60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi" (II hissə) – Newtimes.az
Avropa İttifaqının son illər qarşılaşdığı bir sıra ciddi problemlər bu təşkilatın taleyi ilə bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər. Onların içərisində bədbin məzmunlu olanlar az deyil.
İtaliyanın paytaxtı Romada təşkilatın 60 illiyini qeyd etməyə toplaşmış 27 üzv dövlətin rəhbərləri də bununla bağlı geniş müzakirələr aparıblar. Yekunda yeni bəyannamə imzalanıb. Sənəddə təşkilatın gələcəyi ilə əlaqədar maraqlı məqamlar yer alıb. Onların analizi göstərir ki, Aİ faktiki olaraq yeni transformasiyalar mərhələsindədir. Artıq əvvəlki şərtlər daxilində fəaliyyət göstərmək səmərəli deyil. Lakin başlıca çətinlik ondan ibarətdir ki, yeniləşmələrin konkret məzmunu aydınlaşmayıb. Çünki ortada kifayət qədər problemlər vardır. Bu məsələlər üzərində dayanmağa ciddi ehtiyac görürük.
4 istiqamət: inkişafın konkret yolları?
Birinci istiqamət kimi təhlükəsizlik məsələsi göstərilib. Aİ Avropanı tam təhlükəsiz məkana çevirmək niyyətindədir. Bütün vətəndaşlar özünü təhlükəsiz hiss etməli və sərbəst hərəkət etmək imkanına malik olmalıdırlar. Xarici sərhədlər müdafiə edilməlidir. Səmərəli və dayanıqlı miqrasiya siyasəti yaradılmalıdır. Beynəlxalq normalara ciddi əməl edilməlidir. Terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparmaq gərəkdir.
Deməli, Avropa İttifaqı yaxın 10 il üçün əsas təhlükəni terrordan və mütəşəkkil cinayətkar qruplardan gözləyir. Onda proqnoz vermək olar ki, Qərbdə yaxın perspektivdə Yaxın Şərq, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada terror təhlükələrinin aradan qaldırılmasına az ehtimal verilir. Hətta burada onun Avropaya sirayət edəcəyini də gözləyirlər. Aİ üçün bu, kifayət qədər təhlükəli vəziyyətdir. Çünki terror faktiki olaraq təşkilatın infrastrukturunu iflic etməkdən savayı, insanların psixologiyasını da dəyişə bilər.
Burada Qərb cəmiyyətlərində islamofobiyanın genişlənməsinin mənfi rolunu mütləq qeyd etmək lazımdır. Görünür, bu kimi məqamları nəzərə alaraq Almaniyanın kansleri A.Merkel Türkiyənin miqrasiya siyasətinə dəstək verməyin vacibliyini bir daha vurğulayıb. O halda yaxın 10 il üçün Avropada təhlükəsizliyin təmini məsələsinin taleyi haqqında birmənalı proqnoz vermək çox çətin görünür. Roma bəyannaməsinin bu bəndi şübhələr yaradır.
Təhlükəsizlik məsələsinin birinci sıraya çəkilməsi onu təsdiq edir ki, Avropa İttifaqı üçün iqtisadidən çox, siyasi-ideoloji və hərbi faktorlar önəm daşımağa başlayıb. Belə olan halda təhlükəsizliyin təmin edilməsi mürəkkəb bir vəzifəyə çevrilir. Əsas məsələ qlobal miqyasda təhlükəsizlik sisteminin formalaşma mexanizmi ilə birbaşa bağlı hala gəlir. Bu sahədə isə problemlər kifayət qədərdir. Onların necə həll ediləcəyi isə aydın deyil.
Son zamanlar böyük güclər arasında mübarizənin kəskinləşməsi bir sıra bədbin nəticələr çıxarmağa əsas verməkdədir. Hətta analitiklər III Dünya müharibəsinin başlamasından da ehtiyat edirlər. Silahlanma yeni səviyyəyə yüksəlir. Yeni ölkələr nüvə silahına sahib olur. Qüvvələr balansı pozulur. Proqnozlara görə, yeni qüvvələr balansının yaradılması vaxt alacaq. Həm də əsas güclər sırasında Aİ-nin adı çəkilmir. Amerikalı analitiklər başlıca olaraq ABŞ-Rusiya-Çin "üçbucağı"ndan bəhs edirlər. Bu o deməkdir ki, Qərbin özündə Aİ-nin geosiyasi mövqeyi barədə vahid fikir yoxdur. O halda Avropa ümumi təhlükəsizliyi hansı prinsip üzrə möhkəmləndirəcək, aydın deyil.
İkinci istiqamət çiçəklənən və dayanıqlı Avropanın yaradılmasını nəzərdə tutur. Burada əsas olaraq sosial-mədəni və iqtisadi inkişafdan söhbət gedir. Yeni iş yerləri açılmalıdır. Vahid bazar ideyası inkişaf etməlidir. Texnoloji yeniliklər tətbiq olunmalıdır. Stabil, möhkəmlənən vahid valyuta formalaşdırılmalıdır. Rəqabətədavamlılıq yeni səviyyəyə yüksəldilməlidir. İnnovasiyalar sahəsində ciddi irəliləyişlər əldə edilməlidir. Sərmayə qoyuluşu, struktur islahatları və iqtisadi sistemlərin daha da yaxınlaşması baş verməlidir. Ətraf mühit təmiz olmalıdır.
Özlüyündə bu bənd kifayət qədər cəlbedici görünür. Avropa dövlətlərinin imkanları da genişdir. Ancaq maliyyə böhranı, avro ilə bağlı yaranmış vəziyyət, Yunanıstanın düşdüyü bəlalar göstərir ki, iqtisadi və sosial baxımdan vəziyyəti köklü düzəltmək xeyli problemlidir. Hələ də Aİ bütövlükdə böhrandan çıxa bilməyib. Ölkələrin inkişaf səviyyəsi arasındakı fərqlər dərinləşir. Şərqi Avropa dövlətlərinin vətəndaşlarına qarşı tətbiq edilən vergilər narazılıq yaradır. Heç də bütün partiyalar Aİ-də sosial-iqtisadi sistemin sağlam olduğunu təsdiqləmir.
Bəzi ölkələrdə işsizliyin səviyyəsi yüksək olaraq qalır. Onların azaldılması tendensiyası isə görünmür. Avroya münasibətdə fərqli mövqelər vardır. Böyük Britaniyanın təşkilatı tərk etməsi ilə də bağlı meydana çoxlu sayda problemlər çıxır. Onların həlli istiqamətində konkret proqramlar yoxdur.
Vəziyyəti daha da mürəkkəbləşdirən Aİ-yə qonşu olan regionlarda sosial-iqtisadi durumun pisləşməsidir. Həmin bağlılıqda miqrasiya hadisəsi təşkilat üçün böyük problem olaraq qalır. Əgər bu tendensiya davam etsə, Aİ-nin sosial-iqtisadi inkişafı məsələsi qeyri-müəyyənliyə düçar olacaq. Terrorun artması isə bütövlükdə cəmiyyətdə radikalizmə təkan verə bilər. Nəticədə, Avropanın iqtisadi rifahı barədə proqnoz vermək olduqca riskli bir iş olar.
Üçüncü inkişaf istiqaməti sosial yönümlü Avropanın yaradılmasından ibarətdir. Dayanıqlı inkişaf iqtisadi və sosial tərəqqini təmin edir. Cəmiyyətdə birlik və yaxınlaşma artır. Daxili bazarın bütövlüyü saxlanılır. Bu, milli iqtisadi sistemlərin müxtəlifliyini təmin etmək əsasında inteqrasiyanı reallaşdırmaq deməkdir. Bütün insanların bərabərliyi təmin olunur. O cümlədən qadınlarla kişilərin hüquq bərabərliyi reallaşır. İşsizlik, diskriminasiya, sosial təcridçilik və yoxsulluq aradan qaldırılır. Gənclər ən yüksək təhsil alırlar, onların peşə hazırlığı yüksəlir. Bunlarla yanaşı, Avropada mədəniyyət irsi qorunur və mədəni müxtəliflik təmin edilir.
Şübhəsiz ki, Avropa dövlətləri sırasında sosial mahiyyətli cəmiyyətləri olanlar az deyil. Onlar vətəndaşlar üçün müasir meyarlarla kifayət qədər yüksək rifah şəraiti yarada biliblər. Lakin son illər Aİ-ni əhatə edən böhranla əlaqədar həmin istiqamətdə də kifayət qədər problemlər və çətinliklər meydana çıxıb. Onların sırasında miqrantlara qarşı münasibəti ayrıca vurğulamaq istərdik. Məsələ ondan ibarətdir ki, Avropa ölkələri miqrantların qanuni sosial təminatlarına laqeyd münasibət göstərməkdədirlər. Hətta bir sıra siyasi liderlər onlara heç bir təminatın verilməməsinə də çağırırlar. Almaniyada Frauke Petri isə sərhəddə miqrantların güllələnməsindən bəhs edir. Bu cür psixoloji durumla hansı sosialyönlü cəmiyyət yaratmaq olar?
Məsələnin digər tərəfi Aİ-yə daxil olan ölkələrin bir-birinin vətəndaşına fərqli münasibət göstərməsi ilə əlaqəlidir. Məsələn, Böyük Britaniya Polşa, yaxud Rumıniyadan gələn insanlara sosial təminat ödəməyəcəyini dəfələrlə bəyan etmişdi. Səbəbi isə ondan ibarətdir ki, həmin ölkələrdən gələn mütəxəssislərin peşəkarlıq səviyyəsi aşağıdır. Bununla yanaşı, britaniyalılar hesab edirlər ki, sosial təminat məsələsi ümumi büdcədən həll edilməlidir. Belə çıxır ki, Aİ hələ də öz idarəetmə və sosial prosesləri tənzimləmə institutlarını lazımi səviyyədə qura bilməyib. Bu problemin yaxın 10 ildə necə həll ediləcəyi də məlum deyil. Çünki təşkilata daxil olan ölkələrdə həmin problemlə bağlı fərqli yanaşmalar mövcuddur.
Onun bariz nümunələrindən biri Berlin və Parisin Aİ üzvlərinin statusa görə fərqləndirilməsi tələbində olmalarıdır. Artıq Şərqi Avropa ölkələri buna etiraz edirlər. Çünki bu halda bütün məsələlərdə ayrı-seçkilik olacaq. Təbii ki, sosial təminat da birbaşa buraya daxildir.
Bu faktlardan belə nəticə çıxarmaq olar ki, yeni Roma bəyannaməsində sosialyönümlü dövlətin yaradılması və inkişaf etdirilməsi bəndi aktualdır, onu reallaşdırmaq imkanları az deyil, lakin reallıq ondan ibarətdir ki, hələlik ortada xeyli ciddi maneələr vardır. Onların aradan qaldırılması isə yalnız Aİ-yə daxil olan dövlətlərin öz istəkləri ilə əlaqəli ola bilməz. Burada dünya siyasətinin təkamül dinamikası ilə Avropa miqyasında proseslərin inkişaf tendensiyaları arasında nisbətin rolunu ayrıca vurğulamaq lazım gəlir. Həmin aspektdə isə hələlik bir aydınlıq yoxdur. Mütəxəssislər qeyri-müəyyənlikdən daha çox bəhs edirlər.
Nəhayət, dördüncü inkişaf istiqamətində beynəlxalq arenada daha güclü Avropanın yaradılması ifadə olunub. Bunun üçün Aİ mövcud əməkdaşlıqları inkişaf etdirir, eyni zamanda, yenilərini də yaradır. Paralel olaraq öz sərhədləri ətrafında yerləşən ölkələrdə çiçəklənmə və sabitliyə nail olur. Yaxın Şərq regionu və Afrika da buraya daxildir. Ümumilikdə isə Aİ bütün dünyada sabitliyin və inkişafın təmininə çalışacaq. Təşkilat daha rəqabətə davamlı və inteqrə edilmiş müdafiə sənayesinin yaradılması məsuliyyətini öz üzərinə götürə bilər. O cümlədən NATO ilə əməkdaşlığı yeni səviyyəyə yüksəltməkdə maraqlıdır. İqlim dəyişikliyi ilə aktiv mübarizə aparmaq arzusundadır. Avropa öz dəyərləri ilə fəxr edən, azad və fərdi sahibkarlığı inkişaf etdirən bir məkana çevrilməlidir (bax: Римская декларация. 27 mart 2017. https://eeas.europa.eu/headquarters/headquarters-homepage/23531/rimskaya-deklaraciya_ru).
Təbii ki, Aİ-nin beynəlxalq aləmdə öz mövqeyini gücləndirməsi Avropanın maraqlarına cavab verir. Lakin vurğulanan məqamlardan aydın görünür ki, təşkilat yaxın 10 ildə dünya liderliyinə iddia etmək niyyətindədir. Bütün dünyada sabitliyin təmini, daha da birləşmiş müdafiə sisteminin yaradılması kimi faktorların arxasında bu istək dayanır. Çünki əgər məqsəddə planetar miqyaslı prosesləri yaratmaq varsa, bu, supergüc iddiasıdır. Belə nəticə çıxarmaq olar ki, yaxın perspektivdə Avropa İttifaqı ABŞ, Rusiya, Çin və Hindistana geosiyasi arenada rəqib olmağı planlaşdırır. Onun buna nail ola biləcəyi ayrı məsələdir. Əsas məqam ondan ibarətdir ki, Brüssel qarşılaşdığı çətinlikləri nəinki həll etməyə, hətta daha sürətlə inkişaf etməyə və qlobal miqyasda mövqeyini gücləndirməyə hazırlaşır.
Qeyd olunan özəlliklər fonunda Aİ-nin miqrasiya siyasətinin daha da kəskinləşə biləcəyini proqnozlaşdırmaq olar. Bu, təşkilat daxilində hərəkət azadlığının artması və fərdi biznesin inkişaf etdirilməsi fonunda baş verə bilər. Məntiqi olaraq belə nəticə almaq olar ki, yaxın perspektivdə Aİ xarici sərhədlərini gücləndirmək üçün uyğun addımlar atacaq. Lakin burada bir mürəkkəb məqam mövcuddur.
Biz, Aİ-yə daxil olan bir sıra ölkələrdə milli təcridçilik meyllərinin artmaqda olduğunu nəzərdə tuturuq. Bu tendensiya indi siyasi populizm formasında güclənir. Əgər həmin proses inkişaf etsə, onda Aİ daxilində həmrəyliyi, azad ticarət mühitini, sərbəst hərəkət rejimini təmin etmək xeyli çətinləşəcək. Bu halda xarici sərhədlərin qorunması önündə də müəyyən problemlər meydana çıxa bilər.
Digər tərəfdən, bəzi ölkələrin təşkilatdan çıxa bilməsi ehtimalı qalır. Böyük Britaniyanın ardınca kimlərsə eyni qərar qəbul etsə, onda Aİ-nin ümumiyyətlə mövcudluğu sual altına düşər. Həmin kontekstdə təşkilatın qonşu dövlətlərlə bağlı siyasətində axsamalar özünü göstərə bilər. İndi Aİ Gürcüstan və Ukrayna kimi ölkələrə viza sərbəstliyi tətbiq edir, ancaq daha böyük qonşu dövlətlərlə bir qədər fərqli davranır. Daha konkret desək, Aİ hələ də ikili standartlar siyasətindən imtina etməyib.
Bundan başqa, postsovet məkanı istiqamətində də Brüsselin yeritdiyi siyasətdə qeyri-müəyyənliklər qalmaqdadır. Təşkilatın Azərbaycanla yeni formatda əməkdaşlıqla bağlı danışıqlara başlaması müsbət haldır. Ancaq regionun digər dövlətləri, xüsusilə də Ermənistanla münasibətdə hansı xəttin seçiləcəyi aydın deyil. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal edən bir ölkənin münaqişə həll olunmadan Aİ ilə əlaqələrinin inkişaf etməsi normal hal olmazdı. Brüssel həmin məqamı nəzərə alıb, İrəvandan işğala son qoymağı qəti tələb edəcəkmi?
Doğrusu, buna inam azdır. İndiyə qədər Avropa İttifaqı ümumi sözlərdən o tərəfə keçməyib. Yaxın Şərqdə baş verənlər də göstərir ki, Brüsselin mövqeyini dəyişmək istəyi yoxdur. Konkret olaraq, Türkiyə məsələsində təşkilat obyektiv mövqedə görünmür. Türkiyəyə qarşı terror törədən qruplara dəstək verilir, Ankaranın daxili işinə müdaxilə cəhdləri aydın görünür. Onu da deyək ki, Türkiyə uzun illərdir ki, Avropa İttifaqına can atır. Deməli, Brüsselin xarici siyasətində özünü göstərən ikili standartların davam etməsi halında yeni Roma bəyannaməsinin 4-cü inkişaf istiqamətinin təmin olunması ciddi şübhələr doğuracaq.
Nəticə
Beləliklə, Avropa İttifaqı üçün həyati əhəmiyyəti olan yeni Roma bəyannaməsi iki mühüm məqamı bir daha təsdiqləmiş oldu. Birincisi, təşkilat 60 ildə maraqlı və dünya siyasəti üçün dəyəri olan təkamül yolu keçib. Bu müddət ərzində kifayət qədər mühüm nəticələr əldə edilib. Aİ-də inteqrasiya güclənib, sıraları genişlənib, siyasi, geosiyasi, hərbi, iqtisadi və mədəni aspektlərdə ciddi irəliləyişlər əldə edilib. İqtisadi inteqrasiya istiqamətində 3 mərhələni keçən Aİ-nin bu sferada imkanları hələ də qalır.
Keçən dövrdə təşkilat siyasi birliyin yaradılması üçün də xeyli iş görüb. Tədricən ölkələrüstü qurumların statusu və fəaliyyət sahəsi genişləndirilib. Son olaraq Aİ Konstitusiyasının layihəsi işlənilib. Bu layihə təşkilatın faktiki olaraq böyük dövlət halına çatdırılması prosesinin getdiyini təsdiqləyir.
Həmin kontekstdə Aİ-nin vahid xarici siyasət yeritməsi və müdafiə sisteminin qurulması məsələləri xüsusi yanaşma tələb edir. Əgər birinci məsələ həll edilibsə, vahid ordu yaratmaq hələlik mümkün olmayıb. Lakin həmin istiqamətdə də prinsipial razılaşma vardır.
İkincisi, əldə edilən nailiyyətlərə baxmayaraq, Avropa İttifaqı çox ciddi çətinliklərlə üz-üzədir. Və bu, demək olar ki, bütün sahələri əhatə edir. Siyasi, ideoloji, iqtisadi, demoqrafik, mədəni, təhlükəsizlik, idarəetmə, ortaq azad bazarın yaradılması, maliyyə və digər sferalarda həllini tələb edən xeyli problem mövcuddur. Buna görə də bir sıra mütəxəssislər 60 illik yubileyin sevindirici olmadığını qeyd edirlər.
Təşkilat üçün ən vacib problemlər sırasında inteqrasiyanın gücləndirilməsi mühüm yer tutur. Bununla bağlı Brüsselin də narahatlıqları var. Burada hesab edirlər ki, ona ən təsirli zərbəni Böyük Britaniyanın təşkilatı tərk etməsi vurdu. Çünki Londondan digər üzvlər də nümunə götürə bilərlər. Bundan başqa, mütəxəssislər vahid Avropa ideyasının özünün də zərər gördüyünü qeyd edirlər.
Bütün bunlara görə, yeni Roma bəyannaməsinin Aİ-ni yaxın 10 il üçün ən azından qoruyub saxlamaq üçün əhəmiyyətli olduğu qənaətini ala bilərik. Həmin sənəddə vurğulanan 4 inkişaf istiqaməti isə daha çox arzu və istəklərin nəzəri ifadəsini xatırladır. Reallığın hansı sürprizləri edəcəyini zaman göstərəcək.
Mövzu ilə əlaqədar:
60 il sonra: Avropa İttifaqının yeni “yol xəritəsi” – Newtimes.az
Kamal Adıgözəlov