Nepalda iki helikopter eniş zolağında toqquşub: ölən və yaralanan var

Nepalın Soluxumbu bölgəsində iki helikopterin eniş zolağında toqquşması nəticəsində bir Hindistan vətəndaşı həlak olub, Yeni Zelandiya vətəndaşı isə yaralanıb.
1news.az xəbər verir ki, bu barədə Nepal Mülki Aviasiya İdarəsi (CAAN) məlumat yayıb.
Bildirilib ki, Everest dağının baza düşərgəsi ərazisində turistləri daşıyan “Fishtail Air” şirkətinə məxsus helikopterlə yük daşıyan özəl “Dynasty Air” şirkətinin helikopteri eniş zamanı toqquşub.
Qəza nəticəsində “Fishtail Air” helikopterində olan bir Hindistanlı turist həyatını itirib, bir Yeni Zelandiya vətəndaşı isə xəsarət alıb.
Hadisə Nepalda yürüş və dağçılıq mövsümünün ən intensiv dövründə baş verib. Bu müddətdə helikopterlər turistləri, yürüşçüləri və alpinistləri bölgəyə daşımaq üçün geniş istifadə olunur.
Everest dağı ərazisində avtomobil yollarının olmaması səbəbindən nəqliyyatın çətin olduğu bildirilir. Xəstəlik və ya yorğunluq səbəbindən yürüşünü yarımçıq dayandırmaq məcburiyyətində qalan alpinistlərin və bələdçilərin təxliyəsi üçün də mütəmadi olaraq helikopterlərdən istifadə edilir.











