“Vahid standartlar və rəqəmsal idarəetmə Bakı nəqliyyatında xidmət səviyyəsini yüksəldəcək” - ŞƏRH
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunacaq.
Sənədə əsasən, “BakuBus” və “Bakı Taksi Xidməti”nin quruma birləşdirilməsi, həmçinin tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyətlərin verilməsi paytaxtın nəqliyyat sistemində yeni idarəetmə modelinin formalaşdırılmasını gündəmə gətirir.
Bu dəyişikliklər konkret olaraq hansı yenilikləri vəd edir? Paytaxt sakinlərinin gündəlik nəqliyyat imkanlarına necə təsir göstərəcək?
Mövzu ilə bağlı 1news.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, müasir şəhərlərdə nəqliyyat artıq ayrı-ayrı seqmentlər üzrə deyil, vahid sistem kimi idarə olunur.
"Bakı da bu istiqamətdə artıq institusional bir transformasiya mərhələsinə daxil olub. Və bu qərarın əsas məqsədi şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resursların daha səmərəli istifadəsi, müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir".
O, bildirib ki, yenidən təşkilatlanmanın əsas nəticəsi olaraq gözlənti, əsasən sərnişin məmnuniyyətinin yaxşılaşdırılması, daha keyfiyyətli, təhlükəsiz xidmət həyata keçirməkdir.
"Birincisi, intermodal inteqrasiya güclənəcək. Metro, avtobus və gələcək relsli sistemlər arasında keçidlər daha rahat və daha məntiqli şəkildə təşkil olunacaq. İkincisi, operativlik artacaq. Hərəkət intervalları, sərnişin axını və pik saat yükü daha effektiv idarə ediləcək, düşünürəm. Üçüncüsü, xidmət keyfiyyəti yüksələcək. Yəni vahid standartların tətbiqi, rəqəmsal idarəetmə və nəzarət mexanizmləri xidmət səviyyəsini yüksəldəcək".









