Ekspert: "Ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi prosesi başlayıb”

“Qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı və ixrac qabiliyyətinin artırılması prioritet təşkil edir. Nəzərə alsaq ki, Azərbaycan artıq postneft dövrünə qədəm qoyur və bu dövrdə qeyri -neft sektorunun inkişafı, ixracatda diversifikasiyaya nail olunması əsas hədəflərdən biri kimi qiymətləndirilir”.
Bu fikirləri 1news.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsi barədə danışarkən deyib. Onun sözlərinə görə, etiraf etmək lazımdır ki, xüsusən 2014-cü ildən sonra qeyri- neft sektoru ixrac imkanlarının genişləndirilməsi, eləcə də aqrar sektor daxil olmaqla bu sahədə istehsalın gücləndirlməsi və dövlət tərəfindən dəstəyin verilməsi istiqamətində xeyli addımlar atılıb:
“Azərbaycan Prezidentinin mütamadi olaraq rayonlara səfərlər etməsi, müşavirələrdə öz tapşırıq və göstərişlərini verməsi ondan xəbər verir ki, regionların inkişafı ilə yanaşı, aqrar və sənaye sahələrinin inkişafı və onların ixrac qabiliyyətinin genişləndirlməsi prioritet olaraq qalmaqdadır. Qeyd etmək lazımdır ki, dövlət başçısının son müşavirədən əvvəl Yevlaxda və Saatlıda həm Azərbaycanın ixrac qabiliyyətinin genişləndirlməsi, həm də ənənəvi aqrar sahələrin inkişafı ilə bağlı müşavirələri olub. Bu müşavirələrin regionlarda keçirilməsi ondan xəbər verir ki, regionların ixrac qabiliyyətinin artırılması prioritetdir. Sözsüz ki, son müşavirəni təhlil edəndə bir neçə əsas məqamları diqqətə almağa ehtiyac var. Həmin məqamlardan biri ondan ibarətdir ki, ilk növbədə Azərbaycan ənənəvi aqrar sektorun inkişafı ilə bağlı konkret proqramlar həyata keçirlməkdədir və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, ixrac imkanlarının genişləndirlməsi postneft dövrünün əsas hədəflərindən biridir.
Bununla bağlı olaraq 2014-cü ildən sonra subsiyalaşdırma mexanizminin təkminləşdirilməsi, yalnız hektara deyil, həm də istehsal olunan məhsulun həcminə görə subsidiyaların verilməsi, əlavə subsidyaların tətbiq edilməsi ondan xəbər verir ki, yeni mexanizmlərin tətbiqi istehsalı sitimullaşdırır. Digər tərəfdən isə ixraca tətbiq edilən subsidiyalar həmin məhsulların ixrac imkanlarını genişləndirir. Yaınız 2016-cı ildə fındıq ixracatından 105 milyon dollar gəlir əldə etmək mümkün olub ki, cari ildə, həmçinin növbəti illərdə bu rəqəmin daha da artırılmasına nail olunacaq. Digər məqam isə ixracın yalnız neft üzrə deyil, həm də qeyri- neft sektoru üzrə divirsifkasiyasına nail olmaqdır. Son müşavirədə Azərbaycan Prezidenti sözügedən zonada üç məhsulun, xüsusən də fındıq ixracatının artırılması ilə bağlı öz tapşırıqlarını verdi və dedi ki, ixracatın strukturnda da diversifikasiya bu kontekstdən qiymətləndirilməlidir ki, hədəf yalnız ixracatda məhsullar üzrə diversifikasiyaya nail olmaqdan ibarətdir. Bu baxımdan təbii ki, ənənəvi aqrar sektorun dəstəklənməsi olduqca vacibdir”.
Ekspert başqa əsas məqam kimi məşğulluğun təmin edilməsini qeyd edib. Onun sözlərinə görə, yalnız pambıqçılığın yenidən dəstəklənməsi və inkişafı nəticəsində əlavə olaraq 100 min iş yerinin yaradılması nəzərdə tutulub:
“Fındıqçılıq, baramaçılıq, eləcə də tütünçülük də nəticə etibarı ilə yeni iş yerlərinin yaradılması baxımından vacibdir. Son müşavirədə yalnız istehsal, ixrac imkanları deyil , həm də məşğulluğun təmin edilməsi də əsas diqqət mərkəzində oldu və bu sektorun dəstəklənməsi məşğulluğun genişləndirlməsi baxımından prioritet hesab olundu. 2017-ci ilin birinci yarım ilinin iqtisadi yekunlarına diqqət etsək və nəzərə alsaq ki, qeyri- neft sektorunda ixracat 27 faiz, kənd təsərrüfatında 40 faiz artıb, bu ondan xəbər verir ki, mərhələli şəkildə Azərbaycan ixracatının strukturunda diversifikasiya meyilləri müşahidə olunmaqdadır. Bu da neftdən asılılığın aradan qaldırlması baxımından olduqca vacibdir. Son müşavirə də bir daha onu təsdiq edir ki, regionlarda yalnız ənənəvi sahələr deyil, həm də emaledici və sənaye sektorunun inkişafı da diqqət mərkəzindədir. Növbəti illərdə biz xüsusilə qeyri-neft sektorunda regionların payının daha çox olacağını müşahidə edə biləcəyik”.
Ekspert vurğulayıb ki, ərzaq təhlükəsizliyi və ərzaq təminatı da çox vacibdir:
“Nəzərə almaq lazımdır ki, idxaldan, xüsusilə ərzaq məhsullarından asıllığın aradan qaldırılması prioritetdir. 2014-cü ildə postneft dövrü elan edilən zaman həm qeyri- neft sektorunun inkişafı, həm də idxalın məhdudlaşdırılması hədəf kimi irəli sürüldü. İdxaldan asılılığın aradan qaldırılması üçün ərzaq təhlükəsizliyi və ərzaq təminatı həm də ölkədə valyutanın qalması baxımından əsas amillərdən hesab olunur. İdxaldan asılılığın aradan qaldırılması yerli istehsalın genişləndirilməsi hesabına mümkündür. Bu da ərzaq təhlükəsizliyinin formalaşmasına müsbət təsir göstərir. 2016-cı ilin yekunu, eləcə də cari ilin göstəriciləri bir sıra məhsullar üzrə ümumi tələbə yaxın istehsal formalaşmaqda olduğunu göstərdi. Son illərdə idaxalın payındakı azalma ondan xəbər verir ki, ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi prosesi başlayıb”.
P.Sultanova