Mübariz Əhmədoğlu: Ermənistanın mədəniyyət naziri mağaraları icarəyə verir, opera teatrında sauna tikir
Seçkilərdə səslərin pulla alınması Ermənistanda milli ənənəyə çevrilib. Ermənistanda seçki rüşvətinin miqdarını təyin etməyin metodikası da bəllidir; Seçkiyə start verilən andan ərzaq və digər gündəlik tələbat mallarının qiymətindəki artım seçki rüşvətinin miqdarı ilə düz mütənasibdir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanda keçirilmiş seçkilərlə bağlı xəbəri şərh edərkən bildirib:
“Amma 2 aprel parlament seçkilərində pulun iştirakı bütün əndazələri aşdı. Yeni yanaşmalar ortalığa qoyuldu. Bəzi deputatlar pulu paylayıb səsi aldılar, parlament seçkilərindən sonra isə pullarını geri tələb etdilər.
2 aprel 2016-cı il parlament seçkilərində pulun iştirakı dövlət idarəçiliyində, mədəniyyət tarixində və milli dəyərlərə münasibətdə yeni keyfiyyət mərhələsi yaratdı. Ermənistanın mədəniyyət naziri, hakim “Respublika” Partiyasının seçki siyahısında birinci beşlikdə olan Armen Amiryan erməni xalqının mədəniyyətinə və tarixinə “şanlı səhifə” yazdı. Seçkilər başa çatdıqdan bir həftə sonra Ermənistan respublikası ərazisindəki 5 mağaranı icarəyə verməyə çıxartdı. Bu tarixi mədəniyyət abidələrini hətta xarici hüquqi şəxslər də icarəyə götürə bilərlər. (Yəqin ki, xarici hüquqi şəxs qismində Türkiyə və Azərbaycana bağlı hüquqi şəxslər də ola bilər.)
A.Amiryan mağaraları icarəyə çıxararkən vaxtilə bu mağaraları tədqiq etmiş erməni alimləri etiraz etdilər. Amma o erməni alimləri başa düşməli idilər ki, mağara barədə onların etdiyi saxtakarlıqlar A.Amiryanın icarə oyunundan daha təhqirlidir. Sən demə dünyada nəinki ilk ayaqqabını, hətta büstqalteri ermənilər bu mağaralarda yaradıbmışlar. Məhz erməni alimlərinin belə dahiyanə kəşfləri bu “mağaraların iqtisadi cəlbediciliyini” artırır”.
Politoloq qeyd edib ki, mağara icarəsi oyunundan qabaq Ermənistanın Mədəniyyət naziri, hakimiyyət qanadının 5-ci siyasətçisi A.Amiryan Yerevanın Opera teatrının binasında restoran açıbmış və burada da sauna tikməyə başlayıbmış.
“Buna da mədəniyyət xadimlərinin etirazı özünü çox gözlətmədi. Amma mədəniyyət nazirliyinin rəsmisi etirazçılara “başa düşən” olmağı məsləhət bildi. Yerevan şəhərində Müasir incəsənət muzeyinin olmaması o qədər də əhəmiyyətli məsələ deyil. Amma Opera teatrının binasının restoran və saunasız olması millətə başıaşağılıq gətirən məsələdir.
Bu arada Mədəniyyət naziri A.Amiryanın xaricdəki və ölkə daxilindəki 14 əmlakının və bunlardan üçünün Qlendeyldə (Kaliforniya, ABŞ) olması barədə məlumat yayıldı. Ermənistan rəhbərliyi diaspor ermənilərini Ermənistana investisiya qoymağa çağırdığı vaxtda A.Amiryanın ölkə daxilindəki biznes dövriyyəsi 1 milyard dramdan çoxdur. Yəqin ki, xaricdəki biznes dövriyyəsi özünə və prezident S.Sərkisyana aiddir. Jurnalistlərin bu mövzuda suallarına cavab olaraq nazir biznesin sərhəd tanımadığını bildirdi. Həqiqətən A.Amiryanın biznesi təkcə dövlətlərarası sərhədi deyil, tarixin, mədəniyyətin və əxlaqın da sərhədini tanımırmış.
Ermənistanda innovasiyanın inkişafına heç kim şübhə etməsin. Mədəniyyət naziri A.Amiryanın Ermənistanın dövlət idarəçiliyinə, tarixinə və mədəniyyətinə gətirdiyi yeniliklər, dünyanın sivil hissəsinə aid olan heç bir dövlətdə rast gəlinməyib”.
1news.az