Qarabağ münaqişəsi yenidən alovlana bilərmi? - Ekspertlər danışır
Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin yenidən gərginləşməsi müşahidə olunur. Bu gərginliyin fonunda ATƏT-in Minsk qrupunun həmsədrləri ötən həftə yaydıqları birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarını pisləyərək, tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməyə çağırıblar.
Azərbaycanın XİN isə bəyan edib ki, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində Minsk qrupunun həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may tarixli standart bəyanatı simptomatik xarakter daşıyır.
“Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən ATƏT-in -in Minsk qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur”, deyə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib.
Bəs davam edən gərginlik, ATƏT-in Minsk qrupunun hərəkətsizliyi, işğalçı ilə işğala məruz qalana eyni münasibət bəsləməsi münaqişəni yenidən alovlandıra bilərmi?
Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, işğal davam etdikcə və danışıqlar aparılmadığı hlada, gərginlik artacaq:
“Azərbaycan daim bunu bəyan edib. Əgər kimsə gözləyirsə ki, Azərbaycan heç bir nəticə verməyən danışıqları aparıb və işğalın əbədiləşdirlməsi ilə razılaşacaq, buŞ heç vaxt olmayacaq. Kimin xoşuna gəlir gəlsin, gəlmir gəlməsin.
ATƏT-in Minsk qrupunun həmsədrlərinə Azərbaycan dedi ki, gedin öz işinizlə məşğul olun. Onların işi danışıqları hansısa nəticəyə gətirməkdir. Gəlib indi boş- boş bəyanat verməkdənsə, işlə məşğul olmaq lazımdır”.
Politoloq hesab edir ki, hərbi əməliyyatlar aktiv şəkildə bərpa olunarsa, hansısa dövlət buna müdaxilə edə bilməz:
“Təbii ki, Azərbaycan erməniləri himayə edən dövlətlərin müəyyən təzyiqləri ilə üzləşə bilər. BMT Təhlükəsilik Şurası yığışıb hansısa bir qərar ola bilər. Ancaq hərbi müdaxilə qeyri- mümkündür”.
R.Musabəyov Qarabağ danışıqlarının bərpasını, intensivləşməsini deməkdə çətinlik çəkir. Onun sözlərinə görə, Rusiya erməniləri ağıla gətirmək üçün ciddi səy göstərmədiyi halda, heç bir nəticıə olmayacaq:
“Ancaq məsələnin başqa tərəfi də var ki, biz hər zaman hazır olmalıyıq. Çünki cəbhə xəttində daim gərginlik olacaq. Bu gərginlik ola bilsin ki, hansısa mərhələdə artacaq, aşağı düşəcək, amma nə ermənilər orda sakit otura biləcək, nə kommunikasiyalar açılacaq. Gərginlik, daimi müharibəyə çevrilmək ehtimalı gündəliydə olacaq. Kimisə qane edirsə, bu seçimi edə bilər. Ancaq hesab etmirəm ki, bundan kimsə qazanc götürsün”.
Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, cəbhə xəttində vəziyyət hər zaman gərgindir və həmişə nəsə gözləniləndir:
“Baxmayaraq ki, artıq 23 ildir atəşkəs rejimi mövcuddur, ancaq ümumən cəbhə xəttindəki vəziyyəti partılayışa yaxın bir vəziyyət kimi qiymətləndirmək olar.
Lakin Azərbaycanın təmkinliliyi, beynəlxalq hüquq normalarını gözləməsi vəziyyətin idarəolunmaz bir şəraitə gəlib çıxmasına qarşısın alır.
Ermənistan tərəfi Dağlıq Qarabağ məsələsində öz daxili ictimaiyyətini aldatmaq və büdcəsinə xarici erməni diaspor dairələrindən daha çox vəsait toplamaq üçün istifadə edir. Erməni dövləti layihəsi artıq birmənalıdır ki, baş tutmadı. Qonşu dövlətlərlə öz münasibətini qura bilmədi, beynəlxalq birlikdə öz yerini tuta bilmir.
Bütün siyasəti ancaq qonşu dövlətlərə qarşı torpaq iddiasıdır. Ancaq cəbhə xəttində vəziyyəti gərginləşdirməklə, Azərbaycanı təxribata çəkməyə cəhd etməklə, Ermənistan bu gün gündəmdə qalmağa çalışır. Ancaq unudurlar ki, onların apardığı təhlükəli siyasət ilk növbədə özləri üçün çox ağır nəticələnəcək.
Belə ki, Azərbaycanın və Türkiyənin böyük iqtisadi potensialından istifadə edə bilmir, büdcəsinin böyük bir hissəsini hərbi büdcəyə yönəltməklə faktiki olaraq dilənçi gününə düşür. Eyni zamanda Azərbaycan öz ərazi bütövlüyü siyasətindən əl çəkmədiyi üçün gec-tez işğal altındakı torpaqlarını azad edəcək”.
Millət vəkili vurğulayıb ki, ötən ilin aprel hadisələri Azərbaycan Ordsusunun tam gücü deyildi:
“Bu, Ermənistana sadəcə xırda bir xəbərdarlq idi. Belə görünür ki, Ermənistan bundan nəticə çıxarmayıb. Hərbi əməliyyatların başlanıb başlanmayacağını demək çətindir. Hər şey konkret situasiyadan, bu məsələnin hansı vəziyyətdə olmasından, Ermənistanın hərəkətlərindən asılıdır. Çox təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələyə laqeyd münasibət bəsləyirlər. P roblemin həllinə mandatı olan ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı heç bir ciddi addım atmır. Ümumən götürdükdə Azərbaycan problemin həllini ancaq özündən asılı olduğu qənaətinə daha çox inanmağa başlayıb.
Pərvanə Sultanova