İspaniyanın “Marca” nəşri "Qarabağ"a görə Azərbaycandan üzr istəyib
İspaniyanın “Marca” nəşri “Qarabağ” futbol klubu haqqında yaydığı yanlış məlumata görə üzr istəyib və mətndə dəyişiklik edilib.
Səfirlikdən 1news.az-a verilən məlumata görə, dünən İspaniyanın məşhur “Marca” nəşrinin “Futbol sərhədləri aşanda” (“Cuando el futbol cruza fronteras”) adlı məqaləsində Dağlıq Qarabağ Azərbaycana tabe olmayan ərazi kimi göstərilmiş, “Qarabağ” futbol klubunun həmin əraziyə məxsusluğu ilə bağlı həqiqətəuyğun olmayan məlumatlara yer verilmişdi.
Səfirlik tərəfindən məsələyə dərhal reaksiya verilərək redaksiya ilə əlaqə saxlanılıb, sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib. Eləcə də həmin məlumatların korreksiya edilməsi və ya mətndən çıxarılması ilə bağlı baş redaktora yazılı müraciət edilib.
Məsələ ilə bağlı “Qarabağ” futbol klubu da “Мarca” nəşrinə etirazını bildirib.
Görülən tədbirlər nəticəsində “Marca” nəşri bu gün məqalədə müvafiq dəyişiklikləri etməklə öz üzrxahlığını bildirib.
1news.az