Elmar Məmmədyarov İtaliyanın yeni səfirini qəbul edib – FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini qəbul edib.
1news.az-ın məlumatına görə, səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Nazir Elmar Məmmədyarov Auqusto Massarini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Auqusto Massarini iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. O, həmçinin, TAP layihəsinin İtaliya ərazisində tikintisi ilə bağlı görülən işlərin son vəziyyətinə dair nazir Elmar Məmmədyarova məlumat verib.
Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.
İki ölkə arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Babək Cahandarov