ADSEA rəsmisi: Azad olunmuş ərazilərdə bir sıra yeni su anbarlarının inşası planlaşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADSEA rəsmisi: Azad olunmuş ərazilərdə bir sıra yeni su anbarlarının inşası planlaşdırılır

Qafar Ağayev14:09 - Bu gün
ADSEA rəsmisi: Azad olunmuş ərazilərdə bir sıra yeni su anbarlarının inşası planlaşdırılır

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində su təminatının yaxşılaşdırılması məqsədilə bir sıra yeni su anbarlarının inşası planlaşdırılır”.

1news.az-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev jurnalistlərə açıqlama verib.

“Artıq Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanıb. Həkəriçay su anbarının 91 milyon kubmetr, Bərgüşadçay su anbarının isə 67 milyon kubmetr həcmində olması nəzərdə tutulur. Bu layihələrin icrası Laçın, Qubadlı, Zəngilan və digər rayonların həm suvarma, həm də içməli su ilə təminatına mühüm töhfə verəcək”, – deyə Quliyev qeyd edib.

O əlavə edib ki, hazırda Sərsəng su anbarı ilə bağlı texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması da yekunlaşmaq üzrədir:

“Həcmi 565 milyon kubmetr olacaq bu su anbarı Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy və Yevlax rayonlarında ümumilikdə 96 min hektar sahənin suvarılması üçün istifadə ediləcək”.

ADSEA rəsmisi həmçinin vurğulayıb ki, Qız qalası su anbarı və ondan çıxacaq 52 kilometrlik magistral kanal, eləcə də Tərtərçay Sağ Sahil suvarma kanalı layihələrinin sənədləri artıq hazırdır və yaxın vaxtlarda icrasına başlanması nəzərdə tutulur:

“Bu layihələrin reallaşması nəticəsində on minlərlə hektar əkin sahəsinin su təminatı inkişaf edəcək”.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər