Uşaqlara mənəvi və fiziki baxımdan zərər vuran reklamlar qadağan edilir
Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında “Uşaq hüquqları haqqında qanuna” yeni maddənin əlavə edilməsi təklifi müzakirəyə çıxarılıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu, yeni 11-1 (Reklamda uşaqların müdafiəsi) maddəsidir.
Maddəyə görə, ölkə üzrə bütün yerlərdə reklamlarda uşaqlara mənəvi və fiziki baxımdan zərərin qarşısını almaq üçün bir sıra qadağan tətbiq olunur.
Bunlar valideynin (qəyyumların, himayəçilərin, tərbiyəçilərin və digərləri) nüfuzuna xələl gətirən, başqa şəxsə münasibətdə kobudluq, təcavüzkarlıq, nifrət hissi aşılayan, qüvvətləndirici sözlər vasitəsi ilə ailənin maddi vəziyyətindən asılı olmayaraq, əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla valideynlərin bu əmtəəni almağa vadar edilməsi, həyat və sağlamlığa dair təhlükəli fikirlər, alkoqollu içkilərin istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi (eyni zamanda uşaqlar üçün proqramların alkoqollu içkilərin reklamına görə kəsilməsi) və s. bu kimi məlumatların verilməsidir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Babək Cahandarov