Şuşam...
İşğalının 25-ci ildönümü ərəfəsində Şuşaya ithaf edilir
Salam, Şuşam, necəsən? Bilirəm, yaxşı deyilsən, sən də yamanca darıxmısan, sanki balasını uzaq səfərdən gözləyən anasan, gözlərini yollardan çəkmirsən, elə hey baxırsan, baxırsan, boylanırsan... Günləri sayırsan, illəri illərə qatırsan.
Riyakar qonşular, bic-bic gülümsəyərək səni dilə tuturlar: “Axçi, yolun ağzından çəkil, niyə boş yerə gözləyirsən”, - deyirlər.
“Daha gəlməyəcək, səni çoxdan unudub”, - deyirlər.
“Ağlını başına yığ, gör nə qədər demişik, gəl, bizimlə yaşa. O gedən gündən heç özünə də baxmırsan. Biz sənə yaxşı baxarıq, bəsləyərik, artıq saçlarına dən düşüb, onlara həna qoyarıq”, - deyirlər.
“Torpaqlarımızı da birləşdirərik”, - deyirlər...
Susursan, dinmirsən. Amma ürəyindən bir tel də qopur, içini kəsərək dərdinə dərd qatır. Qəhər səni boğur, sıxır, buraxmır, gözlərin dərhal yaşla dolur, amma boğazından az qala qopacaq hönkürtünü var gücünlə içinə salıb toxtayırsan. İstəmirsən namərdlər göz yaşlarını görsün.
Ancaq qaş qaralanda, sükutla baş-başa qalanda daha onları saxlamırsan, bütün hislərini boş buraxıb, ah çəkib ağlayırsan.
Xəyalların canlanır... Ciyərparanın Cıdır düzündə at çapmağı, bahar gəldi-gəlmədi: “Ana, xarı bülbül çiçək açıb, gedək baxaq!”- deyərək başına ləçəyini atmağa belə macal verməyib əlindən darta-darta səni qapıdan çıxarmağı yadına düşür.
İllər keçdikcə, utana-utana, sıxıla-sıxıla: “Ana, qonşuda bir qız var, bir-birimizi sevirik” etiraf etməyini xatırlayırsan. Və çaşıb özünü itirməyin yadına düşür. Vücudunu gah sevinc, gah da ki kədər bürüyür, onun artıq böyüdüyünü, kişiləşdiyini, daha heç vaxt başını dizlərinin üstünə qoyub, kim bilir, neçənci dəfə Məlikməmmədin nağılını söyləməyini istəməyəcəyini başa düşürsən.
Sonra isə zalımların sizi necə ayırdıqları yadına düşür... və yenə ürək dözmür, çırpınır, az qalır yerindən çıxsın. Qəlbin sınır, parçalanır, dağılır, üzərindən sanki bir fırtına gəlib keçir.
Gecəni çağırır, yuxudan imdad diləyirsən. Amma qorxunc fikirlər yenə də səni öz cəngindən heç yana buraxmır.
“Bəlkə haqlıdırlar, məni unudub, onu daha heç vaxt görməyəcəyəm?”, - deyə düşünürsən.
“Mümkündürmü, məni yadırğasın, bu zalımların çirkli əllərinə möhtac etsin?” - deyə düşünürsən.
“Bəlkə, doğrudan da geri gəlməyəcək və mən onu daha heç vaxt görməyəcəyəm?”, - deyə düşünürsən və dərhal bu dəhşətli ehtimalı özündən uzaqlaşdırıb rədd eləmək istəyirsən.
“Bu nədir, gəlir ağlıma? Əlbəttə, qayıdacaq, heç bala da ananı yad əllərdə qoyarmı?”... və onun nə vaxtsa dönəcəyi xəyalı ilə nəhayət ki, yuxuya gedirsən.
Bir azca da döz, Şuşam. O gələcək, mütləq gələcək.
Qəhrəman Azərbaycan əsgəri bütün xainlərin burnunu ovub onları öz yerlərində oturdacaq. Mübarək qədəmlərini müqəddəs torpağına qoyacaq.
Üçrəngli, ay-ulduzlu bayraq ilə sinəni bəzəyəcək, qarşında diz çöküb yorğun əllərini öpəcək. Ağarmış tellərini yanaqlarından yığıb onlara sığal cəkəcək. Sonra səni güclü, döyüşlərdə bərkimiş qollarının arasına alıb bağrına basacaq.
Gözlərinin önündən sənə gətirən yollarda itirdiyi mərd dost-qardaşı keçəcək. Ürəyində Allahdan onlara rəhmət diləyəcək. Qolları boşalacaq.
Və, o, uzaq uşaqlıq illərində olduğu kimi yenə də başını dizlərinin üstünə qoyub sakitcə: “Ana, qayıtdım” deyəcək...
F.Bağırova