Qənirə Paşayeva: Çox təəssüf ki, Avropa Şurasında ikili standartlar hələ də hökm sürür
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qərarı ədalətsiz, qərəzli və ikili standartlı yanaşmadır. Çox təəssüf ki, AŞPA-da ikili standartlar hələ də hökm sürür.
1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.
Q.Paşayeva deyib: “Türkiyəyə terrorla mübarizədə, Suriyadan və İraqdan didərgin düşən qaçqınlarla bağlı problemlərdə dəstək verməyən Avropa Şurası və üzv ölkələrin əksəriyyəti çox təəssüf ki, Türkiyəyə qarşı belə ikili standartlardan yanaşırlar. Biz bu ikili standartları görürük. Azərbaycan da müxtəlif vaxtlarda ikili standartlara məruz qalıb. Biz hər zaman bu məsələni qaldırırıq ki, təşkilatın daxilində ikili standartlar olmamalıdır. Prinsipial məsələlərə, təşkilatın dəyərlərinə yanaşmada ikili standartlar olmamalıdır. Məsələn, biz Ermənistanla bağlı məsələdə hər zaman bunu qaldırırdıq. Avropa Şurası prinsiplərinə görə bir üzv digər üzvün ərazisini işğal altında saxlaya bilməz. Təşkilata üzv olan Ermənistan - Avropa Şurasının digər üzvü Azərbaycanın ərazilərini neçə illərdir işğal altında saxlayır. Ermənistan Avropa Şurası Parlament Assambleyasının bununla bağlı 1416 saylı qətnaməsi də daxil olmaqla, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir. Amma Ermənistana qarşı heç bir təzyiq mexanizmlərinə əl atılmır. Eyni zamanda, biz Dilqəm Əsgərov, Şahbaz Quliyevlə bağlı məsələni də qaldırırdıq ki, siz niyə bu insanların hüquqlarının müdafiəsi istiqamətində Ermənistana təzyiqlər göstərmirsiniz? Bir sözlə, biz ikili standartlı yanaşmanı illərdir hiss edirik”.
Azərbaycanın hər zaman bu yanaşmaya etiraz səsini ucaltdığını bildirən deputat qeyd edib ki, Avropa Şurası ikili standartlara son qoymalıdır. Çünki bu ikili standartlar davam etdikcə üzv ölkələrin təşkilata inamı, etimadı azalır. Avropa Şurası ona olan etimadın azalmasını istəmirsə bu cür yanaşma olmamalıdır.
Avropada islamofobiyanın sürətlə artdığını təəssüf hissi ilə bildirən Q.Paşayeva deyib: “İslamofobiyanın artması bu təşkilatda da artıq hiss olunur. Amma biz hər zaman bunu vurğulayırıq ki, Azərbaycan, Türkiyə və Avropa Şurasına üzv olan az sayda müsəlman ölkəsi əslində Avropa ilə, Qərblə müsəlman dünyası arasında çox önəmli bir dialoq, əməkdaşlıq körpüsüdür. Ona görə də əməkdaşlıq və dialoq körpüləri ilə yanaşmaya həssas olmaq lazımdır. Əgər əməkdaşlığa, dialoqa açıq olan müsəlman ölkələrinə yanaşmada Avropa Şurası ikili standartlı yanaşmadan əl çəkməzsə, bu, körpünün gücünün artmasına deyil, daha da zəifləməsinə xidmət edəcək. Bu da Avropanın gələcəyi üçün çox zərərlidir”.
1news.az