“Əl Fəcr”: Mehriban Əliyeva – milli əməyin rəmzi və Azərbaycan xalqının qəlbində taclanmış xanım
Birləşmiş Ərəb Əmirliklərində nəşr edilən və geniş oxucu kütləsinə malik ərəb dilli gündəlik “Əl Fəcr” qəzetinin 24 avqust 2017-ci il tarixində çapdan çıxmış sayının bütöv bir səhifəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr edilib.
1news.az-ın verdiyi xəbərə görə, məqalədə Mehriban xanımın dövlət və ictimai xadim kimi fəaliyyəti, Azərbaycanda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafına, ölkənin mədəni irsinin qorunmasına, ölkəmizin dünyada müsbət imicinin yüksəldilməsinə və əhəmiyyətinin artırılmasına verdiyi böyük xidmətlər qeyd edilmiş, onun mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrə toxunulub.
Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi mədəniyyət, xeyriyyə və dünya mədəni irsi nümunlərinin bərpası layihələrindən danışan məqalədə Mehriban xanımın bu xidmətlərinə görə müxtəlif dövlət və beynəlxalq təşkilatlar tərəfindən təltif olunduğu yüksək adlar qeyd olunmuş, onun rəhbərliyi altında reallaşmış irimiqyaslı mədəniyyət və idman layihələrindən bəhs edilib.
Ərəb dilli qəzet Mehriban xanım Əliyevanın Azərbaycanda, həmçinin bir çox digər ölkələrdə göstərdiyi xidmətlərə görə ölkəsinin beynəlxalq aləmdə müsbət imicinin arıtrılmasına verdiyi töhfələrin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini və onun yüksək vəzifəyə - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə layiq görüldüyünü, bunun da ona dərin rəğbət bəsləyən Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandığını qeyd etmişdir.
Məqalənin Azərbaycan dilinə tərcüməsi təqdim edilir.
UNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva - milli əməyin rəmzi və Azərbaycan xalqının qəlbində taclanmış xanım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yüksək qayğı göstərdiyi müxtəlif sahələrdə, xüsusən humanitar sahədə oynadığı vacib rola görə Azərbaycan xalqının dərin rəğbət və sevgisini qazanmışdır. Mehriban xanım yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik ziyalı bir ailədə doğulmuş və böyüyüb başa çatmışdır. Onun babası Mir Cəlal Paşayev Azərbaycanın görkəmli ədəbiyyat xadimi kimi ədəbiyyat aləmində tanınmış yazıçılardan olmuşdur. Valideynləri onun milli və mədəni şəxsiyyətinin formalaşmasında əvəzolunmaz rol oynamışdırlar. Atası Arif Paşayev 1996-cı ildən Milli Aviasiya Akademiyasına rəhbərlik edir, anası Aida İmanquliyeva mədəniyyət, dilçilik və şərqşünaslıq sahələrində tanınmış tədqiqatçı olmuş, bütün bunlar Mehriban xanımda şerə, musiqiyə və incəsənətə böyük maraq və sevgi formalaşdırmışdır. İlk xeyriyyə, sosial, mədəni və siyasi fəaliyyəti kimi birinci xanım müxtəlif şəxsi təşəbbüsləri ilə Azərbaycan xalqının böyük əksəriyyətinin, xüsusən qaçqın və məcburi köçkünlərin müxtəlif problemlərinin həllinə nail olmuş, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynamışdır. Eyni zamanda, o, 2004-cü ildə təsis olunmuş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan fond vasitəsilə ölkə cəmiyyətinin, mədəniyyət və iqtisadiyyatının inkişafına mühüm töhfələr vermişdir. Mehriban xanım uşaqlar və onların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşmış, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, talassemiya mərkəzinin və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin yaradılmasına nail olmuş, uşaqlara göstərdiyi qayğı ilə yanaşı ahıl və yaşlılara da xüsusi diqqət ayırmışdır.
Heydər Əliyev Fondu mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirmiş, Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə Azərbaycan xalqının milli musiqi növü olan muğamın təşviqində böyük rol oynamış, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirmiş, bu janrın bir çox ölkələrdə təbliğinə və tanıdılmasına nail olmuşdur. Fond eyni zamanda, dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin çoxsaylı kütlə tərəfindən sevilməsinə əvəzsiz töhfələr verir. Yarandığı gündən bəri Heydər Əliyev Fondu dünya mədəniyyəti və sivilizasiyasında yüksək rol oynamış, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr vermişdir.
“Onun diqqəti və qayğısı sayəsində Azərbaycan dünyanın əsas idman ünvanına çevrilmişdir”.
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Paris şəhərində yerləşən Luvr muzeyində İslam incəsənəti bölümü yaradılmış, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya Müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirilmişdir. Roma şəhərində yerləşən Kapitoli muzeyində filosoflar zalının bərpası fondun bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edilir.
Bütün bunlarla yanaşı dünyanın müxtəlif ölkələrində baş verən böhran və təbii fəlakətlərin qurbanları da Mehriban xanımın diqqətindən kənarda qalmamışdır. Onlara yardım əlini uzadan Azərbaycanın birinci xanımının təşəbbüsü və səyləri nəticəsində təbii fəlakətlərdən əziyyət çəkmiş Rumıniya və Haitiyə yardımlar göstərilmiş, Pakistanda zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbi yenidən inşa edilmiş, bu ölkədə çoxsaylı inkişaf proqram və layihələri həyata keçirilmişdir.
“Mehriban Əliyeva bütün inkişaf sahələrində, o cümlədən idman, mədəniyyət, səhiyyə və təhsil sahələrində aparıcı rol oynayır”.
Heydər Əliyev Fondu Parisdə keçirilmiş terror qurbanlarının 7-ci beynəlxalq konfransının təşkili məqsədilə 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərmişdir.
Mehriban xanımın təşəbbüsü ilə fondun həyata keçirdiyi sadalanan nailiyyətlər nəticəsində Azərbaycan şifahi ədəbiyyatının, milli irsinin, mədəniyyət və musiqisinin inkişafı və qorunmasında göstərdiyi səylərin təqdiri olaraq 2004-cü ildə UNESCO, İslam dünyasının müxtəlif sahələrində göstərdiyi səylərin nəticəsi olaraq 2006-cı ildə İSESCO təşkilatı ona xoşməramlı səfir titulu vermişdir.
Heydər Əliyev Fondu Azərbaycanın idman sahəsinə də xüsusi diqqət yetirir. Fond 2015-ci ildə Azərbaycanın Birinci Avropa Oyunlarına, həmçinin həmin ildə bədii gimnastika üzrə beynəlxalq kubok yarışına ev sahibliyi etməsində böyük rol oynamışdır. Qeyd edilməlidir ki, Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra 2003-2004-cü illərdə ölkə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi etmişdir.
Mehriban Əliyeva Birinci Avropa Oyunlarının keçirilməsində xüsusi fədakarlığı ilə seçilmiş, Azərbaycanın bu mötəbər yarışa ev sahibliyi etməsində xüsusi təşəbbüs göstərmiş, onun dünyada idman ölkəsi kimi tanıdılmasına töhfələr vermiş və bu səylər Azərbaycanın bu yarışlarda ilk yerləri tutması ilə nəticələnmişdir.
Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin müxtəlif inkişaf sahələrində, həmçinin idman, mədəniyyət, səhiyyə və təhsil sahələrində göstədiyi səylər 2015-ci ilin 29 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş, fondun prezidenti Mehriban Əliyeva Heydər Əliyev ali ordeni ilə təltif edilmişdir.
Birinci Avropa Oyunları Mehriban xanımın uğurla təşkil etdiyi yeganə irimiqyaslı tədbir deyildir. O, 2017-ci ilin 12-22 may tarixlərində Azərbaycanın ev sahibliyi etdiyi 4-cü İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsinin sədri olmuş, bu tədbirin təşkilində parlaq müvəffəqiyyət və nailiyyətlər əldə etmiş, Azərbaycan xalqının və dövlətinin idmana qayğısını bir daha sübut etmişdir.
Bununla yanaşı Heydər Əliyev Fondunun keçirilməsində böyük rol oynadığı Formula-1 yarışları da müstəsna beynəlxalq idman yarışlarından hesab olunur. Yeri gəlmişkən, 1956-cı ildən Avropa Yayım Birliyinin təşkil etdiyi “Eurovision” musiqi yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsində birinci xanımın səylərini qeyd etmək lazımdır. Belə ki, bu musiqi yarışması dünyada ən uzun televiziya proqramı, Avropa qitəsində isə ən mühüm musiqi tədbiri hesab olunur. Bu yarışmanı izləmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycana üz tutmuş çoxsaylı qonaqlar Bakının onlara göstərdiyi qonaqpərvərlikdən razılıqlarını ifadə etmiş və Azərbaycanın müxtəlif sahələrdə nail olduğu sürətli inkişafın şahidi olmuşdurlar.
“Azərbaycanın birinci xanımı müxtəlif dövlət və beynəlxalq təşkilatların çoxsaylı orden və medallarına layiq görülmüşdür”.
Göstərdiyi səylərə görə Mehriban xanım Əliyeva bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Fransa “Şərəf Legionu Ordeni”, Pakistanın “Hilal-e Pakistan” ali ordeni, Serbiya dövlət mükafatı, Macarıstan dövlət mükafatı, Rusiya beynəlxalq xeyriyyə təşkilatının “Yaqut xaç” mükafatı, Ümumdünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin fərqlənmə ordeni, beynəlxalq “Qızıl Ürək” fəxri nişanı, Polşa ali fərqlənmə ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Kanadanın “Dünyanın Qızılgülü” mükafatı, Küveytin fəxri diplomu və s. kimi müxtəlif yüksək orden və medallarla təltif olunmuşdur.
Heç şübhəsiz ki, qeyd olunanlar, eyni zamanda Mehriban Əliyevanın malik olduğu yüksək insani keyfiyyətlər, xalqı və ölkəsinin yüksəlişi istiqamətində göstərdiyi səylər, beynəlxalq humanitar yardım missiyalarına verdiyi töhfələr istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda birinci xanımın yüksək imicinin formalaşmasına böyük təsir etmiş və onun ən yüksək vəzifəyə layiq görülməsinə yol açmışdır. Azərbaycan xalqının müasir tarixində heç də uzaq olmayan gələcəkdə parlaq uğur və nailiyyətlərə yol açacaq əlamətdar gün yetişdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi və bu da ona böyük sevgi, fəxr və qürur, hörmət və ehtiram, razılıq və nikbinlik hissi bəsləyən xalq tərəfindən böyük hüsn-rəğbətlə qarşılandı.
S.Xankişiyeva