“Nezavisimaya qazeta” Yerevanın sifarişini korlayıb
Rusiyada çıxan “Nezavisimaya qazeta”da bu günlərdə “Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə etimadsızlıq bildirib” (“Запад вынес борьбе Азербайджана с ИГ вотум недоверия”) sərlövhəli məqalə dərc olunub.
Bu materialın müəllifi, “sensasiya” yaratmaq iddiasında olan Artur Priymak adlı birisi bildirir ki, Türkiyənin Suriya ilə sərhədində İŞİD döyüşçüləri olması ehtimal edilən beş nəfər saxlanılıb, onlardan üçü azərbaycanlıdır.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “Kaspi” qəzetinin müxbiri Roman Temnikov Rusiyanın “Vestnik Kavkaza” adlı nəşrində “Nezavisimaya qazeta” “Yerevanın sifarişini korlayıb” (“"Независимая газета" провалила подряд из Еревана”) sərlövhəli məqaləsində qeyd edir ki, “bu əhvalatda müəllif üçün ən əhəmiyyətli məqam - hələlik məhkəmələri olmamış və İŞİD-ə mənsubluğu sübut edilməmiş saxlanılmış şəxslərin milliyyəti və Türkiyənin həmin hissəsində demək olar ki, hər gün baş verən belə bir hadisənin olması (yəni, sərhədi keçməyə cəhd göstərməkdə şübhə doğuran şəxslərin axtarışı və tutulması) faktıdır”.
Roman Temnikov yazır ki, terrorçuların milliyyəti olmur, əks halda Priymak bütün dünyaya car çəkməli olardı ki, Suriyada həm onun öz ölkəsinin – Rusiyanın, həm də Aİ üzvü olan bir sıra dövlətlərin və ABŞ-ın vətəndaşları dəfələrlə saxlanılıb. Belə çıxır ki, Qərb tez-tez elə özü barəsində “etimadsızlıq rəyi” yayır. R.Temnikov vurğulayır: “Lakin görünür, jurnalistin qəbul etdiyi sifariş məhz azərbaycanlılara aiddir. Buna görə də Priymak gözlənilən qonorarın ləzzətini əvvəlcədən duyaraq dərhal “çoxdan gözlədiyim bu azərbaycanlıları mənim yanıma gətirin” deyə qışqırıb və sifarişi çox həvəslə yerinə yetirməyə başlayıb”.
Müəllif dezinformasiyanın köklərini təhlil edərək yazır: “Priymak əməkçilər şəhəri Sumqayıtın məşhurluğunu “erməni talanları” ilə əlaqələndirərək növbəti səfehliyi ilə oxucuları şoka salır. Budur, məsələnin kökü! Əgər söhbət İŞİD barədədirsə, “erməni talanları”nın buna nə aiddiyyəti var?” Bu halda Priymak erməni xüsusi xidmətlərinə qulluq edən bədnam Fəxrəddin Aboszodanın bu məsələni şərh etməsi üçün ona müraciət edib və bununla da hər şey aydın olub. R.Temnikov bu qənaətə gəlir: “Ermənistan təbliğat-təşviqat maşınının izləri aşkar görünür”.
Məqalədə Sumqayıtda belə adlandırılan “erməni talanları”nın əsas təşəbbüskarı olmuş, həmin günlərdə zərər çəkmiş 26 ermənidən 7-sini şəxsən qətlə yetirmiş erməni Eduard Qriqoryan haqqında məlumatlar verilir. Bu talanların təşkilatçısı isə Mixail Qorbaçovun sifarişi ilə SSRİ DKT olub. Bu barədə 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında Xüsusi Əhəmiyyətli İşlər üzrə böyük müstəntiq Vladimir Kaliniçenko bütün dünyaya ətraflı məlumat verib.
Sumqayıtlı başkəsən Eduard Qriqoryan həbs ediləndən sonra Femidadan uzaqlaşdırılıb, sonradan həbsdən azad edilib və hazırda Moskvanın Sergiyev-Posad rayonunda yaşayır.
Məqalədə vurğulanır: “Özünə hörmət edən müəllif, ən başlıcası, özünə hörmət edən nəşr onun “otuz quruşa” satdığı Vətənin əhalisinin sayını belə bilməyən insandan müsahibə almaq üçün ona müraciət edə bilərmi?!”
Müəllif qeyd edir ki, Ermənistandan fərqli olaraq Azərbaycan monoetnik deyil, çoxmillətli ölkədir. Multikulturalizm və çoxəsrlik tolerantlıq fonunda bu müxtəliflik bizim dövlətimizin qürur mövzusudur. Bu baxımdan Ermənistanın, xüsusən qraf İvan Paskeviçin etiraf etdiyi kimi, İrəvan xanlığı Rusiya imperiyasına birləşdirilən anda yeni yaradılmış İrəvan quberniyasının əhalisinin ¾ hissəsini təşkil edən yerli azərbaycanlı əhali Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış Ermənistan dövlətindən tamamilə qovulandan sonra (Mesrop Maştotsun efiyopiyalılardan plagiat yolu ilə köçürdüyü əlifbanı və eddesalılardan oğurlanmış xristianlığın birinci olaraq qəbul edilməsini saymasaq) öyünməyə heç bir əsası yoxdur. Bu gün həmin 75 faiz əhali sıfıra enib – ölkədə bircə nəfər də azərbaycanlı qalmayıb. Eyni zamanda, Azərbaycanda təxminən 35 min etnik erməni hələ də sakitcə yaşayır və özlərinin etnik mənsubiyyətini gizlətmir.
Belə azadlığın bir göstəricisi də ABŞ yəhudi konqresinin nümayəndə heyətinin bu yaxınlarda Bakıda olmuş üzvlərinin belə bir bəyanatıdır ki, yəhudilər Bakıda özlərini İsraildə və Nyu-Yorkda olduğu kimi hiss edirlər.
“Vestnik Kavkaza” nəşrində dərc edilmiş məqalədə vurğulanır: “Bir halda ki, Artur Priymak İŞİD terrorizmi ilə Azərbaycan arasında paralel aparmaq barədə Yerevandan sifariş alıb, onda heç olmasa öz ağalarına kütbeyin şəkildə başa salsın ki, onların beynəlxalq terrorizmə aiddiyyəti tarixi faktdır. Barı qoy o, özünün görkəmli həmvətəni Oleq Kuznetsovun “XX yüzillikdə transmilli erməni terrorizminin tarixi” (“История транснационального армянского терроризма в ХХ столетии”) kitabı ilə tanış olsun. O, bu kitabdan “Daşnaksütyun” və “Qnçak” erməni siyasi partiyalarının, habelə ASALA təşkilatının terrorçuluq fəaliyyəti barədə çox şey öyrənə bilər. Necə deyərlər, öz gözündə tiri görmür, özgə gözündə tük axtarır”.
S.Xankişiyeva