Diaqnostik qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək
Aprelin 16-dan start verilən diaqnostik qiymətləndirmə bu gün başa çatıb. Bərdə Olimpiya İdman Kompleksində keçirilən qiymətləndirmə 5 gün davam edib. Diaqnostik qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib.
1news.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, növbəti diaqnostik qiymətləndirmə 25-30 aprel 2017-ci il tarixlərində Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək. Qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək.
5 gün ərzində Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər www.dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
1news.az