“News Blaze”: Azərbaycanın “Qarabağ” futbol komandası tarix yazır – FOTO
ABŞ-da çıxan “News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin “Azərbaycanın “Qarabağ” futbol komandası tarix yazır” sərlövhəli məqaləsi dərc edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalədə Azərbaycanın “Qarabağ” futbol klubunun tarixi və qazandığı uğurlar, Ermənistan-Azərbaycan münaqişəsi və 1990-cı illərin əvvəlində Azərbaycanın Qarabağ regionunun xeyli hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması məsələlərindən bəhs edilir.
Müəllif yazır ki, “Qarabağ” futbol klubu avqustun 23-də danimarkalı rəqibi “Kopenhagen” komandası üzərində qələbədən sonra UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanıb. Beləliklə, “Qarabağ” Azərbaycanın bu cür yüksək nəticəyə nail olmuş ilk futbol klubudur.
Bu klub 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdam şəhərini təmsil edir. N.Qringer vurğulayır ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğalın gedişində tamamilə məhv edilmiş və etnik təmizləməyə məruz qalmış Ağdam şəhərini “kabus-şəhər” və “Qafqazın Xirosiması” adlandırırlar. UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanmış 32 futbol komandası arasında “Qarabağ” ev matçlarını öz stadionunda oynaya bilməyən yeganə klubdur.
Azərbaycanın Dağlıq Qarabağ regionunda hələ də davam edən münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən on minlərlə Ağdam sakini məcburi köçkün vəziyyətinə düşüb. Bu münaqişə üzündən, Ağdam bütün dünyada ən məşhur “kabus-şəhər”ə çevrilib. Ağdamda 40.000 sakin yaşayırdı. Ağdam rayonunun işğalı nəticəsində təxminən 6.000 insan həlak olub. Müəllif yazır ki, Ağdamın işğalı nəticəsində “Qarabağ” klubunun “İmarət” stadionu da zərər çəkib, orada oyunlar keçirilməsi üçün yararsız vəziyyətə düşüb. Məlum olduğu kimi 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun ərazisinin çox hissəsini, o cümlədən rayon mərkəzini və 80 kəndi işğal edib, nəticədə rayonun təxminən 128.000 sakini məcburi köçkün vəziyyətinə düşüb və Azərbaycanın bütün bölgələrində 875 yaşayış məntəqəsində yerləşdirilib.
Qarabağ regionundakı digər rayonların itirilməsi kimi, Ağdamın işğalı da Azərbaycanda böyük itki hesab edilir. Erməni təcavüzü nəticəsində bu rayondakı tarixi abidələr, məzarlıqlar, xəstəxanalar, kitabxanalar, məktəblər, ofislər və obyektlər, yaşayış binaları, sənaye və tikinti müəssisələri, mədəniyyət mərkəzləri, teatr, üç məscid və iki muzey viran edilib. Qringer yazır ki, hazırda Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası Ermənistanın bütün qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
Jurnalist xanım qeyd edir ki, Sarayevo, Tuzla və Srebrenitsa hadisələri, Bosniyanın silahlı mühasirəyə alınması hamıya məlumdur. Bəs Azərbaycandakı Xocalı, Kəlbəcər və Ağdam barədə nə məlumdur? Bəs Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkün barədə nə məlumdur? İsrailin "Makkabi" (Hayfa) klubu 1999-cu ildə Qarabağ ayqırları ( “Qarabağ” komandasının oyunçularını əfsanəvi Qarabağ atlarının rəmzi kimi belə xalq arasında adlandırırlar), İsrailin “Makkabi” (Hayfa) komandasını 2:1 hesabı ilə məğlub edərək Avropa turnirində qalib gəlib. Artıq iyirmi ildən çoxdur ki, Qarabağ ayqırlarının öz futbol meydanı yoxdur. Buna görə komanda başqa stadionlar arasında dolaşmağa məcburdur. Kənd təsərrüfatı üzrə ixtisaslaşan yerli “Azərsun” şirkəti 2002-ci ildə bu yığma futbol komandasını öz himayəsinə götürüb klub üçün sərmayə qoymağa başlayıb.
Beynəlxalq futbol klubu kimi qeydiyyata alınmış digər komandalardan fərqli olaraq “Qarabağ-Ağdam” yeganə klubdur ki,.24 ildən artıq müddətdə öz meydanında oynaya bilmir. Bunun nə demək olduğunu anlamaq üçün təsəvvür edin ki, “Nyu-York Yankiz” beysbol klubu və “Nyu-York Siti” futbol klubu özlərinin Nyu-Yorkdakı “Yanki” stadionunda oynaya bilmir.
N.Qringer yazır ki, “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə əlaqədar o, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən komandanın bu tarixi qələbəsini şərh etməsini xahiş edib. Diplomat belə cavab verib: “Qarabağ” sadəcə futbol klubu deyil, onun daha böyük rəmzi mənası var. O, Azərbaycan xalqının əzmkarlıq və qətiyyətinin rəmzidir. O həm də mənim millətimin qürurunun və ədalətin bərpa olunacağına ümidinin təcəssümüdür. Əminəm ki, tezliklə “Qarabağ” yenidən öz ev matçlarını Azərbaycanın tarixi Qarabağ regionunda keçirəcək”.
S.Xankişiyeva