Azov dənizində həlak olan azərbaycanlı dənizçilər könüllü əsaslarla xidmət ediblər
Azov dənizinin Taqanroq körfəzində iyunun 5-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan və Türkiyədən Rusiyanın Rostov-na-Donu şəhərinə istiqamətlənən “Natra” və “Zirkon” yük gəmilərində həlak olan azərbaycanlı dənizçilərin yalnız könüllü əsaslarla xidmət etdikləri məlum olub.
1news.az xəbər verir ki, bu barədə əldə olunan məlumata görə, onların sözügedən fəaliyyətə cəlb olunması hər hansı dövlət proqramı və ya rəsmi göndərişlə bağlı olmayıb.
Qeyd olunub ki, müharibə və silahlı münaqişələrin hökm sürdüyü bölgələrdə çalışan şəxslərin təhlükəsizliyinə heç kim tam zəmanət verə bilməz.
Bununla əlaqədar xarici ölkələrdə müxtəlif sahələrdə çalışan Azərbaycan vətəndaşlarına müraciət edilərək, onları könüllü şəkildə münaqişə zonalarında fəaliyyət göstərməkdən çəkinməyə çağırılıb. Vətəndaşlara təhlükəli proseslərdən və hərbi qarşıdurmaların yaşandığı ərazilərdən uzaq durmaları tövsiyə olunub.












