Cavidsiz və Cavidlə birgə - FOTO
Romantizmin görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin yaradıcılığı ədəbiyyat tariximizin əvəzsiz nümunələrindən biridir. O, Azərbaycan romantizminin banilərindən, çağdaş ədəbiyyatımızın yaradıcılarından olub. Şairin qələmindən çıxan əsərlər bədii növ, janr və forma cəhətdən zəngindir.
Ümummilli lider Heydər Əliyev unudulmaz dramaturqun zəngin yaradıcılığını yüksək dəyərləndirərək deyib: “Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarət olubdur. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır”.
Oktyabrın 24-də klassik poeziyamızın görkəmli nümayəndələrindən olan Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümü tamam oldu. Bu münasibətlə Prezident İlham Əliyev şairin yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşıb. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirib. Bu Sərəncam bir daha böyük Azərbaycan şairi və dramaturqunun yaradıcılığına verilən qiymətin bariz nümunəsidir.
AZƏRTAC-ın müxbiri Turan Teymurov bu günlərdə ədibin ev-muzeyində olub və reportaj hazırlayıb. Yazını təqdim edirik.
Ukrayna aliminin kəşf etdiyi planetə Azərbaycan şairinin adı verilib
Hüseyn Cavidin ev muzeyi keçmiş Kommunist, indiki İstiqlaliyyət küçəsində tarixi binada yerləşir. O, 1920-ci ildən 1937-ci il iyunun 4-dək burada yaşayıb-yaradıb.
Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında ilk qərar Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilir və muzeyinin açılışı 2002-ci il oktyabrın 24-də şairin anadan olmasının 120-ci ildönümündə gerçəkləşir. Muzeyin girişində vurulmuş lövhə diqqətimizi cəlb edir. Lövhədə yazılıb: “Mütəfəkkir şair Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi və yaşadığı mənzildə ev- muzeyinin açılması ümummilli lider Heydər Əliyevin təşəbbüsü və ardıcıl səyləri ilə gerçəkləşmişdir”.
Girişdə, həmçinin heykəltəraş Ömər Eldarovun yaratdığı və əsli Hüseyn Cavid prospektində AMEA-nın əsas binası ilə üzbəüz bağda ucalan tuncdan tökülmüş “Cavid abidəsi”nin gips heykəli qoyulub. Abidənin qoyulduğu hissə ilə üzbəüz divarda “Cavid planeti” adlı lövhə asılıb. Lövhənin ətrafında verilmiş mətndən aydın olur ki, Beynəlxalq Astronomiya İttifaqı 1997-ci il iyunun 20-də Ukrayna alimi Nikolay Çernıxın kəşf etdiyi planetə Azərbaycan şairi və dramaturqu H.Cavidin adını verib. Lövhənin üzərində şairin “Peyğəmbər” poemasından götürülmüş aşağıdakı misralar yazılıb:
Bən fəqət hüsni-xuda şairiyim,
Yerə enməm də səma şairiyim...
Muzeyin ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva “Cavidin əbədiyyəti” otağı haqqında məlumat verərək deyir ki, Hüseyn Cavid 1920-ci ildə Darülmüəllimdə işə başlayandan sonra ailə üzvləri - həyat yoldaşı Mişkinaz xanım, övladları – Ərtoğrol və Turanla bu mənzilə köçüb. Mişkinaz xanım divardan asılmış saatı Hüseyn Cavid həbs olunan gün dayandırıb. Saatın əqrəbləri 12-yə 20 dəqiqə işləmişi göstərir... Bununla da bu evdə də, Hüseyn Cavidin ailəsində də həyatın nəbzi dayanır...
Dünya qoca bir səhnə demək
Qeyd edək ki, oktyabr Cavidlər ailəsi üçün çox əziz aydır. Çünki ailənin üç üzvü – Hüseyn Cavid, Ərtoğrol və Turan bu ayda dünyaya gəlib. Hüseyn Cavid övladlarının doğum tarixlərini Şəmsəddin Sami bəyin "Qamusi-Türkü” kitabında hicri tarixi ilə qeyd edib ki, hazırda həmin kitab muzeydə nümayiş olunur. Onu da vurğulamaq lazımdır ki, şairin "Tuquş” deyə müraciət etdiyi Tomris adında qızı da olub. Balaca qızcığaz uşaq ikən difteriya xəstəliyindən dünyasını dəyişib.
Giriş otağında sanki səhnəni xatırladan yarımaçılı pərdələrlə dekor edilmiş lövhədə Cavidə şöhrət gətirmiş pyeslərinin qoz ağacından qabartma və oyma üsulu ilə işlənmiş adları yazılıb. Lövhə üzərində belə yazılıb: “Dünya qoca bir səhnə demək”. Divar boyu Azərbaycan səhnəsinin ən müxtəlif aktyor nəsillərinin ifasında oynanılmış Cavid qəhrəmanlarını əks etdirən şəkillər sıralanıb. Həmin lövhədə ötən əsrin 20-30-cu illərində Bakı teatrlarında oynanmış Cavid tamaşalarının orijinal afişaları asılıb. Giriş otağında böyük sənətkarın sağlığında ərəb və latın qrafikası ilə nəşr edilmiş əsərləri, bəraətdən sonra işıq üzü görmüş kitabları, muzeyin yeni nəşrləri, Ərtoğrol Cavid çoxcildliyi nümayiş olunur.
"Cavidin ömrü" adlanan birinci otağın eksponatları ilə tanışlıq zamanı diqqəti Mişkinaz xanımın kədər dolu böyük portreti cəlb edir. Portretin altında ömür-gün yoldaşının xatirələri, Hüseyn Cavidin ona yazdığı məktubları yer alıb. Mişkinaz xanım xatirələrində yazır: “Biz, 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir cızma-qara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan, mən onun oxucusu ola bilməzdim, çünki savadım yox idi. Cavid mənə dərs deməyə başladı...”.
Köhnə sandıqla bağlı maraqlı əhvalat
Otağın küncündə Cavidlər ailəsinə məxsus köhnə sandıq və üzərində əllə toxunmuş xalça ilə bağlı Lalə Əliyeva maraqlı əhvalat danışır. Belə ki, Umusəlim qardaşı Hüseyn Cavidə evlilik yaşının çatdığını və ailə qurmasının vacib olduğunu deyir. Lakin Cavid görmədiyi və bəyənmədiyi bir xanımla ailə həyatı qurmaq istəmir. Təbii ki, o dövrdə bütün xanımlar çadraya büründükləri üçün şairin bu arzusu qeyri-mümkün idi. Belə olduqda Umusəlim qızının rəfiqəsi Mişkinazı evlərinə qonaq dəvət edir. Hüseyn Cavid isə həmin bu sandığın üzərinə yığılmış yükün arxasında gizlənərək gələcək adaxlısını gözləyir. Mişkinaz xanım otaqda kişi olmadığını zənn edib çadrasını açır və beləliklə, Cavid onu görərək bəyənir. Bundan sonra ailə qurmağa razılıq verir...
Otağın mərkəzində və onunla üzbəüz divarda iki əşya – ailənin “xilaskarı” yerləşir: yemək masası və tikiş maşını...
Hüseyn Cavidi həbs etmək üçün gələnlər axtarış apardıqları zaman onun bəzi əsərlərini tapa bilməyiblər. “Qara paltarlıların” ağlına da gəlməyib ki, şair əsərlərini yemək masasının siyirmələrində gizlədə bilər. Ədibin əlyazmaları bunun sayəsində xilas ola bilib.
Şair həbs olunduqdan sonra onun ailəsini də evdən çıxarıb şəraitsiz zirzəmiyə yerləşdirirlər. Burada Mişkinaz xanım övladlarına baxmaq üçün çox əziyyətlərə qatlaşır. O, tikiş fabrikinə işə düzəlsə də, tezliklə “vətən xaini”nin həyat yoldaşı olduğuna görə onu işdən çıxarırlar. Lakin Mişkinaz xanım gizli şəkildə aldığı sifarişləri tikiş maşınında yerinə yetirir və bu, ailənin yeganə çörək ağacına çevrilir. Otaqda Cavidlər ailəsinin 1923-36-cı illər arasında çəkilmiş fotoları, əlyazmaları, ərəb əlifbası ilə yazılmış dəftərləri, ilk müəllimlərinin fotoları və ona aid olan sənədlərin yerləşdiyi guşə, eləcə də "Mişkinaz Cavid" süjetli əl xalçası xüsusi maraq doğurur.
“Cavidin faciəsi” adlanan ikinci otaqda sənətkarın cənazəsinin Sibirdən Bakıya, buradan isə Naxçıvana aparılmasını əks etdirən fotolar, həbs olunan zaman çəkilmiş şəkilləri və əl izlərinin olduğu sənədlər, istintaq materialları, evdə axtarış aparılması barədə protokol, Sibirdən göndərdiyi məktubları, ölümü barədə şəhadətnamə, cib saatı, şəxsi kitabxanasında bəzi kitablar, ailəyə məxsus divar saatı, rəfdə Şəmsəddin Saminin "Qamusi – Türkü"sü, 1937-ci ildə Cavidə iftiralarla dolu yazılardan imzalı–imzasız kəsiklərin toplandığı kollajı əks etdirən lövhə, büstü yer alıb. Yazı masası, üzərində olan mürəkkəbqabı, qələmi, yarımçıq qalmış “Azər” poeması sanki müəllifin yolunu gözləyir... Otaqdakı maraqlı eksponatlardan biri də Hüseyn Cavidin Sibirdəki qəbrindən götürülmüş torpaqdır. Turan xanımın istəyi ilə həmin qutu hələ də açılmayıb...
Turan xanım atasının iki əsərini pulla alıb
Bələdçi Ərtoğrolun əşyalarının bir qisminin digər otaqda – Pənah Qasımovun yaşadığı mənzildə olduğunu söyləyir. “Cavidin şöhrəti” adlanan otaqda Ərtoğrolun yazı masası yerləşir. Masanın üstündə qeyd dəftərləri, rəsm çəkmək üçün boyalar, təqvim, şahmatla bağlı kitablar, bacısı Turanın ona hədiyyə etdiyi portfel...
Turan xanımin təkbaşına min bir əziyyət və böyük zəhmət bahasına topladığı eksponatlar uzaq illərdə qalan kədərli əhvalatları da yada salır. Atasının əsərlərini toplayaraq nəşr etdirmək qərarına gələndə Tiflisdə və İrəvanda erməni və gürcü rejissorları dramaturqun əsərlərini qızına pulla satırlar. Turan xanım "Xəyyam” və “Knyaz” əsərlərini məhz bu yolla əldə edir. Zaman qara ləkələri təmizləyib aydınlığa çıxarandan sonra H.Cavidin əsərləri yenidən çap olunarkən bəzi dəyişikliklər edilmişdi. Halbuki böyük şair Osmanlı türkcəsində qələmə aldığı əsərlərinin sonunda ona toxunulmamasını da yazırdı. Turan xanım şairin çap olunmuş bütün əsərlərini yenidən işləyərək atasının vəsiyyətinə əməl edir. Həmin kitablar da muzeyin eksponatları arasındadır.
Otaqda asılmış “Cavid dünyası” triptixin mərkəzində fırça ilə görkəmli şairin surəti, sağ və sol hissəsində isə əsərlərinin qəhrəmanları əks olunub. “İblis operasının yaranması” tablosunda Hənəfi Terequlov, Hüseyn Cavid, Ərtoğrol, Pənah Qasımov, Müslüm Maqomayev və Üzeyir Hacıbəyov təsvir edilib.
Muzeyin maraqlı eksponatlarından biri də xalçaçı-rəssam Afaq Kərimovanın Cavidlərin həyat yolunu əks etdirən xalçalardır. Hüseyn Cavidə həsr olunan xalçanın üzərində şairi Sibirə aparan dəmir yollarının təsviri var...
Xalçanın aşağı hissəsində sürgün həyatı yaşayan ədibin bütün məktublarında yazdığı bir cümlə əks olunub: "Turandan muğayat olun!”. Böyük şair qızı Turandan da, Turan elindən də nigaran idi...
1news.az