Təkcə dronlarla izah olunmayan qələbə – amerikalı hərbi ekspertlər Azərbaycanın Qarabağ müharibəsindəki strategiyasını araşdırıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Təkcə dronlarla izah olunmayan qələbə – amerikalı hərbi ekspertlər Azərbaycanın Qarabağ müharibəsindəki strategiyasını araşdırıblar

1news Redaksiyası17:05 - Bu gün
Təkcə dronlarla izah olunmayan qələbə – amerikalı hərbi ekspertlər Azərbaycanın Qarabağ müharibəsindəki strategiyasını araşdırıblar

Müharibələr döyüş meydanında ən müasir silahların tətbiqi ilə deyil, dövlətin öz imkanlarını vahid və işlək sistemə çevirə bilməsi ilə qazanılır.

ABŞ-ın iki hərbi mütəxəssisinin Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş tədqiqatında da məhz bu qənaət ön plana çıxır. Müəlliflərin yanaşması xüsusilə diqqətəlayiqdir. Belə ki, onlar Qarabağ müharibəsinin nəticələrinə dair ənənəvi izahdan kənara çıxaraq, qələbənin əsas səbəbinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) üstünlüyü olması fikrini yenidən nəzərdən keçirməyi təklif edirlər.

Noyabrın 3-də Bakı Kitab Mərkəzində ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollinz və ehtiyatda olan mayor Con Spenser tərəfindən hazırlanmış “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimatı keçirilib. Tədbir Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) ilə birgə təşkil olunub. Təxminən iki il davam edən tədqiqat işi 44 günlük müharibədə Azərbaycanın qələbəsini kompleks şəkildə araşdıran ilk genişmiqyaslı xarici hərbi-analitik tədqiqatlardan biridir.

Nəşrin əhəmiyyətini artıran əsas məqamlardan biri müəlliflərin ABŞ Hərbi Akademiyasının Vest-Poyntdakı hərbi araşdırmaları ilə bağlı peşəkar təcrübəsidir. Bu, kənar müşahidəçilərin məlum hadisələri sadəcə yenidən nəql etmək cəhdi deyil. Tədqiqat zamanı 100-ə yaxın hərbi və mülki mütəxəssislə müsahibələr aparılıb, həmçinin döyüş əməliyyatlarının əsasən baş verdiyi ərazilər yerində araşdırılıb. Bu yanaşma müəlliflərə müharibəni eyni zamanda əməliyyat, strateji və hərbi-texniki baxımdan təhlil etməyə imkan verib.

Ənənəvi izahdan kənar yanaşma

Kitabın əsas tezislərindən biri Azərbaycanın qələbəsini yalnız pilotsuz uçuş aparatlarının effektiv tətbiqi ilə izah etməyin mümkün olmamasıdır. Şübhəsiz ki, yeni texnologiyalar mühüm rol oynayıb. Lakin təkcə bu amil hərbi uğurun miqyasını və Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə qarşıya qoyulan vəzifələri ardıcıl şəkildə yerinə yetirmək qabiliyyətini izah etmir.

Müəlliflər daha fundamental səbəb kimi müasir döyüş sistemlərinin tətbiqi konsepsiyasına yiyələnməyi önə çəkirlər. Söhbət ayrı-ayrı silah növlərinin və hərbi bölmələrin təcrid olunmuş şəkildə deyil, bir-biri ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərdiyi kompleks yanaşmadan gedir. Mövqelərin maskalanması, qüvvələrin səpələnməsi, kiçik bölmələrin manevr imkanları, düşmənin atəş vasitələrinin susdurulması və qoşun növləri arasında qarşılıqlı fəaliyyət vahid döyüş mexanizminin tərkib hissələrinə çevrilib.

Başqa sözlə, əsas məsələ yalnız müasir məhvetmə vasitələrinə malik olmaq deyil, onları ümumi taktika və strategiyaya uyğun şəkildə tətbiq etmək bacarığıdır. Məhz belə bir təşkilatlanma texnoloji üstünlükdən maksimum səmərə ilə istifadə etməyə, qarşı tərəfi isə müqavimət göstərmək üçün malik olduğu ənənəvi imkanlardan məhrum etməyə şərait yaradıb. Bu baxımdan kitab Azərbaycanın qələbəsini geniş yayılmış və həlledici rolu PUA-lara aid edən yanaşmadan daha əhatəli şəkildə izah edir.

Hazırlıq mərhələsindən qələbəyə doğru

Tədqiqat geniş zaman və mövzu çərçivəsini əhatə edir. Müəlliflər erməni-azərbaycanlı münaqişəsinin tarixi köklərinə və Birinci Qarabağ müharibəsinə nəzər salır, Azərbaycanın genişmiqyaslı silahlı qarşıdurmaya hazırlığını təhlil edir, “Dəmir yumruq” əməliyyatını və 44 günlük Vətən müharibəsinin əsas mərhələlərini araşdırırlar.

Kitabda Azərbaycan Ordusunun Hadrut, Əmirvarlı, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərindəki əməliyyatlarına, eləcə də Şuşa uğrunda döyüşlərə xüsusi diqqət ayrılıb. 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri də tədqiqatın əhatə etdiyi mövzular sırasındadır.

Belə yanaşma hərbi qələbəni yalnız 44 günlə məhdudlaşan ayrıca hadisə kimi deyil, uzunmüddətli hazırlığın və strateji məqsədlərə ardıcıl şəkildə nail olunmasının nəticəsi kimi qiymətləndirməyə imkan verir. Müəlliflər diqqətə çatdırırlar ki, hərbi uğurun təməli döyüşlər başlamazdan xeyli əvvəl formalaşıb. Bu qələbənin arxasında dövlət quruculuğu, milli qüdrətin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, ordunun inkişafı və düşünülmüş hərbi planlaşdırma dayanıb.

Tədqiqatda Ali Baş Komandan İlham Əliyevin roluna da xüsusi yer verilib. Müəlliflər onun döyüş əməliyyatlarına strateji rəhbərliyini, Azərbaycan cəmiyyəti və beynəlxalq auditoriya ilə kommunikasiyasını, eləcə də dezinformasiyaya qarşı mübarizəsini təhlil edirlər. Beləliklə, kitabda yalnız döyüş meydanında orduya rəhbərlik məsələləri deyil, müharibə şəraitində ölkənin idarə olunmasının daha geniş sistemi də nəzərdən keçirilir.

Tədqiqatın hərbi mövzunun hüdudlarını aşan mühüm qənaətlərindən biri də budur ki, qələbə bir-biri ilə əlaqəli çoxsaylı amillərin vəhdətindən yaranır. Hərbi qüdrət iqtisadiyyata, səmərəli dövlət siyasətinə, kommunikasiya strategiyasına və ideoloji fəaliyyətə söykənməlidir. Hətta ən müasir texnologiyalar belə, bu təməl olmadıqda onun yerini doldura bilməz.

Peşəkar mütəxəssislərin baxışı

Kitabın müəllifləri hərbi kampaniyaları yalnız nəzəri baxımdan deyil, həm də praktiki təcrübəyə əsaslanaraq qiymətləndirməyə imkan verən ciddi peşəkar təcrübəyə malikdirlər.

Liam Kollinz ABŞ Ordusunun ehtiyatda olan polkovniki, keçmiş xüsusi təyinatlı hərbçidir. O, "Madison Policy Forum" təşkilatına rəhbərlik edir, "New America" təşkilatının "Future Security Program" proqramının baş elmi əməkdaşı, eləcə də Yaxın Şərq İnstitutunun fəxri hərbi əməkdaşıdır.

Kollinz 2016-2018-ci illərdə ABŞ-nin Ukrayna üzrə baş müdafiə müşavirinin icraçı köməkçisi vəzifəsində çalışıb. O, həmçinin Prinston Universitetinin fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.

Con Spenser ABŞ Ordusunun ehtiyatda olan mayoru, ABŞ Hərbi Akademiyasının Vest-Poyntdakı Müasir Müharibə İnstitutunun Şəhər Döyüşləri kafedrasının müdiri və Şəhər Müharibələri Layihəsinin həmsədridir. ABŞ Ordusunda 25 ildən artıq xidmət etdiyi müddətdə iki dəfə İraqdakı döyüş əməliyyatlarında iştirak edib. Spenser şəhər mühitində döyüş əməliyyatlarının aparılması üzrə aparıcı mütəxəssislərdən biri hesab olunur. Bu təcrübə yaşayış məntəqələrində, o cümlədən Şuşa uğrunda döyüşlərin təhlili baxımından xüsusi əhəmiyyət daşıyır.

Kitab nəşr olunmazdan əvvəl də müəlliflər Hadrut və Şuşa uğrunda döyüşlərlə bağlı ətraflı tədqiqatlar hazırlayıblar. İndi isə həmin materiallar Azərbaycanın qələbəsinin strateji, texnoloji və siyasi komponentlərini əhatə edən daha geniş araşdırmada öz davamını tapıb.

Belə bir tədqiqatın xaricdə işıq üzü görməsi 2020-ci il hadisələrinin beynəlxalq səviyyədə qavranılması baxımından da əhəmiyyətlidir. Qarabağ müharibəsi bir çox hallarda mürəkkəb hərbi kampaniyanı ayrı-ayrı silah növləri üzrə üstünlüyə endirən sadələşdirilmiş şərhlərin mövzusu olub. Kollinz və Spenserin araşdırması bu cür izahların hüdudlarından kənara çıxmağa, hadisələrə yalnız əməliyyatların gedişini deyil, qələbəni mümkün edən şəraiti də araşdırmış peşəkar mütəxəssislərin gözü ilə baxmağa imkan verir.

Məhz buna görə də “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabı yalnız hərbi mütəxəssislər və tarixçilər üçün deyil, daha geniş oxucu auditoriyası üçün də diqqətəlayiqdir. Azərbaycanlı oxucu üçün bu nəşr Vətən müharibəsinin hadisələrini yenidən dəyərləndirmək, tanış tarixlərin və döyüş adlarının arxasında dayanan mürəkkəb qərarvermə məntiqini görmək, dövlətin gördüyü işlərin miqyasını anlamaq imkanı yaradır.

Xarici auditoriya üçün isə bu kitab XXI əsrin ən diqqətçəkən hərbi kampaniyalarından birinə peşəkar baxış təqdim edən tədqiqatla tanış olmaq fürsətidir. Azərbaycanın qələbəsini nəticələrinə görə tanımaq mümkündür. Lakin bu qələbənin necə mümkün olduğunu anlamaq üçün sözügedən kitabı oxumağa dəyər.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər