“Bakı Metropoliteni”nin yenidən təşkili paytaxt nəqliyyatında nələri dəyişəcək? - Ekspertdən ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

“Bakı Metropoliteni”nin yenidən təşkili paytaxt nəqliyyatında nələri dəyişəcək? - Ekspertdən ŞƏRH

Qafar Ağayev16:53 - Bu gün
“Bakı Metropoliteni”nin yenidən təşkili paytaxt nəqliyyatında nələri dəyişəcək? - Ekspertdən ŞƏRH

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək.

Belə ki, sərəncama əsasən, “BakuBus” və “Bakı Taksi Xidməti” Bakı Metropoliteninə birləşdirilib, "Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkil edilməsi ilə bağlı səlahiyyət verilib.

Bəs bu sərəncamın əhəmiyyəti nədir? Paytaxtın nəqliyyat şəbəkəsində hansı yeniliklərə səbəb olacaq?

Mövzu ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu addım əslində mövcud institusional çərçivənin daha da təkmilləşdirilməsinə xidmət edir.

“Onsuz da bu təşkilatlar AZCON holdinqin tərkibində idi, indi AZCON holdinqin tərkibində də bir institusional sərnişin daşınmanın mərkəzləşməsi artıq təmin olundu. Dünyada da bu kimi nümunələr var. Məsələn, “Transport for London” və ya “Tbilisi Transport Company” kimi qurumlar fərqli nəqliyyat növlərinin əməliyyatını bir mərkəz üzərindən idarə edir. Bu da effektivliyi artırır, institusional bağlılığı gücləndirir, həmçinin qərarların qəbulunda risklərin minimallaşdırılması, optimal marşrutların yaradılması və sərnişin axınının düzgün paylanması baxımından önəmlidir”.

Rauf Ağamirzəyev

Ekspert qeyd edib ki, son illər Bakıda nəqliyyat planlaşdırılmasında tətbiq olunan rəqəmsal yanaşmalar da bu islahatlarla uzlaşır:

“Ümumilikdə şəhərdə son üç ildə layihələrin “rəqəmsal əkiz” üzərindən təmin olunması özü də müsbət qərardır. Bu yanaşma yeni layihələrin yalnız bir qovşaq səviyyəsində deyil, kompleks şəkildə – küçənin bütün hərəkət iştirakçıları üçün uyğunlaşdırılması prinsipi ilə hazırlanmasını nəzərdə tutur. Yəni, həm avtobus, həm mikromobillik, həm də simulyasiyalar əsasında sərnişin axınlarının təhlili aparılır və buna uyğun yeni metro xətlərinin çəkilməsi planlaşdırılır”.

R.Ağamirzəyevin fikrincə, nəqliyyatın planlaşdırılması ilə yanaşı, əməliyyatın da vahid mərkəzdən idarə olunması bu sistemi daha effektiv edəcək:

“Belə olan halda, əməliyyat hissəsinin də bir mərkəzdən idarə olunması – hazırda “Bakı Metropoliteni”, “BakuBus” və “Bakı Taksi Xidməti”ni əhatə etməklə, gələcəkdə isə tramvayın da əlavə olunması ilə – idarəetməni daha çevik edəcək və sərnişindaşımanın keyfiyyətli təşkilinə ciddi zəmin yaradacaq”.

Paylaş:
175

Son xəbərlər

Bütün xəbərlər