Bu gün Beynəlxalq Müəllimlər Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

09:23 - 05 / 10 / 2017
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür.

1news.az xəbər verir ki,1966-cı il 5 oktyabr tarixində YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı tövsiyə xarakterli ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib.

Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə “Müəllimlər günü” qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur. Ölkəmizdə isə bu tarix 1993-cü ildən qeyd edilməyə başlanıb.

Qeyd edək ki, müəllimlik bütün dövrlərdə və ölkələrdə ən şərəfli peşə hesab olunub. Bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Hətta ən böyük dahilər belə öz uğurlarına görə öncə müəllimlərinə borclu olduqlarını bildiriblər.

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri var.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalıb.

O, deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.

Ulu öndərin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən də ölkəmizdə müəllimlərə böyük diqqət və qayğı ilə yanaşılır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir.
Qeyd edək ki, Prezident İlham Əliyev müəllimlər günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi haqqında hər il sərəncam imzalayır.

Bu ildə imzalanan sərəncama əsasən, bir qrup təhsil işçisinin əməyi qiymətləndirilib.

Bayramınız mübarək, əziz müəllimlər!
Babək Cahandarov

Paylaş:
743

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər