimi yanaşmaq düzgündür. BMT 1992-ci ildə keçmiş SSRİ respublikalarının demək olar ki, hamısını o cümlədən Azərbaycan və Ermənistanı üzv qəbul edərkən “uti posidites” beynəlxalq hüquqda geniş yayılmış praktikasından istifadə etdi. BMT uçun Dağlıq Qarabağ o zaman Azərbaycan ərazisi idi, indi də onun ərazisidir və gələcəkdə də Azərbaycan ərazisi olacaqdır.
“Dağlıq Qarabağın yekun statusu ikinci mərhələdə müəyyən olunacaqdır. İndi birinci mərhələ müzakirə edilir və bunu yanğının söndürülməsi adlandırmaq olar.” Bu tənzimlənmənin mərhələli, xüsusilə Azərbaycanın maraqlarına cavab verən variantda getdiyinin etirafıdır.
“Dağlıq Qarabağın statusunu Azərbaycan və Ermənistan deyil, ATƏT MQ müəyyənləşdirir” tezisi ilə L.Ter-Petrosyan ermənilərin Dağlıq Qarabağın tanınması istiqamətində gördüyü bütün işlərin, keçirilmiş referendum və seçkilərin əbəs olduğunu bildirdi.
Prezident S.Sərkisyan, Xİ naziri E.Nalbandyan beynəlxalq ailənin təqdim etdiyi variantı qəbul edib, gecə-gündüz müzakirələr aparırlar. Onları satqın adlandırmaq düzgün deyil.
Ermənistanın politoloq, analitik, jurnalist, keçmiş siyasətçi və diplomatlarının 90%-nin Dağlıq Qarabağ tənzimlənməsi haqda təsəvvürləri yoxdur.
“Ermənistanın iki qazancı olacaq: a) Dağlıq Qarabağın statusunun müəyyən olunması referendumla baş tutacaq. b) “Dağlıq Qarabağ və Laçın koridoru barədə razılaşmalara Azərbaycan qəsd edərsə, Ermənistanın Dağlıq Qarabağ ermənilərinin fiziki təhlükəsizliyini müdafiə etmək üçün legitim müdaxilə etmək hüququ olacaqdır” açıqlaması isə ermənilərin son 30 ildə xərclədikləri vəsaitin faydalı iş əmsalının göstəricisidir. Əvvəla, yeni referendumun keçirilməsi əvvəlki referendumların nəticəsinin ləğvi deməkdir. İkincisi 1988-ci ildə Dağlıq Qarabağda erməni və azərbaycanlı əhalinin nisbəti 75/25 idisə indi bu nisbət 60/40-dır. Dağlıq Qarabağın statusu on ildən sonra müəyyən olunacaqsa, nisbət 50/50 olacaqdır.
Ermənistan rəhbərliyinin iflas siyasəti fonunda Dağlıq Qarabağ ermənilərinin hələ erkən mərhələlərdən Azərbaycanın xeyrinə qərar qəbul edəcəyini heç kəs istisna edə bilməz.
“İndiki status-kvo özündə blokada, hərbi hərəkətlərin genişlənməsi və sərhəddə qurbanları gizlədir. Belə vəziyyətdə ordunu gücləndirmək, pensiyanı artırmaq, miqrasiyanı dayandırmaq mümkün deyil.” “Aprel hadisələri dünyanı ayıltdı və Dağlıq Qarabağ məsələsinə marağı artırdı. Əgər bu gün məsələ həll olunmazsa, bizim görün neçə belə aprellər gözləyir. Erməni xalqı nə qədər qurbanlar verəcək” tezisləri acı həqiqətdir. S.Sərkisyanın kosmik optimizmini belə acı həqiqətlərlə müəyyən qədər neytrallaşdırmaq faydalıdır.
“Ermənistan tənzimlənmə sənədini imzalamağa hazır olduğunu bəyan etməklə Azərbaycanı çətin vəziyyətdə qoyacaqdır. Çünki Azərbaycan sənədi imzalamaqdan imtina etsə, beynəlxalq ictimaiyyətin təzyiqi ona doğru yönələcəkdir. İndi isə həmsədrlər belə hesab edirlər ki, Ermənistan bu sənədi imzalamağa hazır deyil. Ona görə də onların verdiyi bəyanatlar ünvansız və yayğındır.” Levon Ter-Petrosyanın növbəti hiyləgərliyindən başqa bir şey deyil.
Levon Ter-Petrosyanın indi ortalıqda olan variantı 1998-ci ildəki variantdan pis adlandırması və “Ermənistan əgər bu variantı qəbul etməzsə, ona daha pis variant təqdim edəcəklər” açıqlamaları da düzgündür. 1998-ci ilin tənzimlənmə variantının müəllifi L.Ter-Petrosyan özü idi. O, ağıllı, savadlı və hiyləgər ermənidir. 1998-ci ildə bu planın reallaşmasına imkan vermədiyi üçün Qarabağ klanına “sağ ol” demək lazımdır. İndiki tənzimlənmə variantlarının 1998-ci ilin tənzimlənmə variantından böyük prinsipial fərqi var. İndiki variantlar “Yenilənmiş Madrid prinsipləri” əsasındadır. “Yenilənmiş Madrid prinsiplərinin” 5-ci maddəsinə görə, bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ var. Başqa sözlə, Azərbaycanın daxilində ermənilər yaşadığı kimi Ermənistan SSR-dən qovulmuş azərbaycanlılar Ermənistan respublikasına qayıdacaq. Əgər Ermənistan respublikasının Dağlıq Qarabağ ermənilərinin fiziki təhlükəsizliyini təmin etmək hüququ olacaqsa, Azərbaycan Respublikasının da Ermənistan respublikasındakı azərbaycanlıların fiziki təhlükəsizliyini qorumaq imkanı olacaqdır.
Yaranmış vəziyyətdə düzgün seçim etməyə S.Sərkisyanın əqli və psixoloji resursları yoxdur. Ona görə Dağlıq Qarabağ münaqişəsi Ermənistan dövlətçiliyi sıradan çıxanadək həll edilməmiş qalacaqdır.
1news.az