Deputatdan TƏKLİF : Sürücülük hüququndan məhrumetmə həddi 20 baldan 40-50 bala qaldırılmalıdır
Milli Məclisin deputatı Naqif Həmzəyev sürücülük fəaliyyətini peşə kimi həyata keçirən şəxslərlə bağlı tətbiq olunan cərimə balı sisteminə yenidən baxılmasını təklif edib.
1news.az-a açıqlamasında deputat bildirib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan peşəkar sürücülər avtomobil yollarının ən fəal iştirakçılarıdır və onların yolda keçirdiyi vaxt adi sürücülərlə müqayisədə 5-8 dəfə çoxdur.
Onun sözlərinə görə, xüsusilə taksi sürücülüyü Azərbaycanda aşağı və orta gəlirli əhali təbəqəsi üçün əsas dolanışıq mənbələrindən biridir. Deputat qeyd edib ki, fəal taksi sürücülərinin böyük hissəsi ailəsinin yeganə gəlir sahibidir və bu səbəbdən sürücülük hüququnun itirilməsi təkcə fərdi deyil, həm də ailəvi sosial-iqtisadi problem yaradır.
Naqif Həmzəyev vurğulayıb ki, uzun saatlar ərzində sükan arxasında olan sürücülər kiçik texniki pozuntular səbəbindən daha tez 20 cərimə balı həddinə çatırlar. Nəticədə sürücülük hüququndan məhrum olunan şəxslər gəlir əldə etmək imkanını itirir, ailə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Bəzi hallarda isə işəgötürənlər belə sürücülərlə əmək münasibətlərinə son qoymağa məcbur olurlar.
Deputat hesab edir ki, mövcud 20 ballıq hədd peşəsi sürücülük olan şəxslər üçün qeyri-ədalətli nəticələr yaradır. Onun fikrincə, adi sürücülər alternativ nəqliyyat vasitələrindən istifadə edə bildiyi halda, peşəkar sürücülər sürücülük hüququnu itirdikdə həm peşələrini, həm də əsas gəlir mənbələrini itirmiş olurlar.
Bu problemin həlli üçün deputat sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və ya bal sisteminin yalnız kobud qayda pozuntularına tətbiq edilməsini təklif edib. O, həmçinin ilk dəfə törədilən yüngül yol hərəkəti qaydası pozuntularına görə yalnız cərimə tətbiq olunmasının mümkünlüyünü qeyd edib.
Naqif Həmzəyev yol hərəkəti qaydalarının ədalətli tətbiqi üçün yol infrastrukturunun və nişanlama sisteminin də təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Deputat Gəncə şəhərində və digər regionlarda yolların xətlənməsi işlərinin keyfiyyətinin artırılmasını, köhnəlmiş və görünməz hala gəlmiş yol nişanlarının inventarizasiyasının aparılmasını, infrastruktur baxımından tam hazır olmayan yollarda kamera vasitəsilə cərimələrin tətbiqinin müvəqqəti dayandırılmasını və sürücülər üçün əlçatan şikayət mexanizminin yaradılmasını təklif edib.












