Mübariz Əhmədoğlu: BMT Dağlıq Qarabağ tənzimlənməsi istiqamətində fəaliyyətdədir
ATƏT-in Amerikalı həmsədri R.Hoqland İrəvanda sensasiyalı açıqlama verdi: Nyu-Yorkda BMT rəhbərlii ilə görüşüb Dağlıq Qarabağ tənzimlənməsini müzakirə edib. BMT rəhbərliyi lazım olan anda Dağlıq Qarabağ tənzimlənməsi barədə BMT TŞ-nin sənədini qəbul etməyə vəd verib.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu R.Hoqlandın Nyu-Yorkda BMT rəhbərlii ilə görüşüb Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı xəbəri şərh edərkən bildirib:
“Hoqlandın bu açıqlaması BMT-nin yeni baş katibi A.Quttereşin fəaliyyətinin nəticəsidir. Əvvəlki baş katib Pan Gi Mun ətrafındakı ermənilərin hesabına Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul ola bilməzdi. Çünki yaxın qohumları ermənilərlə birlikdə korrupsiya əməllərinə qurşanmışdı. Azərbaycana və Gürcüstana səfərlərini təxirə salması da erməni ətrafı ilə bağlıdır. Başqa parametr olsaydı, Türkmənistana da səfər etməzdi. Yeni baş katib A.Quttereş ilk imkanda Azərbaycan Prezidenti ilə görüşüb, danışıqların gedişi ilə bağlı detallı məlumat əldə etdi. BMT rəhbərliyi tezliklə hərtərəfli tənzimlənmə ilə bağlı çağırışlar etdi. Yeri gəlmişkən, eks-prezident Levon Ter-Petrosyan da hay-küylü müsahibəsində BMT-nin rolunu qabartmışdı”.
Politoloq qeyd edib ki, Ermənistan yalnız ATƏT MQ-nin vasitəçiliyində maraqlıdır:
“Çünki ATƏT konsensusla işləyir. Digər qurumların, o cümlədən BMT-nin tənzimlənmə ilə məşğul olması Ermənistanın maraqlarına ziddir. BMT Ermənistanın iradəsindən asılı olmayaraq fəaliyyətə başlayıb, vədlər və bəyanatlardan başqa yeni sənəd hazırlandı. Martın 24-də BMT TŞ 2347 nömrəli qətnamə qəbul etdi. Qətnamə münaqişəli zonalarda mədəni və tarixi abidələrin qorunmasına aiddir. Əvvəlcə 2199 nömrəli qətnamə qəbul edilmişdi. Bu qətnamə yalnız Suriya və İraqın ərazisini əhatə edirdi. 2347 nömrəli qətnamə isə bütün münaqişəli regionlara, o cümlədən Dağlıq Qarabağ münaqişəsi regionuna da şamil edilir. Ermənilər Ağdam və Füzuli rayonları (Azıx mağarası) ərazisində apardıqları arxeoloji qazıntılara və işğal olunmuş digər ərazilərdəki dağıtdıqları mədəni, dini abidələrə görə məsuliyyətə cəlb olunacaqlar.
Ermənistanın xarici ölkələrdən cəlb etdiyi mütəxəssislər və alimlər də təhqiqat prosesindən kənarda qala bilməyəcəklər. Şuşa şəhərinin Gövhər Ağa məscidində apardığı işlər də BMT TŞ-nin 2347-ci qətnaməsinin təsiri zonasındadır. Diqqət çəkən məqamlardan biri odur ki, 2347 nömrəli qətnamənin təşəbbüskarı Fransa və İtaliyadır. Ermənistanın bu iki dövlətin cəmiyyətindəki son illərdə artan aktivliyi əks effekt yaradıb.
BMT-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə qoşulması üçün yeni hüquqi əsasın yarandığını demək olar. BMT TŞ-nin dörd qətnaməsinin hüquqi baza rolu daha da güclənəcək”.
1news.az