Mübariz Əhmədoğlu: Putinin ABŞ-ın sanksiyalarına verdiyi cavab onun ABŞ-ın antirusiyaçılığında maraqlı olduğunu deməyə əsas yaradır
ABŞ tarixində bəlkə də ən pis idarəçiliyi dövrünü yaşayır. Bunun 2 köklü səbəb var: D.Tramp təkcə siyasi menecmenti deyil, idarəçiliyin ən ümumi prinsiplərini inkar edir. Sanki bunlar Tramp üçün yaddır. Ona görə bu günədək komanda formalaşdıra bilməyib.
Vəzifəyə təyin etdiyi şəxslərin böyük əksəriyyəti istefa verib və ya istefaya göndərilib. Hətta mühüm strateji posta təyin olunan şəxs cəmi 10 gündən sonra vəzifədən azad edildi. Prezidentin strateji məsələlər üzrə müşaviri Çinlə bağlı fikrini düzgün ifadə edə bilmədiyi üçün istefaya göndərildi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiya-ABŞ münasibətləri, Putinlə Sərkisyanın görüşü ilə bağlı xəbəri şərh edərkən bildirib:
“ABŞ-ın siyasi elitası D.Trampı qəbul etmir və onu cəzalandırır. Cəza vasitəsi kimi Rusiya ilə münasibətlər seçilib. D.Tramp Rusiyaya qarşı tətbiq olunan sanksiyaları ABŞ konstitusiyasına zidd olduğunu bəyan etdiyi halda, onu imzaladı. Trampın belə davranışı onun konqresin çaldığı havaya oynamaqdan başqa çarəsinin olmadığını göstərir. ABŞ elitasının Trampı cəzalandırması Rusiya-ABŞ münasibətlərini təhlükəli həddədək zəiflədir.
Trampın hakimiyyətdə olmasından asılı olmayaraq ABŞ-a olan təhdidlərin sayı xeyli artıb. Yaxın Şərq, Əfqanıstan, İran, İŞİD problemlərinə Qətər və Koreyanın raket proqramları da qoşulub. KXDR Quam adasını vurmağa çox hazırdır. II Dünya müharibəsindən sonra ilk dəfə olaraq ABŞ ərazisinə raket zərbəsinin endirilməsi ehtimalı çoxdur. KXDR-in raket-nüvə probleminin aradan qaldırılmasında Rusiyanın rolu ABŞ üçün həlledicidir və alternativsizdir. Çünki Çin yalnız Rusiya ilə birlikdə KXDR-in əleyhinə gedə bilər. Rusiya KXDR-in raket proqramlarının əleyhinə çıxmayacaqsa, Çin də çıxmayacaq.
ABŞ-ın Çinə qarşı KXDR mövzusunda apardığı siyasətin effektsizliyinin səbəbi də buradadır. Rusiya ABŞ tərəfdən sanksiyaya məruz qaldığı üçün KXDR-ə qarşı ABŞ-ın sanksiyalarını dəstəkləyə bilməz, dəstəkləsə bununla ABŞ-ın sanksiya siyasətini legitimləşdirmiş olur. Eləcə də ABŞ-ın apardığı siyasət Rusiyaya təhlükə yaratdığı üçün Rusiya ABŞ-a qarşı təhlükənin olmasında maraqlıdır. Beləliklə ABŞ-ın siyasi elitasının Rusiya vasitəsilə Trampı cəzalandırması ABŞ-ın özünün təhlükəsizliyi üçün ən böyük təhdidi yaradıb. Elita isə real, praqmatik düşüncəni deyil, siyasi ambisiyanı əsas götürüb. Diplomatların qovulması, konsulluqların bağlanması, ABŞ-ın RF-ə qarşı sanksiyalarını genişləndirməsi və bunun yaratdığı fəsadlar yuxarıda dediyimizin nəticəsidir. Ona görə bunların detallı analizinə ehtiyac görmürük. Lakin Putinin ABŞ-ın sanksiyalarına verdiyi cavab Putinin ABŞ-ın antiRusiyaçılığında maraqlı olduğunu deməyə əsas yaradır. Ehtimal ki, V.Putin ABŞ-dakı antiRusiyaçılığı özünə xas metodla idarə edir. Nəticədə nisbi zəifləmiş ABŞ-la uzun müddətli xoş münasibətlərə iddialıdır.
Görünür, Putinlə Sərkisyanın görüşündə müzakirə olunan məsələ Ermənistan üçün Dağlıq Qarabağ probleminin həllindən daha təhlükəlidir.
RF prezidenti V.Putin prezident S.Sərkisyanı Soçiyə (RF) dəvət etdi. 3 saatlıq görüş keçirdi. Görüşün cəmi 10 dəqiqəsi mətbuatda təqdim olundu. Bu hissədə ənənəvi müsbət fikirlər səsləndirildi. V.Putin Ermənistanı tərifləməyə daha çox meylli idi. Məsələyə Putinin difiramb kontekstindən də yanaşmaq mümkündür: ı. Putin Ermənistanla erməni manerasında davranır. “Üzə gülmək, arxada xəyanət etmək”. Çünki RF-in Ermənistana qarşı sərt mövqeyi göz qabağındadır. Rusiya Qərbə aşkar meylənən, NATO təlimlərində iştirak edən Ermənistanı cəzalandırır. V.Putin Ermənistanı Türkiyə əleyhinə təhrik etməsi də ehtimallıdır. RF Türkiyə ilə münasibəti gərginləşdirmək kursu götürüb. Bir müddət əvvəl Putin Ermənistanın Türkiyə istiqamətində şantajından qorxurdu. Ermənistan hərbisini öz nəzarəti altına keçirdikdən sonra Putin özü Ermənistanı Türkiyənin üzərinə şantaja təhrik edir.
V.Putin Ermənistanı Suriya kompaniyasına qoşmaq istəyir. Yerüstü əməliyyatlarda İran RF və Türkiyəni udur. RF KTMT üzvü olan Mərkəzi Asiya dövlətlərindən və Ermənistandan qoşun tərtib etməklə müxtəlif adlarla Suriya ərazisinə yeritmək istəyir. Bu Ermənistan üçün həm İran, həm də Qərb tərəfdən problem yarada bilər.
Prezidentlərin danışığının 3 saat çəkməsi mübahisəli müzakirənin olduğunu göstərir. Belə mübahisə və ya polemika yalnız Dağlıq Qarabağ mövzusunda ola bilər. Çünki hər iki prezident Dağlıq Qarabağ mövzusunu yaxşı bilirlər və ötən ilin iyulunda Sankt-Peterburq görüşünün yarımçıq qalmış müzakirəsi indi davam etdirilib. Dağlıq Qarabağ tənzimlənməsinin müzakirə olunduğunu və Putinin S.Sərkisyanın mövqeyində dəyişiklik yarada bildiyini göstərən iki vacib fakt mövcuddur:
S.Sərkisyanın Putinlə görüşündən bir gün sonra Türkmənistan prezidenti Q.Berdıməhəmmədovla keçirdiyi mətbuat konfransında şablona çevrilmiş “prezidentlərin Vyana və Sankt-Peterburq görüşündə əldə olunmuş razılaşmaların reallaşması” tezisini işlətmədi. ıı. Təxminən eyni vaxtda amerikalı həmsədr R.Hoqland bütün həmsədrlər adından 6 maddəlik hərtərəfli saziş layihəsini təqdim etdi. “Çərçivə sazişində” Bakının nəzarətində olmayan Dağlıq Qarabağa müvəqqəti status verilir. Əvəzində Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycana qaytarılır. Azərbaycanlılar nəinki Dağlıq Qarabağa, hətta Ermənistanın ərazisinə qayıdırlar. Rəsmi Yerevan bu variantın yeni olmadığını bildirməklə heç bir etiraz etmədilər. Putinlə S.Sərkisyan arasındakı danışığın nəticəsidir.
S.Sərkisyanın “Putinlə Qarabağı müzakirə etmədik” məlumatına inanmaq olar. Amma S.Sərkisyanın görüşdən sonrakı reaksiyası Qarabağ mövzusunda olmasını unutmaq olmaz. Deməli, Putinlə müzakirə olunan məsələ Ermənistan üçün Dağlıq Qarabağ probleminin həllindən daha təhlükəlidir.
Berdıməhəmmədovun Azərbaycan-Gürcüstan-Rumıniya marşurut seçimi təxminən bərabər dövlətlərin müştərək layihəsidir.
Türkmənistan Cənubi Qafqazın hər üç dövləti ilə rəsmi təmasda oldu. Prezident Q.Berdıməhəmmədov Azərbaycanda və Ermənistanda səfərdə oldu. Gürcüstanın baş naziri Q.Kvirikaşvili isə Aşqabadda prezident Q.Berdıməhəmmədovla üç saatdan çox çəkən görüş ərzində əsasən kommunikasiya məsələləri müzakirə edilib. Q.Kvirikaşvilinin verdiyi açıqlamadan bəlli olur ki, ən detallı müzakirə olunan marşrut Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniyadır.
Bu vaxtadək türkmən qazının Avropa bazarına çıxması üçün prioritet marşrut Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə hesab olunurdu. Q.Berdıməhəmmədovu başa düşmək olar. Müstəqillik əldə etdikdən sonra Türkmənistan adekvat iri dövlətlərlə münasibətlərindən məyus olub. Rusiya türkmən qazını ucuz qiymətə alırdı. Buna görə Türkmənistan özünün qazı üçün əsas bazar kimi Çini seçdi. Çin monopol vəziyyətdən istifadə edərək dempinq tətbiq edir. İran da Türkmənistan qazını çox ucuz alırdı və barter sxemi ilə işləyirdi. İranla Türkmənistan arasındakı vəziyyət çox kəskinləşdi. Türkmənistan İrana nəql etdiyi qazı dayandırdı. İran isə Türkmənistanı Beynəlxalq Məhkəməyə verməklə hədələyir. İran digər formada da Türkmənistana təzyiq etdiyinə dair məlumatlar yayılıb. Guya Türkmənistan vətəndaşı olan İŞİD-çilər İran ərazisi vasitəsilə Türkmənistanla sərhədədək gəliblər və sərhədi də keçiblər. Türkmənistan mətbuatının yaydığı məlumata hələ ki, İran tərəfinin heç bir reaksiyası yoxdur.
Türkmənistanın qaz nəqli məsələsində Türkiyədən də narazılığı hiss olunur. Günahkarın Türkmənistan və ya Türkiyə olduğunu müəyyənləşdirmək o qədər də əhəmiyyətli deyil. Fakt odur ki, Türkmənistan seçimini bildiyi məlumat əsasında edib. Qaz Gürcüstanın ərazisindən Türkiyəyə deyil, Rumıniyaya daxil olmalıdır. Rumıniyanın da seçilməsi təsadüfi deyil. Rumıniya heç vaxt Rusiyayönümlü dövlət olmayıb, yaxın on illiklərdə də belə olması mümkün deyil. Ona görə Türkmənistanın bu seçiminə təxminən bərabər güclü dövlətlərin müştərək layihəsi kimi yanaşmaq daha düzgündür.
Azərbaycana səfəri zamanı Q.Berdıməhəmmədov istədiyini aldı. Azərbaycan həmişə Türkmənistan qazının Avropaya nəqlinə şərait yaratmağa hazır olduğunu bildirib. Məhz bu inama görə Q.Berdıməhəmmədov Çinlə məsafənin 1/3 də olan “Qalkanış” (21, 2 trilyon kub metr) və “Dövlətabad” (1,3 trilyon kub metr) yataqlarını Şərq-Qərb kəməri vasitəsilə özünün Xəzər sahilinə birləşdirdi. Türkmənistanın xahiş edəcəyi təqdirdə Azərbaycan Türkmənistan layihələrinin maliyyələşməsində də iştirak edəcəkdir. Xüsusi olaraq qeyd edək ki, Türkmənistan qazı gec-tez Avropa bazarına çıxmalıdır. Dünyanın 3 qaz nəhəngindən biri olan Türkmənistanın qaz ehtiyatları 32-35 trilyon kub metrdir. İldə Avropaya 100 milyard kub metr qaz satacaqsa, bu, Avropanı 300-350 il qazla təmin olunması deməkdir. Amma indi orta güc dedikdə 30-60 milyard kub metr nəzərdə tutulur. Gürcüstanın Türkmənistana baxışı iki parametr üzərindədir:
Türkmən qazının Avropaya nəqlindən maksimal faydalanmaq. Türkmənistan investisiyaları hesabına ölkədaxili iqtisadi infrastrukturu yeniləmək. Gürcüstanda ən çox investisiya Azərbaycan və Türkiyənindir. Belə vəziyyət bir qrup gürcüdə diskomfort yaradır.
Ermənistanın isə Türkmənistandan 3 gözləntisi var:
Azərbaycan və Türkiyənin acığına Türkmənistan qazını İran ərazisi vasitəsilə Ermənistana və oradan da Gürcüstana nəql etməlidir. Türkmənistanla İran arasında yaranmış vəziyyətə görə bu mümkün deyil. Bu variantın uydurma olduğunu hətta rusiyalı ermənipərəst politoloq Y.Satanovski başa düşür.
Türkmənistan Ermənistanın daxilinə çoxmilyardlı investisiya qoymalıdır. Ermənilərin bu cəhdlərinin arxasında da uydurma mifləri dayanır.
Ermənistanın düşməni olan Azərbaycan həm də Türkmənistana qarşı ərazi iddiası irəli sürür. Ermənilər Xəzər dənizindəki mübahisəli əraziləri nəzərdə tuturlar. Ona görə Türkmənistanla Ermənistan birləşib Azərbaycanı yerində oturtmalıdırlar. Beləliklə, Cənubi Qafqaz regionunun üç dövlətindən Türkmənistan istiqamətində 6 yanaşma formalaşıb.
S.Xankişiyeva