Metsamor Atom Elektrik stansiyasının bağlanması üçün 10 səbəb - İnfoqram
Xarici İşlər Nazirliyi tərəfindən “Metsamor Atom Elektrik Stansiyasının bağlanması üçün 10 səbəb” başlıqlı ingilis dilində infoqramı hazırlanıb.
Bu haqda 1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir.
Məlumat üçün bildirək ki, “Metsamor” AES –in tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. AES-in tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb.
1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub.
Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edir və 1995-ci ildə 2-ci enerji bloku işə salınır. Bu stansiya regionda birinci nəsil tipli ВВЭР-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.
Təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşayan Azərbaycan əslində nüvə terrorizmi və radiasiya riski ilə də üz-üzədir. Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında nüvə tullantıları basdırması, “Metsamor” AES-in radiasiya tullantılarının Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılması inkar edilməz faktlarla təsdiqini tapıb. İşğal altında olan Azərbaycan əraziləri qadağan olunan nüvə məhsullarının tranzit daşınmasında da böyük risklər yaradır. Bundan başqa, artıq istismar müddəti keçmiş “Metsamor” AES-in güclü seysmik ərazidə yerləşməsi təhlükə riskini daha da artırır.
Ən son məlumatlara görə, Ermənistan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilədək uzatmaq niyyətindədir və bu barədə hökumət qərar qəbul edib. Xüsusi olaraq qeyd etməliyik ki, “Metsamor” AES-in Azərbaycan, Türkiyə və İran üçün yaratdığı real təhlükənin ümumi ərazisi mövcud Ermənistandan təxminən iki dəfə böyükdür.
Qeyd edək ki, “Metsamor” AES-in region üçün təhlükə mənbəyi olmasını ermənilərin özləri də etiraf edirlər. Misal üçün, bu ölkənin “Ekolur” təşkilatı Ermənistanın Səhiyyə və Fövqəladə Hallar nazirliklərinə müraciət edərək yaranmış böhranlı vəziyətdən çıxış yolu tapmaq üçün ölkə rəhbərliyini hərəkətə keçməyə çağırıblar.
Mövzu ilə əlaqədar oxuyun:
“Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL
Ermənistandakı Metsamor AES: terrorçular üçün asan hədəf
S.Xankişiyeva