Bakıda MDB-nin Dövlətlərarası Şurasının yubiley iclası keçirilir – FOTO
Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yubiley iclası öz işinə başlayıb.
1news.az-ın məlumatına görə, iclasda MDB ölkələrinin standartlaşdırma üzrə qurumlarının rəhbər şəxsləri ilə yanaşı, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak edir
3 gün ərzində keçiriləcək tədbirdə MDB ölkələri arasında ticari əlaqələrin genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, texniki tənzimləmə, standartlaşdırma, akkreditasiya sahələrində qarşılıqlı tanınmanın təminatının gücləndirilməsi və s. mövzularda müzakirələr aparılacaq.
Mayın 30-da MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yaranmasının 25 illiyinə həsr olunan “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində 25 il razılaşdırılmış siyasətin aparılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanı ziyarət edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar. Qonaqlar görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək üzərinə gül dəstələri qoyublar.
Konfransda açılış nitqi ilə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, həmçinin Dövlətlərarası Şuranın sədri Ramiz Həsənov bildirib ki, təşkilatın 25 illik yubileyinin Bakı şəhərində keçirilməsi hec də təsadüfi deyil. Son illər ölkəmizin dünyada artan nüfuzu, bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, xalqımızın qonaqpərvərliyi və milli keyfiyyətlər xarici təşkilat və ölkələrin marağına səbəb olur.
MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yubiley iclasında 14 ölkə, 10 beynəlxalq və regional təşkilatdan 100-dək qonağın iştirak etdiyini deyən Ramiz Həsənov tədbirin əhəmiyyəti haqqında danışıb. Bildirib ki, MDB-nin dövlətlərarası münasibətlər modelində iqtisadi əməkdaşlıq, həmçinin sənayenin inkişafı və ticari-iqtisadi əlaqələrin yaranması 25 il öncə imzalanmış standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətlə bağlı Sazişlə bağlıdır. Bu sazişin icrasının effektivliyini artırmaq məqsədilə Dövlətlərarası Şura təsis edilib.
Komitə sədri əlavə edib ki, hazırda rəqabət qabiliyyətli məhsul və xidmətlərin yaradılması, bununla da dövlətin iqtisadi potensialının, həmçinin həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə MDB-yə üzv ölkələr üçün texniki tənzimləmə, standartlaşdırma, ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya vacib alət rolunu oynayır. Bu məqsədə çatmaq üçün 25 il ərzində Şuranın 50 iclası keçirilib, bunun nəticəsində mühüm nailiyyətlər qazanılıb.
Ramiz Həsənovun sözlərinə görə, Dövlətlərarası Şuranın fəaliyyətinin əsas istiqamətləri standartlaşdırma sahəsində normativ sənədlərin işlənməsi, dövlətlərarası standartlar fondunun idarəolunması, etalon bazasının inkişafı və ölçü vahidlərinin ötürülməsi, dövlətlərarası vaxt və tezlik xidmətinin göstərilməsi, akkreditasiya olunmuş sınaq, kalibrləmə və etalon laboratoriyaların, sertfikatlaşdırma orqanlarının, məhsulların və keyfiyyətin idarəedilməsi sistemlərinin sertifikatlarının tanınmasını təmin etməkdir.
Komitə sədri bildirib ki, 25 il ərzində Şura tərəfindən 14 mindən artıq standartlaşdırma üzrə sənəd qəbul olunub ki, bunlardan 7408 dövlətlərarası standart beynəlxalq və Avropa standartları ilə harmonizə edilib. Təkcə 2016-cı ildə 1067 standart qəbul edilib. Hazırda Dövlətlərarası Şuranın fondunda 25 364 standart var.
Ramiz Həsənov əlavə edib ki, Dövlətlərarası Şura çərçivəsində milli orqanların təqdim etdikləri informasiyalar toplanaraq etalonların bazası hazırlanmaqdadır. Bu MDB ölkələrinə ölçmələrin dəqiqliyinin təmin edilməsi və etalonlardan ölçmələrin ötürülməsi işinə yardım edəcək.
MDB ölkələrində istehsal olunan məhsulların böyük əksəriyyətinin satışa çıxmazdan öncə təhlükəsizlik tələbləri üzrə uyğunluğun qiymətləndirilməsi prosedurlarından keçdiyini deyən Dövlətlərarası Şuranın sədri qeyd edib ki, texnologiyaların sürətli inkişafı, iqtisadiyyatın və sənayenin inteqrasiyası, həmçinin beynəlxalq ticarət səviyyəsinin artması bu sahənin də harmonizasiyasını aktual edir. Dünya üzrə vahid tələblərin qəbulu ticarətdə texniki maneələrin aradan qaldırılmasına yardım edir. Bu məqsədlə dövlətlər uyğunluğun qiymətləndirilməsi sahəsi, informasiya mübadiləsi və sistemlərin qarşılıqlı tanınması ilə bağlı vahid standartların hazırlanmasında maraqlıdırlar.
Ramiz Həsənov MDB ölkələrində qarşılıqlı ticarət əlaqələrində mövcud olan əsas problemləri də qabardıb. O bildirib ki, ölkə bazarlarında üzv ölkələrin məhsullarının çıxarılmasında hələ də texniki maneələr var ki, bunun da səbəbi məhsullara dair texniki tələblərdə və uyğunluğun qiymətləndirilməsi prosedurlarında olan fərqlərdir. Bunu aradan qaldırmaq üçün hazırlanan Saziş layihəsində üzv ölkələrdə uyğunluğun qiymətləndirilməsi prosedurlarının, ixrac məhsullara verilmiş sertifikatların tanınması, milli akkreditasiya sistemləri çərçivəsində qayda və prosedurların ekvivalentliyinin tətbiqi və vahid ölçmələrin təminatı sahəsində razılaşdırılmış siyasətin aparılması əks olunub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov keyfiyyət infrastrukturu sahələrinin Azərbaycanda inkişaf dinamikası haqqında da məlumat verib. Bildirib ki, fevralın 10-da “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyev tərəfindən Fərman verilib. Fərmana əsasən beynəlxalq tələblərə uyğun olaraq hər biri ayrı inzibati orqan kimi Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi və Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxsləri təsis edilib. Standartlaşdırma İnstitutu və Akkreditasiya Mərkəzinə milli orqan statusu verilib.
Hazırda Azərbaycanda akkreditasiya prosedurlarının beynəlxalq tanınmasına nail olmaq üçün Avropa Akkreditasiya Təşkilatına üzvlüklə bağlı işlər görülür. Təşkilatın Baş Assambleyasının Sloveniyada keçirilmiş son iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin noyabr ayında quruma assosiativ üzv qəbul edilməsi ilə bağlı razılıq əldə olunub. Akkrediyasiya sahəsinin gücləndirilməsi ilə bağlı Avropa Birliyinin bu yaxınlarda başlayacaq “Tvinninq” layihəsinin nəticəsində isə Azərbaycan Avropa Akkreditasiya Təşkilatında tam hüquqlu üzvlüyünü təmin edəcək. Bu isə yerli məhsulların Avropa bazarına texniki maneə olmadan ixrac imkanlarını genişləndirəcək, burada verilmiş sertifikatlar, sınaq və kalibrləmə sənədlərin beynəlxalq tanınması təmin ediləcəkdir.
Konfransda Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəisi Aleksey Abramov “MDB-də iqtisadi inteqrasiyaya nail olmaq üçün dövlətlərarası standartlaşdırmanın inkişafı və təkmilləşdirilməsi”, Belarus Standartlaşdırma Komitəsinin sədri Viktor Nazarenko “MDB-yə üzv ölkələrin ticarətində texniki baryerlər və onların dəf olunma yolları”, Qazaxıstan İnvestisiya və İnkişaf Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədrinin müavini Şınar Kazıbayeva “Qarşılıqlı ticarətdə ölçmələr və metroloji xidmətlər vasitəsilə texniki maneələrin aradan qaldırılması”, Özbəkistan Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyinin baş direktoru Aktam Xaitov “Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sisteminin beynəlxalq normalarla harmonizasiyası” mövzularında çıxış ediblər. Bundan başqa Moldovanın Akkreditasiya Mərkəzinin direktoru Yeujeniya Spoyale, Rusiyanın Akkreditasiya üzrə Federal Xidmətinin rəisinin müavini Serqey Miqin, Qırğızıstanın Standartlaşdırma və Metrologiya Mərkəzinin direktoru Berdimamat Adanbayev təmsil etdikləri təşkilatların fəaliyyətindən danışıblar.
Konfransda Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) Akademiyasının direktoru Daniele Qerundino, Beynəlxalq Elektrotexnika Komissiyasının (İEC) vitse-prezidenti Ulrix Şpindler, Elektrotexnikanın Standartlaşdırılması üzrə Avropa Komitəsinin (CENELEC) prezidenti Tiis Bernhard, UNİDO təşkilatının Ticarət, İnvestisiyalar və İnnovasiyalar departamentinin direktoru Bernardo Kolsidilla-Sarmiento da keyfiyyət infrastrukturunun inkişafı ilə bağlı mövcud beynəlxalq təcrübə haqqında çıxış ediblər.
Qeyd edək ki, mayın 31-i və iyunun 1-də isə Dövlətlərarası Şuranın 51-ci iclası keçiriləcək, gündəlikdə olan məsələlər barədə müzakirələr olacaq.
Babək Cahandarov