Ölkəmizin “Qlobal Rəqabətlilik Hesabatı"nda irəliləməsində vergi qanunvericiliyində aparılan islahatların mühüm rolu olub
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycanda aparılan iqtisadi islahatların uğurla həyata keçirilməsinin bariz nümunəsidir.
1news.az xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva deyib.
O, vurğulayıb ki, Azərbaycanda sahibkarlığa, xüsusilə də kiçik və orta sahibkarlığa göstərilən dövlət dəstəyi daxili və xarici sərmayələrin cəlb edilməsinə geniş imkanlar yaradıb. “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamından sonra isə bu sahədə işlər daha da sürətləndirilib. Qısa müddət ərzində ölkədə rəqabət prinsiplərinə əsaslanacaq əlverişli biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilib.
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan üzrə qeyd olunan indeks göstəricilərində irəliləyişlərin əldə olunmasında, xüsusən də ölkədə sahibkarlığın, əhalinin məşğulluğunun və maliyyə sabitliyinin inkişafını göstərən “əmtəə bazarının səmərəliliyi”, “əmək bazarının səmərəliliyi” və “maliyyə bazarının inkişafı” indeksləri üzrə göstəricilərin yaxşılaşdırılmasında vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılan islahatların mühüm rolu olub.
S.Musayeva qeyd edib ki, əmtəə bazarının səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərə 2016-2017-ci illərdə Vergi Məcəlləsinə biznesə başlama ilə əlaqədar vergiödəyicisinin uçota alınması müddətinin 2 gündən 1 günə endirilməsi, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə investisiya təşviqi sənədi almış sahibkarlıq subyektlərinə mənfəət (gəlir), əmlak, torpaq vergiləri və idxalda tutulan əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi, ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı istehlakçıların vergi yükünün aşağı salınması məqsədilə ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlı edilmiş dəyişiklikləri aid etmək olar.
“Azərbaycanın MDB ölkələri arasında ən rəqabətqabiliyyətli ölkə olması sevindirici olmaqla yanaşı, eyni zamanda, dünyanın aparıcı iqtisadi forumu tərəfindən tərtib olunan ən mötəbər reytinqdə irəliləməsi olduqca təqdirəlayiq haldır. Bu, Azərbaycanda qeyri-neft sektorunda aparılan islahatların ölkənin rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarmasını, neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə investisiya mühitinin yaxşılaşdığını, onun dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyata malik olduğunu bir daha təsdiqləyir. Dünya İqtisadi Forumunun hesabatında ölkəmizin mövqeyinin yaxşılaşması Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti barədə xarici investorlar üçün bir siqnaldır və şübhəsiz ki, ölkəmizə xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir”,- deyə S.Musayeva bildirib.
1news.az