ANAMA Cəbrayıl rayonunda suvarma kanalının çəkiləcək ərazidə təmizləmə əməliyyatı aparıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA Cəbrayıl rayonunda suvarma kanalının çəkiləcək ərazidə təmizləmə əməliyyatı aparıb

23:37 - 30 / 11 / 2017
ANAMA Cəbrayıl rayonunda suvarma kanalının çəkiləcək ərazidə təmizləmə əməliyyatı aparıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) noyabrın 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan 1news.az-a bildiriblər ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 43 min 616 kvadratmetr ərazi tam təmizlənib, 22,4 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edib.

On dörd gün ərzində doqquz partlamamış hərbi sursat (bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, iki ədəd RQ-42 əl qumbarası, iki ədəd TM-62 minasının gücləndiricisi, üç ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və bir piyada əleyhinə mina (OZM-72) aşkarlanıb. Cəmi 393 min 146 kvadratmetr ərazi tam təmizlənib, 129,3 min kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 30-dək, ümumilikdə, 7528 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 5 milyon 275 min 788 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər