Bakıda 18, bölgələrdə 24 dərəcəyə qədər isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 19-na olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 15-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-8, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Babək Cahandarov