Tallində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
1news.az xəbər verir ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov Ümummilli Liderin şərəfli ömür yolundan, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi Vətən qarşısında misilsiz xidmətlərindən danışıb.
Vurğulanıb ki, məhz Heydər Əliyevin tarixi xidmətləri nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub, xarici siyasət sahəsində mühüm nailiyyətlər əldə edilib. Ulu Öndərin özünün banisi olduğu yeni neft strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında həlledici rol oynayıb. Bu strategiyanın tərkib hissəsi kimi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın gələcək uğurlu inkişafı üçün yeni üfüqlər açıb.
Həmçinin bildirilib ki, Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycanın qlobal miqyasda əhəmiyyəti artmış, ölkəmiz genişmiqyaslı beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər bu ilin 17 – 22 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsinə ölkəmiz layiq görülmüşdür.
Xüsusi qeyd edilib ki, Heydər Əliyevin ən böyük arzusu işğal olunmuş torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası idi. Sevindirici haldır ki, belə əlamətdar tədbirlər artıq ölkəmizin bütün azad edilmiş suveren ərazilərində keçirilir. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla yad edəcəkdir.
Estoniya Parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mariya Yufereva-Skuratovski müstəsna Lider və dövlət xadimi Heydər Əliyevə həsr olunmuş tədbirdə iştirakından qürur hissi keçirdiyini bildirib, Ulu Öndərin həyatının və irsinin Vətənə, xalqa bağlılığın əbədi nümunəsi olduğunu söyləyib. İkitərəfli münasibətlərə toxunan deputat Estoniya ilə Azərbaycan arasında çoxillik dostluq və səmərəli əməkdaşlığın qarşılıqlı anlaşma, hörmət əsasında qurulduğunu bildirib. O, parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayaraq, son zamanlar baş tutmuş qarşılıqlı səfərləri bu münasibətlərin bariz nümunəsi kimi səciyyələndirib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Eyni zamanda, tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirdə Estoniyadakı diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.


















